Rey Kərimoğlu: “Mehriban xanımın şəhid ailələrinə, döyüşçülərə münasibəti çox fərqlidir”
20-08-2019, 09:09

“Həm prezident İlham Əliyev, həm də Mehriban Əliyevanın bu xüsusda yanaşması təqdirəlayiqdir”
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ali Hərbi Məktəbin bir qrup məzunu ilə şəhidlərin əziz xatirəsini yad edib.
Bu barədə məlumat Mehriban Əliyevanın İnstaqram səhifəsində yer alıb:
“Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup məzunu ilə Vətənimiz naminə, Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsi naminə həyatından keçən şəhidlərin işıqlı xatirəsini yad etdim. Bu insanların qəhrəmanlığı qarşısında baş əyirəm. Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm. Onların şücaəti, onların adları Azərbaycan tarixinə və Azərbaycan xalqının qəlbinə əbədi olaraq həkk olunub. Allah rəhmət eləsin. Ulu Tanrı hər zaman Azərbaycanı qorusun!”, - deyə paylaşımda Birinci vitse-prezidentin fikirləri qeyd olunub.
“Yeni Müsavat”a danışan qazi jurnalist Rey Kərimoğlu bildirib ki, son zamanlar Mehriban Əliyevanın dəstəyi ilə şəhid və qazi ailələrinə xeyli kömək olunub:
“Mehriban xanımın şəhid ailələrinə, müharibə döyüşçülərinə münasibəti çox fərqlidir. İndiyə qədər dövlətin qanunvericiliyinin tələbləri çərçivəsində xeyli işlər görülüb. İstər maşınların verilməsi, istərsə də mənzillərin verilməsi sahəsində xeyli irəliləyiş var. Bu il həm veriləcək avtomobillərin, həm də mənzillərin sayında ötən illə müqayisədə artım böyükdür. Cənab prezident İlham Əliyevin sərəncamları, tapşırıq və tövsiyələri ilə bu göstərici ötən illərlə müqayisəyə gəlməz dərəcədədir. Bu il 800-dən artıq Qarabağ əlili və şəhid ailəsi evlə təmin olunacaq. Eyni zamanda 500-dən artıq Qarabağ əlilinə avtomobil veriləcək. Proses gedir və biz də orada iştirak edirik. Evlərin, maşınların verilməsi prosesinə döyüşçülərin təmsil olunduğu təşkilat rəhbərlərinin də cəlb edilməsi müsbət haldır. Bu, oradakı şəffaflığın da qorunmasına xidmət edir. Biz bütün bunları müsbət qiymətləndiririk. Həm ölkə prezidenti İlham Əliyev, həm də birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu xüsusda yanaşması təqdirəlayiqdir. Aprel döyüşləri zamanı bizim ordumuzun parlaq qələbəsindən sonra Mehriban xanımın da şəhid ailələrinə baş çəkməsi, əlillərə müasir, rahat ortopedik vasitələrin verilməsində onun rolu danılmazdır. Biz döyüşçülər baş verənlərin hamısını görürük və hər şeyin fərqindəyik. Bir məsələni də qeyd edim ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev də bu vəzifəyə təyin olunduqdan sonra Mehriban xanımın tapşırığı ilə xeyli işlər görülüb. Belə ki, uzun illər idi şəhid ailələri, Qarabağ əlillərinin ev məsələsi ilə bağlı problem var idi. Rövşən Rzayev gəldikdən sonra Mehriban xanımın tövsiyəsi ilə öncə Qarabağ əlillərinə, şəhid ailələrinə evlər verildi. Rzayev gəldikdən bu günə qədər ”Qaçqınkom" tərəfindən təxminən 400-ə yaxın Qarabağ əlili, şəhid ailəsinə mənzil verilib. Hər zaman Rövşən Rzayev bildirir ki, Mehriban xanım Qarabağ əlillərinə, şəhid ailəsinə önəm verir. Yəni söyləyir ki, bu, dövlətin tapşırığı, prioritetidir".
Kərimoğlu bəzi problemləri də dilə gətirib:
“Arzu edərdik ki, əlillərin problemləri ilə məşğul olmaqda borclu olan məmurlar da öz vəzifələrinin öhdəsindən gəlsinlər. Daha çox bu problemləri rayon icra hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyəti və eləcə də digər nazirliklərin səviyyəsində görürük. Arzu edərdik ki, bu adamlar cənab prezident İlham Əliyevdən, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan nümunə götürsünlər. Dəfələrlə prezident müşavirələrdə deyib ki, xalqın xidmətçisiyəm. Bütün məmurlara da özünü örnək kimi göstərib. Ancaq təəssüf ki, bəzi məmurlar bu məsələlərə laqeyd yanaşırlar. Bakının rayonlarından bizə hər gün xeyli sayda şikayət daxil olur. Qarabağ əlili 20-30 kvadrat torpaq istəyir ki, ticarətlə məşğul olsun, ancaq bunu vermirlər. Sonradan baxırsan ki, həmin yeri hansısa məmurun yaxınına, iş adamına veriblər. Atatürk parkında hazırda yenidənqurma işləri aparılır və o boyda parkda cəmi 1 nəfər Qarabağ qazisi işləyirdi. 1995-ci ildən həmin şəxs sərəncamla orada obyekt işlədirdi. Təmir zamanı obyekti sökdülər və dedilər ki, narahat olmayın, yenisini tikəcəyik. Oradakı obyektlərin hamısını bərpa ediblər, ancaq Qarabağ qazisi kənarda qalıb. Bu məsələ ilə bağlı biz də Bakı Şəhər İcra Hakimiyyətinə gedəcəyik. Çünki belə məsələlər bizi çox üzür. Sanki bu cür işləri qəsdən edirlər. Cənab prezident İlham Əliyevin, Mehriban xanım Əliyevanın davranışları bu adamlara örnək olmalıdır”.
Əli RAİS,
“Yeni Müsavat”