Azərbaycanda xüsusi karantin rejimi fövqəladə vəziyyətlə əvəzlənə bilərmi - hüquqşünas rəyi

11-04-2020, 09:48           
Azərbaycanda xüsusi karantin rejimi fövqəladə vəziyyətlə əvəzlənə bilərmi - hüquqşünas rəyi
Natiq Ələsgərov: “Fövqəladə vəziyyətin tətbiq edilməsində məqsəd onun tətbiq edilməsinə səbəb olmuş şəraitin tezliklə aradan qaldırılmasıdır”

Koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərə tam şəkildə əməl olunmur. Ən müxtəlif bəhanələrlə xüsusi karantin rejimi pozulur. Daxili İşlər Nazirliyi hər gün xüsusi karantin rejiminin pozulması ilə əlaqədar cərimələnən, saxlanılan şəxslərin sayını açıqlayır. Belə şəxslərin sayı 3-5 nəfər deyil, minlərlədir. Məsələn, aprelin 7-də xüsusi karantin rejimini pozduqlarına görə 9 nəfər inzibati qaydada həbs edilib, 5 min 73 nəfər inzibati cərimə olunub. Aprelin 8-də xüsusi karantin rejimini pozduqlarına görə 6 nəfər inzibati qaydada həbs edilib, 3 min 800 nəfər inzibati cərimə olunub. 1 nəfərə isə xəbərdarlıq olunub. Belə bir vəziyyətdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah hər gün koronavirus infeksiyasına yoluxmuş şəxslərin sayını açıqlayır.

Gedişat onu deməyə əsas verir ki, ağır müalicə olunan infeksiyaya yoluxanların sayı hər ötən gün artır. Aprelin 9-na olan məlumata görə respublika ərazisində 926 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 101 nəfəri müalicə olunaraq sağalıb, 9 nəfər vəfat edib, 816 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 57371 test aparılıb. Statistik məlumatlardan da aydın olur ki, infeksiya sürəkli şəkildə yayılmaqdadır. 10-15 gün əvvəl isə vəziyyət bir qədər fərqli idi, yoluxanların sayı hər gün üçün 10-20 nəfərlə məhdudlaşırdı. Belə bir vəziyyətdə fövqəladə vəziyyət tərəfdarları çoxalır. Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik edərkən “...istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər” demişdi.

Prezident bu xəstəliyin “nəyə gətirib çıxaracağının bilinmədiyini”, fövqəladə vəziyyətin elan olunmasının istisna olunmadığını vurğulamışdı. İlham Əliyev koronavirusla bağlı yaşlılara "xüsusi diqqət göstərilməli" olduğunu söyləmişdi: “Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçündür. Ona görə də xahiş edirəm ki, hər bir vətəndaş öz məsuliyyətini dərk etsin və yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir. Çünki bu xəstəliklə bağlı ən ağır fəsadlar məhz yaşlı nəslin nümayəndələrində müşahidə olunur”.

Prezident bildirmişdi ki, əsas məqsəd “bu xəstəliyin Azərbaycanda yayılmamasıdır”, buna nail olmaq üçün isə, “təkcə dövlət tərəfindən görülən tədbirlər kifayət deyil. Mən bəri başdan hər kəsi xəbərdar etmək istəyirəm, ciddi tədbirlər görüləcək. Çünki bu, milli məsələdir, xalqımızın sağlamlığıdır, dövlətimizin təhlükəsizliyidir. Hər kəs bilsin, əgər martın 14-də elan olunmuş qaydalara kimsə əməl etməsə, çox ciddi məsuliyyətə cəlb ediləcək”.

Gedişat bədbin proqnozların gerçəkləşməsi istiqamətindədir və fövqəladə vəziyyət rejiminin tətbiqi qaçılmaz görünür. Amma bir məsələ var: fövqəladə vəziyyət rejimi elan olunsa, bu, insanların səhər saat 6-dan, gecə 12-yə qədər hərəkətinə sərbəst imkan verir. Hökumət fövqəladə vəziyyət rejiminə keçməməsni bununla əlaqələndirənlər də az deyil. Bəs fövqəladə vəziyyət rejimi qanunvericiliklə necə tənzimlənir? Məhdudiyyət saatını dəyişmək olarmı?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”ın suallarını cavablandırarkən deyib ki, Azərbaycan Konstitusiyasına görə prezident təbii fəlakətlər, epidemiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, Respublikanın ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə ölkə ərazisinin ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir.

Bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verilir. Epidemiya nəinki Azərbyacanda, bütün dünyada yayılıb və konstitusiya fövqəladə vəziyyət rejimi tətbiqinə imkan verir: “Fövqəladə vəziyyətin saatları məsələsi də müzakirə oluna bilər. Fövqəladə vəziyyətin tətbiq edilməsində məqsəd onun tətbiq edilməsinə səbəb olmuş şəraitin tezliklə aradan qaldırılmasıdır. Vətəndaşların, müvafiq icra hakimiyyəti orqanları və yerli özünüidarə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin normal fəaliyyət göstərməsi üçün şərait yaradılması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun müdafiəsidir. Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində tətbiq edilən fövqəladə vəziyyətin qüvvədə olma müddəti 60 gündən artıq ola bilməz”.

Natiq Ələsgərov deyib ki, fövqəladə vəziyyət rejimi zamanı vətəndaşların hərəkət sərbəstliyinə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu və ya digər əraziyə daxil olmalarına və orada yaşamalarına məhdudiyyətlər qoyulması, gediş-gəlişi nizama salan xüsusi rejimin müəyyən edilməsi;

ictimai asayişin, dövlət mühafizəsi altında olan obyektlərin, habelə əhalinin həyat fəaliyyətini və nəqliyyatın işini təmin edən obyektlərin mühafizəsinin gücləndirilməsi;

ayrı-ayrı maliyyə-iqtisadi fəaliyyət növlərinin həyata keçirilməsinə, o cümlədən malların, xidmətlərin və maliyyə vəsaitlərinin yerdəyişməsinə məhdudiyyətlər qoyulması;

gündəlik tələbat mallarının və ərzağın əldə olunmasında, satışında və bölüşdürülməsində xüsusi rejimin müəyyən edilməsi;

yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri və piketlər, eləcə də digər kütləvi tədbirlərin keçirilməsinə qadağan və ya məhdudiyyət qoyulması;

Karantin və ya komendant saatınım tətbiqi və s”.

Natiq Ələsgərov fövqəladə vəziyyət rejimi pozulduğu halda tətbiq olunan inzibati tənbeh tədbirlərini də sadalayıb: “Fiziki şəxslər 40 manatdan 80 manatadək məbləğdə cərimə edilir. Yaxud işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə 15 günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 350 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2 min 500 manatadək məbləğdə cərimə edilirlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.