Zaxarovaya ritorik sual: "Bölgədə hazırki gərgin durumda Rusiya hərbçilərinin Qarabağda rəsmi Bakı ilə razılaşdırılmayan hərbi paradına nə ehtiyac var?”

23-04-2021, 13:43           
Zaxarovaya ritorik sual:
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə Azərbaycanla Ermənistan arasında gərgilik haqqında bir sıra fikirlər səsləndirdi. Zaxarova çox böyük bədəl ödəndiyini, insanların həyatını itirdiyini bildirdi: “Həm faciəli, həm də gələcəyə ümid verən bu andan dinc və yaradıcı məqsədlər üçün istifadə edilməlidir, əksinə vəziyyəti daha da gərginləşdirmək üçün yox. Yeni ayırıcı xətlər və qıcıqlandırıcılar yaratmağa ehtiyac yoxdur. Bəli, bu çox çətindir, xüsusilə də silahlı qarşıdurmadan sonra, həmçinin psixoloji cəhətdən də. Bəli, çoxları razı deyil. Çoxları davam və ya revanş almaq istəyir. Bəs məqsəd budurmu? Bu, sülhün əldə olunmasında faydalı olacaqmı? Bunun cavabı, məncə, aydındır. Xeyr, olmayacaq”.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu KONKRET.az-a açıqlamasında Zaxarovanın fikirlərini bu cür şərh edib: “Mariya Zaxarova cümlələri elə seçib ki, hər iki tərəf “payını” alsın. Bu açıqlamada həm Bakıya, həm də İrəvana mesaj var. Bakıya mesaj budur ki, “davam haqqında düşünməyin”, ermənilərə isə mesaj odur ki, “revanş haqqında düşünməyin”. Ancaq Moskvaya da düşünmək üçün zəruri mesaj verilməlidir. Rusiya həqiqətən vəziyyətin gərginləşməsində maraqlı deyilsə, lütfən Mariya Zaxarovanın brifinqlərində iştirak edən azərbaycanlı jurnalistlərdən biri ona bu sualı versin: “Bölgədə hazırki gərgin durumda Rusiya hərbçilərinin Qarabağda rəsmi Bakı ilə razılaşdırılmayan hərbi paradına nə ehtiyac var?”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.