“Rusiyaya Jirinovskidən öncə, Putinin Laçın “xətası”yla bağlı nota verilməli idi…”

2-08-2021, 06:40           
“Rusiyaya Jirinovskidən öncə, Putinin Laçın “xətası”yla bağlı nota verilməli idi…”
“Sərsəm Jirinovskinin sözlərinə yox, hiyləgər Putinin əməllərinə ciddi reaksiya vermək gərəkdir…”

3 cümlə ilə bir “quş”…

Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkilinin Xarici İşlər Nazirliyinə dəvət olunaraq Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramının cari ilin 30 iyul tarixli buraxılışında Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri ilə bağlı nota verilməsini eşidəndə ağlıma ilk gələn bu sual oldu: “Bəs Azərbaycan XİN Rusiya Müdafiə Nazirliyinin iyulun 29-da Moskva vaxtı ilə səhər saat 05:00-da öz rəsmi saytında Azərbaycan Respublikasının Laçın rayonunu “Dağlıq Qarabağın Laçın rayonu” adlandırmasına və həmin rayonun Ermənistan üçün “dəhliz”ə döndərilimiş ərazisində 29 ildən çoxdur qanunsuz məskunlaşmış ermənilərə yardım etmələrinə görə rəsmi Moskvaya niyə nota vermədi?(Bax: )

Halbuki, bəndəniz iyulun 29-da Moderator.az-da bu haqda geniş material dərc etmiş və rəsmi qurumlardan reaksiya olmadığını görüncə ertəsi gün – iyulun 30-da saat 11:00-da Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə açıqlama vermələri xahişi ilə müraciət edərək bunun dövlətimiz və dövlət başçısı üçün çox ciddi və prinsipial məsələ olduğunu vurğulamış, XİN sözçüsü isə bir müddət sonra açıqlama veriləcəyini söyləsə də, iki gün ərzində telefon zənglərinə də cavab verməmişdir…

Əslində məsələnin dərinliyinə varanda Rusiya Federasiyasının rəsmi dövlət qurumu – Müdafiə Nazirliyi tərəfindən Laçın rayonunu “Dağlıq Qarabağın rayonu” adlandırılması, eyni zamanda orada qanunsuz məskunlaşmış ermənilərə yardım etməsi dövlətçiliyimiz və suverenliyimiz üçün artıq hamının təlxək kimi tanıdığı Jirinovskinin sözlərindən daha ciddi təhdid sayılmalıdır, çünki hansısa Duma Deputatının Azərbaycana qarşı dediklərini Rusiya Prezidenti Vladimir Putin 10 Noyabr üçtərəfli sazişindən keçən 8-9 ay ərzində bilavasitə tabeliyində olan ordusunun əməli ilə icra edib və bu dəfə bir daha Laçında etdi(bu haqda daha ətraflı növbəti yazıda)…

P.S. Kimsə bizə irad tuta bilər ki, “XİN rəhbəri Ceyhun Bayramovdan ağıllı çıxmısız”… Ceyhun müəllimdən ağıllı, savadlı olmaya bilərik. Ancaq 30 ildir doğma dədə-baba yurdunu, ocağını görmək istəyi ilə qovrulan, indi də Rusiya ordusunun şəhərində, kəndində-kəsəyində qanunsuz məskunlaşmış ermənilərə yardım etdiyini görəndə yanıb-tökülən XİN rəhbərliyində oturanlar yox, bizik… Və Laçın rayonunun bundan sonra da Rusiya və Ermənistan üçün faktiki olaraq “Dağlıq Qarabağın rayonu” kimi qalması və ermənilərin “dəhliz” ərazisində, yəni şəhər və kəndlərimizdə qanunsuz məskunlaşmaqda davam etməsi ilə kimlər razılaşsa da, bizim buna daha 5-10 il səbr etməyə halımız yoxdur…

Sultan Laçın












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.