Rəqəmlər Ermənistanın vaksinləşmə səviyyəsini ifşa etdi…

9-10-2021, 09:53           
Rəqəmlər Ermənistanın vaksinləşmə səviyyəsini ifşa etdi…
Şakir Ağayev: “Bütün sahələrdə, o cümlədən də vaksinasiya prosesində Ermənistanın Azərbaycandan nə qədər geridə qaldığını real rəqəmlər sübut edir”

Ermənistanda ümumi əhalinin 14 faizi COVID-19-a qarşı vaksinasiya olunub. “Sputnik Armeniya” xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anait Avanesyan oktyabrın 7-də hökumətin iclasından sonra keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Ermənistan əhalisinin 14 faizi bir və ya iki dozanı qəbul edib. Nazir bu göstəricinin çox aşağı olduğunu etiraf edib: “Ölkə üzrə peyvəndlənmə çox aşağı səviyyədədir”

Qeyd edilənə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin son iclasında Səhiyyə Nazirliyini peyvəndləmə aşağı səviyyədə olduğu üçün tənqid edib.

Ermənistan bu sahədə regionda axsayan ölkədir. Azərbaycan peyvəndlənmə sahəsində bölgədə liderdir, dünyada da öncül ölkələr sırasında yer alıb. Göründüyü kimi, Ermənistan peyvənd məsələsində də Azərbaycandan çox-çox aşağı pillədə dayanır.

“Ermənistanın vaksinasiya prosesinin səviyyəsini artırmağa nə iqtisadi, nə də sosial-siyasi gücü var”

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, bütün sahələrdə olduğu kimi, COVID-19-a qarşı mübarizədə və peyvəndlənmə sahəsində də Ermənistan Azərbaycandan geridə qalır: “Azərbaycan pandemiyanın ilk günlərindən COVID-19-a qarşı ciddi mübarizə aparır, peyvəndlənmə prosesində də başdan aktivlik göstərdi, bu gün də o aktivliyi davam etdirir. Ermənistan isə ilk gündən istər koronavirusla mübarizədə, istərsə də hazırda dünyanın qlobal məsələlərindən olan vaksiyasiya məsələsində Azərbaycandan geridə qalır. Ermənistanın vaksiyasiya prosesinin səviyyəsini artırmağa nə iqtisadi, nə də sosial-siyasi gücü var, bu ölkənin vaksin almağa pulu belə yoxdur, ianələr hesabına bu işi görürlər.

Azərbaycanda isə ümumi əhalinin 40 faizi artıq vaksinin bir və ikinci dozalarını qəbul edib. Hətta bizim ölkədə 3-cü dozanı qəbul edənlər də var. 10 milyonluq əhalinin 17-18 yaşlılarını da nəzərə alsaq, Azərbaycanda əhalinin təxminən 60-70 faizi vaksinasiyadan keçib. Azərbaycan bu sahədə nəinki Ermənistanla müqayisədə çox irəlidədir, bütövlükdə Müstəqil Dövlətlər Birliyində və dünyada da liderlər sırasındadır. Təbii ki, Azərbaycanın iqtisadi, sosial durumu, bir sözlə, bütün sahələrdə Ermənistandan üstün olduğu vaksinasiya prosesində də özünü göstərir. Məhz Azərbaycan həmişə, eləcə də bu gün Ermənistanı anlatmağa çalışır ki, bizimlə sülh müqaviləsi bağlanarsa, Zəngəzur dəhlizi və başqa nəzərdə tutulan kommunikasiya sistemləri bərpa olunarsa, bir sıra məsələlər öz həllini taparsa, sərhədlərin delimitasiyası və demarkasiyası həll edilərsə Ermənistan içində boğulduğu ağır durumdan çıxa bilər”.

Ş.Ağayevin sözlərinə görə, çox təəssüflər olsun ki, pandemiya da Ermənistanı ağıllandırmır, bu ölkə özünün fantastik niyyətlərindən əl çəkmir, ona görə də vəziyyəti bu şəkildədir: “Bu səbəbdən də Ermənistanda heç bir proses, o cümlədən də vaksinasiya heç cür irəli gedə bilmir. Ermənistan nə qədər ki bu mövqedədir, heç bir irəliləyişə nail ola bilməyəcək.

Proseslər göstərir ki, Cənubi Qafqazda Azərbaycanın mövqeyi nə qədər güclüdür və Azərbaycanla dostluq, sülh sazişi ancaq mənfəət gətirə bilər. Bütün sahələrdə, o cümlədən də vaksinasiya prosesində Ermənistanın Azərbaycandan nə qədər geridə qaldığını real rəqəmlər sübut edir. Bu onların rəsmilərinin dilindən çıxıb, bu statistik rəqəm isə real vəziyyəti göstərir”.

İradə SARIYEVA
Mənbə: Bakixeber.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.