"Xüsusi xidmət orqanları və polis Əli Kərimlini təhlükəsiz bir yerdə qorumalıdır" - Rauf Arifoğlu
30-10-2019, 10:57
“Əli Kərimlinin danışdıqlarında ziddiyyətlər var. Lakin dediklərinin az qismi də doğrudursa, Əli Kərimlinin o meydanda döyülməsini təxribat hesab edirəm. Bu, Azərbaycan Respublikasına qarşı çox ciddi bir təxribatdır. Əgər Əli Kərimlinin iddiaları doğrudursa, onu doğurdan da avtobusda amansızcasına döyüblərsə, bu məsələ ciddi araşdırılmalıdır, günahkarlar cəzalandırılmalıdır”.
Bunu BakuPost-a müsahibəsində “Yeni Müsavat” Media Qrupun rəhbəri Rauf Arifoğlu deyib.
Onun fikrincə, Azərbaycan dövlətinə qarşı olan təxribatçı qüvvələr təfəfinfən Əli Kərimlininın öldürülmə ehtimalı da ola bilərdi: “Onu orada öldürə də bilərdilər... Təsəvvür edirsiz, bunun nəticələrini? Əli Kərimlini öldürürlər və suçu da atırlar dövlətə! Belə olan halda, islahat kursu başlatmış və həm müxalifətdən, həm də iqtidardan müqavimətlə rastlaşan prezident İlham Əliyevin düşdüyü vəziyyət necə olardı? Şantaj və ittihamlar, təxribatlar daha da böyüyər, sabitajçılara revanş imkanları yaranardı.
Bundan sonra hesab edirəm ki, xüsusi xidmət orqanları və polis yenidən küçəyə çıxacağı təqdirdə Əli Kərimlini ən mədəni üsulla dərhal alıb, təhlükəsiz bir yerdə qorumalıdır”.