Saakaşvilinin atası və müxalifətdən Qaribaşvilinin sözlərinə CAVAB
30-10-2021, 08:45

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin “Saakaşvili özünü öldürmək istəyirsə bu, onun qanuni hüququdur” sözləri ölkədə seçkiqabağı qalmaqala səbəb olub.
Teref.az gürcü mediasına istinadən xəbər verir ki, müxalifət nümayəndələri və eks-prezident Saakaşvili ilə birlikdə həbsxanada aclıq aksiyası keçirən tərəfdarları Qaribaşvilini tənqid ediblər.
Saakaşvilinin atası Nikoloz Saakaşvili bildirib ki, onun oğlunu yavaş-yavaş öldürürlər və hökumətin qəzəbi sərhədlərini aşıb:
“Onların hamısı məhkəmə qarşısına keçəcək. Bu belə davam edə bilməz”.
“Vahid Milli Hərəkat” partiyası Qaribaşvilinin bəyanatını “Saakaşvilinin aradan qaldırılmasının birbaşa göstəricisi” adlandırıb.
“Saakaşvili ilə bağlı baş verənlərə görə birbaşa məsuliyyət hökumətin üzərinə düşür”, – deyə partiyanın parlament üzvü Zaal Udumaşvili deyib.
Müxalifət nümayəndəsi Salome Samadaşvili Qaribaşvilinin tərəfdarlarını ona özünəqəsdə çağırışa görə cinayət məsuliyyəti nəzərdə tutulduğunu xatırlatmağı tövsiyə edib.
“Bu, çox həssas mövzudur. Ona görə də mən bu bəyanatı çox mənfi qiymətləndirirəm və hər kəsi qətl və ya intihardan söhbət gedəndə belə ifadələrdən çox diqqətli istifadə etməyə çağırıram”, – Gürcüstan parlamentinin sədr müavini, müxalifətçi “Vətəndaşlar” partiyasından olan deputat Levan İoseliani deyib.
“Gürcü arzusu” partiyasının liderlərindən olan Şalva Papuaşvili isə bildirib ki, Qaribaşvilinin sözləri kontekstdən çıxarılıb və o, “intihar hququ” yox, “aclıq etmək hüququ”nu nəzərdə tutub:
“Baş nazirin sözləri kontekstdən çıxarılıb… Kontekst isə sadədir: insanın aclıq aksiyası keçirmək və bununla da sağlamlığına zərər vurmaq hüququ var. Baş nazir Qaribaşvilinin bəyanatının konteksti məhz bundan irəli gəlir. Dövlətin məsuliyyəti və öhdəliyi isə nəzarətdə saxlamaq və lazım gələrsə, tibbi müdaxilə etməkdir”./ Qafqazinfo