Parlamentin yenidən çağrılmasına ZƏRURƏT NƏDİR? - AÇIQLAMA
3-07-2020, 17:25

Milli Məclisin yenidən növbədənkənar sessiyasını keçirməyə hazırlaşdığı barədə xəbər yayılıb. Musavat.com “Report”a istinadən xəbər verir ki, parlamentin bir qrup deputatı növbədənkənar sessiyanın çağrılması təşəbbüsü ilə çıxış edib. Qeyd olunub ki, sessiya onların müraciəti əsasında çağrıla bilər.
Milli Məclisin yaz sessiyası başa çatdıqdan sonra parlamentarların müraciəti əsasında keçirilən növbədənkənar sessiya da 30 iyunda yekunlaşdı. Son iclasda spiker Sahibə Qafarova gündəlikdəki məsələlərə baxıldığını bildirdi və deputatlara səmərəli fəaliyyətə görə təşəkkür etdi. Bu mənada yenidən növbədənkənar sessiyanın çağırılması maraq doğurur.
Deputat Fazil Mustafa sorğumuza cavab olaraq bildirib ki, məsələdən xəbərsizdir.
Milli Məclisin komitə sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov isə Musavat.com-a bunları bildirib: “Əslində indiki durumda parlament dayanmamalıdır. Daxili Nizamnaməyə görə, hazırda bizdə tətildir. Amma tətil ola bilməz. Çünki koronavirus və digər məsələlərlə əlaqədar elə bir məsələ ortaya çıxa bilər ki, parlamentin qərarına ehtiyac yaranar.
Tutaq ki, fövqəladə vəziyyətin tətbiq olunması ilə bağlı. Çünki fövqəladə vəziyyətin tətbiqi ilə bağlı parlament qərar qəbul etməlidir”.
Deputatların yenidən toplaşmaq üçün müraciət etməsi o deməkdirmi ki, koronavirus pandemiyası ilə əlaqədar ölkədə fövqəladə vəziyyətin elan olunması gözlənilir?
S. Novruzov: “Yox, mən ümumiyyətlə deyirəm. Məsəlçün...”
YAP funksioneri növbədənkənar sessiya çağırılmasının konstitusiyaya dəyişikliklər və digər məsələlərlə bağlı olmadığını da əminliklə vurğulayıb: “Sadəcə olaraq müddət uzadılır, vəssalam”.
Modern.az saytının əldə etdiyi məlumata görə, parlamentin 42-dən çox deputatı növbədənkənar sessiyanın çağrılması təşəbbüsü ilə Milli Məclis rəhbərliyinə müraciət edib.
Müraciətin əsas məqsədi 2020-ci ilin dövlət büdcəsinə ediləcək əlavə və dəyişikliklərlə bağlıdır.
Sessiyanın növbəti həftələrdə keçirilməsi nəzərdə tutulur.
Musavat.com