İlham Əliyev Məhəmməd Əmin Rəsulzadə haqqında – SƏRƏNCAM – ÇIXIŞ

1-12-2015, 22:16           
İlham Əliyev Məhəmməd Əmin Rəsulzadə haqqında – SƏRƏNCAM – ÇIXIŞ
Bu gün musavat.com saytı Gəncədən seçilən yeni deputat Naqif Həmzəyevin Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə haqqında işlətdiyi təhqiramiz ifadələri dərc edib.
Millət vəkili M.Ə.Rəsulzadəni satqın adlandırıb.
Bunun qarşılığında M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə deputatı məhkəməyə verəcəyini deyib.
Deputatın sözlərinə sosial şəbəkələrdə kəskin reaksiya verilib. İstifadəçilər deputata cavab olaraq Azərbaycan Prezidenti İlham Əliyevin 22 noyabr 2013-cü ildə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamının mətnini təkrar olaraq dərc ediblər.
Dövlət başçısnın sərəncamını təqdim edirik və hörmətli millət vəkilinə Prezident İlham Əliyevin imzaladığı sənəddə Məhəmməd Əmin Rəsulzadə haqqında yazılan ifadələri diqqətlə oxumağı tövsiyə edirik:
“2014-cü ilin yanvar ayında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur.
Xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin
keçirilməsini təmin etmək məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.(gun.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.