Qərb şirkətləri Xəzərdən niyə çıxır? - TƏHLİL
24-10-2019, 08:57

Enerji nəhənglərindən “Royal Dutch Shell” oktyabrın 21-də bəyan edib ki, “iqtisadi faktorlar səbəbi” ilə Qazaxıstandakı böyük neft və qaz layihəsindən çıxır.
Təhlilçilər bildirirlər ki, “Shell” şirkətinin ölkənin ən böyük neft yatağı olan Kaşaqana yaxın Xəzər dəniz layihəsindən çıxması Qazaxıstanın iqtisadiyyatına zərbə sayıla bilər. Qazaxıstanın dövlət neft şirkəti “KazMunayGaz” bildirir ki, “Shell” Qazaxıstanı “kapital xərclərin yüksəkliyinə görə mənfəətliyin aşağı olması” səbəbi ilə layihəni tərk edəcəyi barədə əvvəlcədən xəbərdar etmişdi.
“Shell” Qazaxıstan layihəsindən çıxması barədə yaydığı bəyanatla bildirilir ki, bu qərarın qətiləşməsinə “sərt investisiya kriteriyaları” təkan verib: "Bu layihə “Shell” şirkətinin qlobal portfelindəki başqa imkanlarla müqayisədə kifayət qədər rəqabətli deyildi”. “KazMunayGaz” bildirib ki, neft nəhəngi 40 milyon ton neft və 10 milyard kubmetr qaz ehtiyatına malik olduğu təxmin edilən yatağa 900 milyon dollar investisiya yatırmışdı. Dövlət şirkətinin məlumatına görə indi bu layihə “heç bir xərc tələb olunmadan” respublikaya veriləcək.
O da deyilir ki, “KazMunayGaz”, “Shell” və daha beş şirkətin iştirak etdiyi başqa bir yataq - Kalamkas üzrə layihənin icrası da təxirə salınır. “Shell” Kaşaqan yatağı layihəsində iştirakını davam etdirəcək. Xəzərin şimalında yerləşən bu yataq son 40 ilin ən iri neft tapıntısıdır. Kaşaqan yatağının inkişaf etdirilməsi bir sıra ləngimələrlə əngəllənib və ona artıq 50 milyard dollar xərclənib. “Shell” və “KazMunayGaz” Kaşaqan yatağını inkişaf etdirən konsorsiumun üzvləridir. Bu konsorsiuma habelə İtaliyanın “Eni”, ABŞ-ın “ExxonMobil”, Fransanın “Total S.A.”, Çinin “National Petroleum Corporation” və Yaponiyanın “Inpex” şirkətləri daxildir. Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın "Chevron" şirkətinin Azərbaycandakı neft yatağındakı payının 2 milyard dollardan baha qiymətə alınması barədə danışıqlar aparması barədə məlumat yayılmışdı. Hələ 2018-ci ildə “Chevron” korporasiyası “Exxon Mobil” şirkətindən sonra Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinə dair layihədəki payını satmağa hazırlaşırdı. Məlumata görə, “Exxon Mobil” şirkətinin həmin layihədəki 6.8 faizlik payını 2 milyard dollara satmaq planları ilə bağlı konsorsiumdakı digər Amerika şirkəti “Chevron”dan şərh almağa çalışıb. Bu şirkətdən deyiblər ki, onlar özləri də konsorsiumdakı 9.6 faizlik paylarını satmağı planlaşdırırlar. Görünən odur ki, Qərb şirkətləri Xəzər regionunu tərk edir. Ehtimal olunur ki, Orta Asiyada maraqların azalmasının səbəbi Xəzərin rentabelliliyinin itməsi, eyni zamanda əlverişsiz bazar sayılmasıdır.
Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət” qəzetinə açıqlamasında Xəzərin rentabelliliyinin itməsi barədə fikirlərlə razılaşmayıb. O bildirib ki, dünyanın enerji balansında neft özünün əhəmiyyətli yerini qoruyub saxlayacaq:
“Bu baxımdan dünyanın enerji balansında yaxın 20-30 ildə neft əsas elementlərdən biri olacaq. 1993-cü ildən bəri Azərbaycanın aktivində olan neft yataqlarına 743 milyon tondan çox neft hasil olunub. 500 min tondan çox neft xarici bazarlara çıxarılıb. Demək olmaz ki, Xəzər regionuna maraq da yoxdur. “Shell”in Kaşaqan yatağından və yaxud da Xəzər dənizindəki hər hansı bir enerji layihəsindən imtina etməsi şirkətin daxili işidir. Görünür, onlar daha sərfəli layihələrə investisiya qoymağı düşünürlər. Bu yaxınlarında “Şhell” və “Exxson Mobil” şirkətləri Braziliyanın ofşor zonasında 4 yatağın işlənməsi ilə bağlı tender layihəyə qoşulmaları ilə bağlı rəsmi müraciət etdilər. Əgər bu şirkətlər həmin 4 yatağın istifadəsi və işlənməsi ilə bağlı tenderin qalibi olsalar, o zaman “Şhell” və ya “Exxson Mobil” Braziliya hökumətini təmsil edən “Petrobras” şirkətinə təxminən 15 milyard dollar lisenziya haqqı ödəyəcəklər. Digər ödənişlər də təxminən 25 milyard dolardan yuxarıdır. Yəni Braziliyanın 4 neft yatağının işlənməsi üçün ilk mərhələdə təxminən 50 milyard dollar vəsait sərf olunacaq. Bu baxımdan tenderə qoşulan hər hansı bir enerji şirkəti üçün istənilən layihə kommersiya cəhətdən sərfəlidirsə, oraya investisiya qoyurlar. 2016-cı ildə İrana tətbiq olunan sanksiyalar aradan qaldırılandan sonra bu ölkənin neft-qaz sektoruna ilk investisiya qoyan şirkətlərdən biri “Total” oldu. “Total” İranın Fars körfəzindəki "Cənubi Pars" yatağına 170 milyon dollardan çox investisiya yatırdı. ABŞ birtərəfli qaydada nüvə sazişindən imtina edəndən sonra “Total” 170 milyon dollarlıq investisiyasını İranda qoydu və məcbur həmin layihədən geri çəkildi. Bu o deməkdir ki, şirkətlər hansı sahədə daha əlverişli kommersiya şərtləri daxilində işlər varsa, ora maraq göstərirlər”. Analitikin sözlərinə görə, Xəzər regionunun əhəmiyyəti heç də Fars körfəzindən az deyil: “Çünki bu regionda Rusiya, İran, Qazaxıstan, Mərkəzi Asiya ölkələri və Azərbaycan kimi dünyanın aparıcı enerji oyunçuları yerləşir. Bundan əlavə, Xəzər regionunda kifayət qədər karbohidrogen ehtiyatları var. Amma Kaşaqan yatağı uzun müddət özünü doğurda bilmədi. Yəni kəşfiyyat işlərinin aparılması, kommersiya hasilatına nail olunması ilə bağlı həmin konsorsiumda təmsil olunan şirkətlər uzun müddət gözlədilər. Çünki neftin alınması ilə bağlı ilkin mərhələdə yataqda çox böyük texniki nasazlıqlar müşahidə olundu. Buna görə də yataq vaxtında gözləntiləri doğrulda bilmədi. Kaşaqan yatağına nəzərdə tutulandan iki dəfə çox investisiya həcmləri yönəldildi. Ola bilər ki, “Shell” bu baxımdan Kaşaqan yatağındakı fəaliyyətini dayandırır. Hələlik Kaşaqan yatağında stabil neft hasilatına nail olunmayıb. Yaxınlarda Kaşaqan yatağında qrafikdən kənar hasilat həcmlərinin azalması müşahidə olundu. Halbuki 1 ay bundan əvvəl bu yatağın sutkalıq hasilat həcmi 360 min barel idi. Hazırda yatağın sutkalıq hasilat həcmi 250 min barel civarına düşüb. Çünki yataqdakı kompressor stansiyalarının birində texniki nasazlıq müşahidə olundu. Çox güman ki, “Shell” bütün bu riskləri nəzərə alıb layihədən imtina edir. Qazaxıstan siyasi cəhətdən sabit bir dövlətdir. Əgər Qazaxıstan İran, İraq kimi qaynar bir regionda yerləşsəydi, o zaman bu fikirlərlə razılaşmaq olardı. Adətən, transmilli şirkətlər o dövlətlərə investisiya qoyur ki, orada ictimai-siyasi sabitlik var, qanunun aliliyi mövcuddur, yəni xarici investisiya dövlət tərəfindən qarant altında olur. Bu nüanslar hələ ki, Qazaxıstanda mövcuddur”.