Rusiya-Ukrayna arasında müharibə təhlükəsi aradan qalxmayıb - yeni gəlişmə

4-05-2021, 08:51           
 Rusiya-Ukrayna arasında müharibə təhlükəsi aradan qalxmayıb - yeni gəlişmə
ABŞ dövlət katibi Entoni Blinken Avropa səfərinə çıxıb. Mayın 2-də o, öncə Londonda görüşlər keçirib. Bu həftə isə Blinken Ukraynaya səfər edəcək. ABŞ-la Rusiya arasında Ukrayna böhranı davam edərkən, ABŞ dövlət katibinin Kiyevə səfər etməsi Vaşinqtonun Kiyevə ciddi dəstəyinin ifadəsidir. Blinken ötən həftəsonu Amerikanın “CBS” kanalına müsahibəsində Ukraynadakı son hadisələri müzakirə etmək üçün bu ölkəyə gedəcəyini bəyan edib.

Blinken müsahibəsində “Hazırda Ukrayna sərhədində hərbi yığınağı Rusiyanın (Krımı) işğal etdiyi 2014-cü ildəkindən daha çoxdur. Cənab Putinin hədəflərini bildiyimizi deyə bilmərəm. Onun həyata keçirməyi, yaxud keçirməməyi seçim edə biləcəyi müxtəlif mövzular var”-deyib.

Rusiya əsgərlərinin bölgədən çıxma müddətini yaxından izlədiklərini qeyd edən Blinken ABŞ-ın Ukraynaya dəstəyini bir daha təkrarlayıb.

Dövlət katibinin Ukraynaya dəstəyi ifadə etməsi ABŞ-ın bu dəfə Ukraynanı meydanda tək qoymaq niyyətində olmadığının göstəricisi sayıla bilərmi? Artıq Rusiya-Ukrayna müharibəsinin olmayacağından danışmaq mümkünmü? Məsələ bitdimi?

Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, Rusiya Donetsk və Luqansk vilayətlərini zəbt etmiş separatçılara 2014-cü ilin aprelindən hər cür yardım göstərirdi, keçən aydan isə Rusiya separatçıların nəzarətində olan Ukraynanın bu rayonlarında öz qoşunlarını yerləşdirib: "Ukrayna ordusunun komandanı general Ruslan Homçakın verdiyi məlumatlara görə, Rusiya Ukraynanın şərq sərhədi boyu təxminən 20-25 minlik hərbi qüvvə cəmləşdirdiyini bildirmişdi. Sosial şəbəkələrdə isə o rayonlarda yaşayan əhali Moskvanın Ukrayna sərhədinə yaxın bölgələrə əlavə qoşun göndərdiyini təsdiq edən video və fotolar paylaşmışdı.

Bu proseslərə paralel rəsmi Kiyevın açıqlamaları gedirdi və onlardan ən birincisi də çıxış yolu kimi Qərblə əlaqələrin möhkəmləndirilməsində və ən əsası Ukraynanın NATO-ya üzvlüyü məsələsinin həllinin sürətləndirilməsi təklifi idi. Proses bu istiqamətdə inkişaf edir: Ukrayna Prezidenti Zelenski ölkəsinin NATO-ya üzvlüyünün ”Donbasda müharibənin başa çatması üçün yeganə yol" olduğunu elan etdi və keçən ay NATO Baş katibi Jens Stoltenberg ilə telefon danışığında bu təklifi səsləndirdi.

Zelenski Alyansın Ukraynanın təhlükəsizliyinə vacib dəstək kimi NATO ölkələrini Qara dənizdə təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırmağa çağırmışdı.

Ukrayna rəsmilərinin “Ukraynanın, əslində bu gün NATO-nun şərq istehkamına çevrildiyi tipli mesajları” bu fikrin təkcə prezidentin deyil, çoxluğun fikiri olması qənaətinə gətitir.

Buna cavab kimi Almaniya Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı növbəti addımların hələlik nəzərdə tutulmadığını bəyan etdi və bunu elə NATO-nun cavabı kimi qəbul etməliyik. Lakin Ukrayna ilə Rusiya arasında hərbi toqquşma ehtimalı hələ tam aradan qalxmış sayılmamalıdır".

Ekspert qeyd etdi ki, bu dəfə ABŞ Ukraynanı meydanda tək qoymaq niyyətində deyil: “ABŞ dövlət katibinın Londondan sonra Kiyevə səfərini birmənalı olaraq Ukraynanın ərazi bütövlüyünə siyasi dəstək kimi qəbul etməliyik. Bunun hərbi və texniki dəstək olacağını isə ehtimal etmək üçün hələ əsaslar yoxdur.

Bu görüşlər Ukraynanın suverenliyi və ərazi bütövlüyünü ardıcıl olaraq dəstəkləyəcəyik kimi səslənən mesajlarla davam edir. Hələlik isə real hərbi, texniki addımlar yoxdur.

Məsələ ondadır ki, SSRİ dağılandan sonra ABŞ, Britaniya və Rusiya Ukraynanın nüvə silahından imtina etməsi qarşılığında onun təhlükəsizliyinə zəmanət vermişdi, lakin zəmanətçi ölkədən biri Ukraynanın ərazisi Krımı ilhaq etdi, Donbas və Luqanskda isə separatçı rejimlər formalaşdırdı.

Qərb bu gün də həmişəki kimi, kənar, biganə müşahidəçi qismindədir. Dövlətin ərazi bütövlüyünü ancaq Ukrayna ordusu qoruya və bərpa edə bilər".

Politoloq onu da dedi ki, Avropa liderləri və Vaşinqton Rusiyanı tənqid etmələrinə baxmayaraq, Rusiyaya qarşı qısamüddətli perspektivdə effektiv sayılacaq addımları nə indi, nə də bu münaqişə dövrü ərzində atmayıblar. Tətbiq olunan sanksiyalar, iqtisadi qərarlar beynəlxalq maliyyə təsisatları və Qərb hökumətlərində siyasi aspektlərlə qəbul edilib ki, bunlar da uzunmüddətli prespektivdə özünü doğrultmayan aktivlərdir.

Y.Hacıyeva hesab edir ki, Rusiya-Ukrayna müharibəsi ehtimalı tam aradan qalxmasa da bu fazada müharibə olmayacaq, çünki seçkiöncəsi eyni kartı Rusiya hakimiyyətinin ikinci dəfə istifadəsi gözlənilən nəticəni verməz və bunu Moskva bilir:

"Rusiyada keçirilən sorğular, bu mövzu ətrafında cəmiyyətdə hakimiyyət üçün cazibədar nüanslardan daha çox, təhlükəli tendensiyaların mövcud olmasını ortaya çıxardı. İndi Rusiya hökuməti və konkret olaraq prezident Putin üçün seçkiöncəsi cəmiyyətdə daha geniş, daha böyük kütlənin diqqətini çəkə biləcək bir manevrə ehtiyac yaranıb. Bu isə artıq bir dəfə istifadə olunmuş və köhnəlmiş mövzu deyil, yeni və daxili mövzuları əhatə edən bir məsələ ətrafında olacaq".
“Yeni Müsavat”шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.