Avropadan Azərbaycana "daş atanlar": Stəkanda yox, nəlbəkidə "fırtına" yaratmaq cəhdi - TƏHLİL

11-04-2020, 12:03           
 Avropadan Azərbaycana "daş atanlar":
Avropada oturub Azərbaycana “daş atanlar” sadəcə xalqın heysiyyatı ilə oynamaq, stəkanda yox, nəlbəkidə "fırtına" yaratmaq cəhdində bulunanlardır.

Azərbaycan Prezidentin və Birinci vitse-prezidentin rəhbərliyi ilə koronavirus pandemiyası ilə mübarizədə onların məskunlaşdığı Avropadan daha çevik və güclü mübarizə metodları tətbiq etməklə, virusun geniş vüsətlənməsini önləyə bilir.

Təbii ki, xüsusi karantin rejimindən narazı olanlar da, bu prosesi başqa adla təqdim etmək istəyənlər də olacaq və necə ki, var. Amma xalqın taleyi olan yerdə bir-iki nəfərin nə dediyi və ya kiməsə, harasa nəsə ötürməsi önəmli deyil. Öndə xalqın marağı və sağlamlığıdır. Hər kəsə məlumdur ki, bütün dünya 100 gündən çoxdur koronavirus pandemiyasına qarşı mübarizə aparır. Pandemiyanın başladığı Çin, COVİD-19-a qəfil yaxalanmış İran, İspaniya, İtaliya, Almaniya, İngiltərədə vəziyyət gərgindir.

Profilaktika uğurun əsasıdır

Əhalinin yaşayış səviyyəsinə, ÜDM-ə görə öndə olan, ən inkişaf etmiş ölkələr sırasındakı, səhiyyəsi üst səviyyədə sayılan ölkələr COVİD-19-un qarşısında aciz qalıb. Səbəblər sırasında bir çox amillərin adı çəkilir. O cümlədən, zamanında görülməyən profilaktik tədbirlər də bu sıraya aid edilir. Məhz profilaktik tədbirlərin gecikməsi virusun ölkələr boyu geniş yayılmasına təkan verib və bu, rəsmi səviyyələrdə də etiraf olunur. Azərbaycan bu sahədə bir çox ölkəyə nümunə olacaq fəaliyyət ortaya qoyub. Prezident İlham Əliyev, Birici vitse-prezident Mehriban Əliyevanın birbaşa nəzarəti altında ölkəmizdə həyata keçirilən tədbirlər ortaya uğurlu bir nümunə qoyulmasını şərtləndirib.

Belə zamanda da “həmişə tənqid etdiyini” bəyan edən bəzi kəslərin məsələlərə baxışı, ancaq və ancaq qarayaxma kampaniyasına cəhdi fürsətcillikdən başqa bir şey deyil. Söhbət xaricdə oturub Azərbaycan adlı köklü ağacın budaqlarına daş atanlardan gedir. Həmin şəxslərin yaşadıqları ölkələrdə koronavirusla mübarizədə görülən tədbirlərin insan tələfatını azaltmağa yetərli olmadığı halda belə, bu tədbirlərə daha əvvəldən başlamış və məhz buna görə də ölüm faizinin yüksək olmadığı Azərbaycana “virtual dərs” verməyə də cəhdlər olur. Halbuki, Ümumdünya Səhiyyə Təşkilatı səviyyəsində dəfələrlə bəyan edilib ki, Azərbaycan koronavirusla mübarizədə təqdiredici addımlar atıb. ÜST-nin Baş direktoru Tedros Qebreyesusun İlham Əliyevə ünvanladığı müraciətdə Azərbaycanın COVID-19-a qarşı mübarizədə ilk günlərdən təşkilatla əməkdaşlıq etdiyi vurğulanıb. ÜST missiyasının hazırladığı hesabatda öz əksini tapmış tövsiyələr Azərbaycanda daha əvvəldən tətbiq edilib.

Effektiv mübarizə üçün hər şey

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, sərhədlərin bağlanması, məktəblər, uşaq bağçaları, universitetlərin fəaliyyətini dayandırması, məhdudlaşdırıcı qaydalardan sonra karantin rejiminin tətbiqi, 15 minə yaxın Azərbaycan vətəndaşının xaricdən təxliyə edilərək karantinə yerləşdirilməsi, xüsusiləşmiş xəstəxanaların ayrılması, hələ martın 19-da 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat ayrılması mübarizə tədbirlərinin effektivliyinə zəmin yaradıb. Yanvar ayında dövlət başçısı tərəfindən ərzaq tədarükü və təchizatının davamlı olmasıyla bağlı zəruri tapşırıqlar verilib. Bunun nəticəsində Azərbaycanda 3 aylıq ərzaq ehtiyatı yaradılıb. Hökumətdən verilən məlumata görə, hətta 6 ay müddətində özümüzü sığortalamış vəziyyətdəyik. Ancaq dövlətin bu istiqamətdəki tədbirləri bununla yekunlaşmayıb. Koronavirusla Mübarizəyə Dəstək Fondunun təsisi, Prezidentin, Birinci vitse-prezidentin bir illk maaşını həmin quruma köçürərək şəxsi nümunə göstərməsi, elə həmin gün Prezidentin Ehtiyat Fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılması mübarizənin əhatəliliyinə imkan verib. Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə zamanında verilən qərarla Azərbaycana bir gecədə 200 süni tənəffüs aparatı gətirilib. Ölkəyə idxal edilən steril və qeyri-steril əlcəklər, tibbi maskalar və respiratorların idxalı əlavə dəyər vergisindən azad olunub.

