Açıqdan-açığa erməniləri gücləndirirlər

16-04-2021, 09:05           
Açıqdan-açığa erməniləri gücləndirirlər
Ruslar Qarabağda qırmızı xətti keçir

Rusiyanın ölkəmizdə imici onsuz da yaxşı deyildi, bu kimi fəaliyyət bu dövləti bir qədər də gözdən salır

Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün parlamentdəki çıxışında 44 günlük müharibə zamanı baş verən hadisələrdən tutmuş uğursuz əməliyyatlara qədər, bir çox mətləblərdən söhbət açdı. Burada diqqətçəkici olan məsələlərdən biri erməni baş nazirin Rusiya və Ermənistan arasında hərbi əməkdaşlığın genişlənməsi, Ermənistan ordusunun Rusiya Silahlı Qüvvələri tərəfindən modernləşdirilməsi, eyni zamanda Sünikdə 102-ci hərbi bazanın “dayaq məntəqəsi”nin yaradılması istiqamətində danışıqların aparılması barədə dedikləri idi.



Sual yaranır ki, hazırda seçkiyə hazırlaşan, iqtisadiyyatı bərbad durumda olan, külli miqdarda xarici borc səbəbindən defolt astanasına gələn Ermənistan ordusunu Rusiya niyə tez-tələsik, İkinci Qarabağ savaşından dərhal sonra modernləşdirməyə başlayıb? Erməni ordusu kimə qarşı hazırlanır? Regionda yeni irimiqyaslı müharibə başlaya bilərmi?

"Şərq"in suallarına VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli aydınlıq gətirib. O bildirib ki, İkinci Qarabağ savaşı bitdikdən sonra Rusiyanın bölgədə aktivliyi sülhməramlılıqdan daha çox gərginlik yaratmağa hesablanıb. S.Əsədli vurğulayıb ki, sülhməramlı adı ilə bölgədə yerləşən rus hərbi kontingenti artıq baza formasına gəlib çıxır:

"Bu hərbçilər ərazidəki erməni separatçılarını zərərsizləşdirib Azərbaycanın burada suverenliyini təmin etmək əvəzinə, açıqdan-açığa ermənilərin güclənməsinə dəstək olurlar. Azərbaycan ictimaiyyətində bu fəaliyyətə qarşı ciddi etiraz var. Hakimiyyətdən də diplomatik etiketin imkan verdiyi qədərində narazılıqlar ifadə olunur. Rusiyanın ölkəmizdə imici onsuz da yaxşı deyildi, bu kimi fəaliyyət bu dövləti bir qədər də gözdən salır".



S.Əsədli əlavə edib ki, Qarabağda hərbi kontingenti artırmaq, Azərbaycanla sərhəddə hərbi baza yaratmaq, erməni ordusunu modernləşdirmək işini Rusiyanın açıq-açığına reklam etməsi tam mənada imperalist addımlardır:

"Kreml Qafqazda öz hegemonluğunu qorumaq üçün beynəlxalq normalara, sivil dövlətlərarası münasibətlərə belə sayğısızlıq etməkdən çəkinmir. Amma Azərbaycan həm iqtisadi baxımdan, həm də geopolitik mövqe baxımından elə bir durumdadır ki, belə jestlər bizə təsir etməz.

Rusiya bütün dünya ilə özünü düşmən edib böyümək kimi cəfəng bir xəyal qurub. Proses isə əks effekt verir. İmperiya və hegemonluq istəyi artdıqca, bu dövlət sonunu tezləşdirir.

Ermənistan Rusiyasız bölgədə heç kim olduğunu anlamalı və postrusiya dövründə dövlət olaraq varlığını qorumaq üçün bu gün Azərbaycan və Türkiyə ilə münasibətləri yoluna qoymalıdır".шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.