Hava məkanı ordu üçün bağlandı, səfir geri çağırıldı - Makron gərginliyi tətiklədi
11-10-2021, 13:12
Əlcəzair Prezidenti Əbdülməcid Təbbun ölkəsi ilə Fransa arasındakı diplomatik gərginliklə bağlı ilk dəfə açıqlama verib.
Teleqraf.com xəbər verir ki, prezident Fransanın Əlcəzairin suverenliyinə, rəsmi dövlət qurumlarına və hökumətinə tam hörmət etməsinin vacib olduğunu deyib.
Təbbin əks halda məsləhətləşmə üçün geri çağırılan ölkəsinin Parisdəki səfiri Məhəmməd Əntər Davudun geri dönməyəcəyini bildirib.
“Fransa Əlcəzairin keçmişdə müstəmləkə olduğunu unutmalıdır. Əlcəzair yalnız Allaha və qürurlu insanlarına itaət edən ordusu ilə güclüdür”, - dövlət başçısı qeyd edib.
Əlcəzair ötən həftə hava məkanını Fransa hərbi təyyarələri üçün bağladığını açıqlayıb.
Fransa Prezidenti Emmanuel Makronun oktyabrın 2-də Əlcəzairə qarşı ittihamçı bəyanatları iki ölkə arasında diplomatik gərginliyə səbəb olub. Makron Əlcəzairdə hərbi-siyasi sistemin hökm sürdüyünü, ölkənin rəsmi tarixinin tamamilə yenidən yazıldığını və faktlara əsaslanmadığını iddia edib.
O, bu yeni rəsmi tarixin Fransaya düşmənçilik üzərində qurulduğunu deyib.