Ağ Evin təhlükəli PLANI
13-10-2019, 17:06

Türkiyənin Suriyada kürd silahlılarına qarşı hərbi əməliyyata başladığı bir zamanda dünyanın diqqəti həm də Ağ Evə dikilib.
Bu dəfə Prezident Donald Tramp kürdlərin ünvanına ittihamlarla yadda qalıb. Tramp kürdlərə 1944-cü il Normandiya hadisələrini xatırladıb. Tramp bunu jurnalistin "Siz kürdləri dəstəkləyirsinizmi?" sualına cavabında deyib.
Qeyd edib ki, kürdlər ABŞ-a İkinci Dünya Müharibəsində Normandiyada kömək etməyiblər: "Biz kürdlərə kömək üçün külli miqdarda pul xərcləmişik, bura döyüş sursatı, silah, pul daxildir. Bununla yanaşı, kürdlər bizim xoşumuza gəlir. Onlar öz torpaqları uğrunda mübarizə aparırlar. Ancaq onlar bizə İkinci Dünya Müharibəsində Normandiyada kömək etmədilər".
Tramp həmçinin qeyd edib ki, Normandiya ilə yanaşı, kürdlər Koreya və Vyetnam müharibələrində, o cümlədən Əfqanıstandakı hərbi əməliyyatlarda ABŞ-a kömək etməyib.
“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu hesab edir ki, ABŞ silahlı kürd qruplaşmalarından yalnız digər terror təşkilatlarına qarşı istifadə etməyib. PKK, YPG kimi təşkilatlar ABŞ-ın Yaxın Şərq siyasətinin həyata keçilməsində bir vasitə olub.
Ona görə də ekspert Trampın kürd yaraqlıları barədə dediyi fikirləri real saymır:
“Sevr” müqaviləsindən sonra Avropa, ardınca isə ABŞ kürd və erməni kartından istifadə edib. Bu mənada kürd yaraqlılarının Amerikanın ümidlərini doğrultmadığı üçün Vaşinqtonun da onlara dəstəyini geri çəkdiyini söyləmək düzgün deyil. ABŞ-ın PYD, YPG terror təşkilatlarına dəstəyini dayandırdığı inandırıcı görünmür. Burada söhbət müəyyən mənada kənara çəkilmək görüntüsü yaratmasından gedir. Məqsəd isə İran amilini zərərsizləşdirməkdir. Bu məsələdə isə Türkiyə mühüm rol oynaya bilər. Yəni burada başqa geosiyasi oyun gedir. ABŞ kürd yaraqlılarına dəstəyindən imtina etməyəcək. Siyasi, maliyyə, lojistik dəstək davam etdiriləcək. Çünki ABŞ-ın Yaxın Şərq siyasətində bu qruplaşmaların özünəməxsus yeri var. Bunu unutmaq olmaz. Sadəcə olaraq, hazırkı mərhələdə ABŞ müvəqqəti olaraq kənara çəkilib. Çünki kürd qruplaşmalarının əli ilə İranın Suriyadakı mövqelərini zəiflətmək mümkün olmadı. Hətta bundan əvvəl İrana qarşı hazırlanmış “Ərəb NATO-su”, Məhəmməd bin Salmanın Səudiyyə Ərəbistanında hakimiyyətə gətirilməsi kimi layihələr də effekt vermədi. Yəməndə husilərin Səudiyyə Ərəbistanına endirdiyi zərbələr bunu təsdiq etdi. Deməli, başqa plan işə salınmalı idi. Türkiyənin Suriyadakı hərbi əməliyyatlarına qarşı İranın etiraz etməsi də məhz bununla bağlıdır. Sual oluna bilər-PKK terrorundan əziyyət çəkən İran nəyə görə Türkiyənin hərbi əməliyyat keçirməsinə etiraz edir? Halbuki, həmin terrorçuların zərərsizləşdirilməsi İranın da maraqlarına cavab verir. Bu həm də Bəşər Əsədin mərkəzləşmiş hakimiyyətinin güclənməsinə kömək edə bilər. Həmin separatçı kürd yaraqlıları Əsəd rejiminə problem yaradır. Bəli, vaxtilə Suriya hakimiyyəti həmin terrorçulardan Türkiyəyə qarşı istifadə edib. Ancaq indi bu qruplaşmalar tamamilə ABŞ-ın nəzarətindədir. Bu isə Əsəd rejiminə və bölgədə möhkəmlənməyə çalışan İranın maraqlarına tərs mütənasibdir. Belə olduğu təqdirdə, İran nəyə görə etiraz edir? Çünki İran hansı oyunun qurulduğunu bilir. Bu oyunun nəticəsində İran Türkiyə ilə üz-üzə qalacaq. Yaxın Şərqdə çox mürəkkəb bir proses gedir”.