Koronavirus xəstələrinin müalicəsi məqsədilə “Yeni klinika” istifadəyə verilib. 575 çarpayılıq tibb ocağında cərrahiyyə, terapiya, təcili tibbi yardım, poliklinika, ürək və damar cərrahiyyəsi, neyrocərrahiyyə, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Xəstəxanada 1500-dən artıq həkim və tibbi heyət çalışacaq. Hazırda vəziyyəti ağır olan koronavirus xəstələri məhz burada müalicə olunur. Aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi açılıb. Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyatı dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail olub. İstehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edib. Müəssisədə birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal edilir. Bundan başqa, Prezident İlham Əliyev koronavirus pandemiyasına qarşı Azərbaycanda həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün Ehtiyat Fonddan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılması barədə sərəncam verib. Dövlət başçısının “Mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması məqsədilə 14,8 milyon manat ayrılıb. Görülən bu tədbirlər nəticəsində Azərbaycanda gün ərzində 5 minə yaxın test edilməsinə hazırlıq gedir.

Əhalinin sosial müdafiəsi dövlət üçün əsasdır

Pandemiya ilə mübarizə aparıldığı bir zamanda ölkənin iqtisadi dayanıqlığının qorunması məqsədilə iqtisadi dəstək və sosial müdafiə proqramları elan olunub. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 44 min sahibkarlıq subyektində çalışan 304 min muzdlu işçinin əməkhaqlarının ödənilməsi üçün birbaşa maliyyə dəstəyi, 292 min fərdi mikrobiznes subyektinə və fərdi sahibkarlara maliyyə dəstəyi, vergi güzəştləri, imtiyazları, yeni verilən bank kreditləri üzrə kredit zəmanəti dəstəyi üçün 500 milyon manatlıq proqram, əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi, kommunal ödənişlərə, ilk növbədə, elektrik enerjisindən isitfadəyə mövsümü dəstək bura daxildir. 2.5 milyard manatlıq proqram 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edəcək. Bu isə pandemiyanın zərərlərinin maksimum azaldılmasına şərait yaradacaq. Amma təbii ki, bunlar da son deyil. Ölkə başçısının da çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, dövlət üzərinə düşən bütün zəruri tədbirləri bundan sonra da görəcək və xalqın dəstəyi vəziyyətdən minimum ziyanla çıxmağa imkan yaradacaq.

Ağa qara deyənlər və ya gördüyünü danmaq “mübarizəsi”

Təbii, iddia etmək fikrində deyilik ki, hər şey yolundadır və ya hər hansı bir problem yoxdur. Xüsusən bu problem işləməyən əhaliyə yardım məsələsində daha çox yaşandı. İstər qeydiyyat, istər yanaşma məsələsində. Amma nəzərə alsaq ki, bu, dövlət yox, hökumətin bəzi ayrı-ayrı üzvləri tərəfindən yarımçıq görülən işlərlə bağlı idi, həmin problemlər də aradan qaldırılır. Yardım veriləcək işsizlərin say tərkibi ilə bağlı müzakirələr ilkin olaraq mübahisə predmeti oldu, lakin sonradan bu məsələ müəyyən mənada həllini tapdı. Artıq yardım alacaq əhalinin say tərkibi dəyişib, sosial ödəmələrlə bağlı yeni yanaşma ortaya qoyulub və bu, daha çox insanın əhatə olunması deməkdir. İnanırıq ki, bu hələ son deyil və eyni kateqoriyadan olan daha çox insan bu proqram vasitəsilə əhatə olunacaq.

Əhalinin işləməyən qisminə 190 manat həcmində aylıq (bu yardımın 2 ay verilməsi nəzərdə tutulur) sosial yardımların verilməsi planlaşdırılıb və artıq ödəmələrə başlanılır. Belə olan halda “Azərbaycanda koronavirusla mübarizədə heç bir iş görülmür” demək ən azı gördüyün ağ rəngi danmaqdır. Avropada oturub, ən sərt karantin tələbləri altında yaşamağa məhkum olan bəzi soydaşlarımızın pandemiyaya qarşı daha çevik mübarizə aparan Azərbaycanı bu şəkildə və insafsızcasına tənqid etməsi təəssüf doğurur. Axı, reallıq və görülən tədbirlər bunun əksini deyir. Neftin qiymətinin 2 dəfədən çox düşməsinə rəğmən, dövlət büdcəsində axsamaların olmaması, pensiya təminatı və ya digər sosial qruplara daxil olan şəxslər üçün nəzərdə tutulan xərclərin vaxtında ödənilməsi göstərir ki, Azərbaycan dövlət olaraq, bu problemləri zamanında qarşılamaq gücündədir.

Cebhe.info Analitik Qrupu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.