3 milyarddan çox vergi borcu - İqtisadiyyat Nazirimiz görəsən nə ilə məşğuldur?
Bu gün, 11:18

Bu il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda vergi ödəyicilərinin dövlət büdcəsinə borcu 3 milyard 120,4 milyon manat təşkil edib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% çoxdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı açıqlamada bildirilir ki, 2024-cü il ərzində ümumilikdə 431,4 milyon manat vəsait geri qaytarılıb.
Bu göstəricilər ölkə iqtisadiyyatı üçün mühüm siqnaldır. Çünki dövlət büdcəsinə toplanmalı olan vergi vəsaitlərinin ödənilməməsi həm sosial proqramların, həm də iqtisadi inkişaf layihələrinin maliyyələşdirilməsinə ciddi təsir göstərir.
Böyük rəqəmin arxasında nələr dayanır?
Maraqlı sual yaranır, dövlət büdcəsinə bu qədər böyük həcmdə borcun yaranmasına səbəb nədir? Uzun müddətdir ölkə mətbuatında əsasən gömrükdə fəaliyyət göstərən qanunsuz şirkətlər, onların vergidən yayınması, həmçinin sadə insanların adına açılan saxta şirkətlər barədə məlumatlar dərc olunur.
Belə hallarda vətəndaşların xəbəri olmadan onların adına şirkət qeydiyyata alınır və həmin şirkətlərin üzərinə yüz minlərlə manatlıq vergi borcu yığılır. Nəticədə, real sahibkarlar yox, kağız üzərində yaradılmış, əslində isə kimlərinsə maraqlarına xidmət edən qurumlar büdcəyə milyardlarla manatlıq yük gətirir.
Qanunsuz sxemlərə qarşı nəzarət niyə zəifdir?
Məsələnin diqqət çəkən tərəfi odur ki, borcun əsas hissəsinin məhz belə qanunsuz şirkətlər vasitəsilə formalaşması ehtimalı böyükdür. Bu isə bir daha göstərir ki, aidiyyəti dövlət qurumları, xüsusən də idxal-ixrac proseslərinə cavabdeh strukturlar, nəzarət mexanizmlərini gücləndirməlidir.
Əks halda, dövlət büdcəsi hər il milyardlarla manatlıq itkiyə məruz qalacaq, məsuliyyət isə cəmiyyətin üzərinə yüklənəcək.
Vergi borclarının 3 milyardı keçməsi təkcə statistik rəqəm deyil, bu, həm iqtisadi idarəetmədə, həm də nəzarət mexanizmlərində mövcud boşluqların göstəricisidir. Əgər qanunsuz şirkətlərin fəaliyyəti vaxtında nəzarətə götürülməsə və məsul şəxslər cavab verməsə, bu rəqəm illər keçdikcə daha da artacaq.
Dövlət büdcəsinin doldurulması hər kəsin marağında olmalıdır. Amma ən böyük yükün sadə vətəndaşların yox, məhz vergidən yayınan və qanunsuz yollarla fəaliyyət göstərən qurumların üzərinə düşməsi üçün ciddi addımların atılması vacibdir.
"DİA-AZ"