“Hər şey Sumqayıtdan yox, I Pyotrdan başladı” - Tarixçi alimdən Putinə cavab
18-12-2020, 17:52

“Hər şey Sumqayıt hadisələrindən başlandı”.
Rusiya Prezidenti növbəti dəfəli birtərəfli və qərəzli hesab oluna biləcək bu açıqlama ilə çıxış etdi. Xatırladaq ki, Vladimir Putin bu yöndə açıqlamasına, yəni Qarabağ münaqişəsinin başlanmasında Azərbaycanı ittiham edəcək bəyanatla çıxış etməsi ilk dəfə deyil.
Qarabağ münaqişəsinin başlanma tarixi isə uzaq tarixə təsadüf emir. Bu acı tarixin canlı şahidi isə təcavüzə məruz qalmış, köçkün düşmüş, yaraları hələ də sızlamaqda olan xalqımızdır. Hər şeyin Sumqayıtdan başlandığını deyən Rusiya Prezidenti işğaldan azad olunmuş rayonlarımızın xarabalığa çevrilmiş halına, bunların hansı tərəfin ərazisində olduğuna göz yuma bilər, amma tarix heş nəyi unutmur.
AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhrəmov Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiya Prezidentinin açıqlaması doğru deyil:
“Ona verilən məlumat yalandır. Çünki Sumqayıt hadisələrindən əvvəl, 1918-ci ildən etibarən indiyədək ermənilər tərəfindən Azərbaycana qarşı mütəmadi təxribatlar törədilib. Bu məsələlər tarixçilər tərəfindən tədqiq olunub. Rusiya Prezidentinin bu ifadəsi ona verilən yanlış məlumatın nəticəsidir. Bunları dəqiqləşdirsə, yaxşı olar. Rusiya mətbuatında, o cümlədən də “Nezavisimaya qazeta”da da bu məsələlər dəfələrlə qeyd olunub. Nazirlər Kabinetinin mətbuat katibi, tarix üzrə fəlsəfə doktoru İbrahim Məmmədovun Sumqayıt hadisələri ilə bağlı dissertasiyası var”.
“Əslində hər şey nədən başladı?” sualına cabında isə tarixçi alim bildirib ki, hər şey çar Rusiyasının Azərbaycan ərazilərini işğalından sonra ermənilərin bura köçürməsindən başlanıb:
“Köçürmələr zamanı Rusiya məmurları – Qriboyedovdan tutmuş digərləri xəbərdarlıq edirdilər ki, bunlar xəyanət edəcəklər. Əslinə baxsaq, ermənilərin köçürülməsi tapşırığı I Pyotr tərəfindən 18-ci əsrin əvvəlində verilmişdi. Söhbət 1724-cü ilin oktyabrında onun imzaladığı fərmandan gedir. Bundan sonra 1801-ci ildən başlayaraq 1828-ci ilə qədər Şimali Azərbaycan torpaqları işğal ediləndən sonra erməniləri kütləvi sürətdə Azərbaycan torpaqlarına köçürdülər. Hər şey onların burada yerləşdirilməsindən sonra başladı”.