Azərbaycan SSR-in, yoxsa ADR-in sərhədləri - Putinin təklifinə “hə” desək...

30-10-2021, 11:45           
Azərbaycan SSR-in, yoxsa ADR-in sərhədləri -
Rusiya Prezidenti Valdimir Putin “Valday” diskussiya klubunun son iclasındakı çıxışında bildirdi ki, Azərbaycanla Ermənistan arasında sərhədlər sovet xəritələri əsasında müəyyənləşə bilər. Bu da o anlama gəlir ki, tərəflərin bir-birinin ərazi bütövlüyünü Azərbaycan SSR və Ermənistan SSR-in əks olunduğu xəritələr əsasında tanıması daha məqbuldur.

İki gün öncə isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Ermənistan sərhədlərin 1920-ci il xəritələri əsasında dəqiqləşdirilməli olduğunu düşünür və bu xəritələrin erməni tərəfinin maraqlarına ziyan vurduğu haqda rəyləri bölüşmür. “Həmin dövrün xəritələri hüquqi qüvvəsi olan yeganə xəritələrdir” ,- Qriqoryan bildirib.

Amma məlumdur ki, indiki Azərbaycan Respublikası 86.6 min kv. km-lik ərazisi olmuş Azərbaycan SSR-nin deyil, 113,9 min kv km-lik ərazisi olan ADR-in hüquqi-siyasi varisidir. O zaman bu hüquqi məsələ öz həllini necə tapacaq?

Bu arada İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan iddia edib ki, guya SSRİ-nin 1928-ci il atlasında Ermənistanın ərazisi təxminən 1500 kvadrat kilometr böyük, Azərbaycanın ərazisi isə Sovet İttifaqının dağılması dövründəkindən demək olar ki, bir o qədər kiçikdir. Yəni yalnız 1928-1991-ci illərdə. Erməninin sözündən belə çıxıb ki, 1928-ci ildən sonra 1500 kv km ərazi guya sovet Azərbaycanına verilib. Bu erməni “tarixçi” hansı atlasdan danışır? Sərhəd məsələsinin beynəlxalq hüquqa əsasən həlli necə olmalıdır?

Beynəlxalq hüquq üzrə ekspert, siyasi şərhçi Fərhad Mehdiyev “Yeni Müsavat”a bildirdi ki, bu məsələdə çox əvvəlki dövrə istinad etmək düzgün deyil: “Beynəlxalq hüquqa görə, bu cür məsələnin həlli yolu var. İkinci Dünya müharibəsindən sonra mövcud olan sərhədlərə istinad olunmalıdır. Ona görə ki, beynəlxalq hüquqa və beynəlxalq konvensiyalara görə sərhədlərin dəyişməzliyi prinsipi məhz İkinci dünya müharibəsindən sonra qəbul edilib. Ona qədər Avropanın özündə xeyli sərhədlər tez-tez dəyişilmişdi, çox qarışıq bir mənzərə mövcud idi.

İkinci Dünya müharibəsindən sonra isə beynəlxalq hüquqi sənədlər qəbul edildi və müstəqillik zamanı tanınmış sərhədlərə hörmət, sərhədlərin toxunulmazılığı prinsipi beynəlxalq hüquqda əksini tapdı. Ona görə də Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası məhz bu prinsiplərə əsasən həll edilməlidir. Azərbaycan və Ermənistan 1991-ci ildə müstəqilliklərini bərpa etdikdən sonra BMT-yə üzv qəbul olunublar. Bu iki ölkə BMT-yə üzvlüyə qəbul olunduğu zaman hansı sərhədlərlə qəbul olunublarsa, indi məhz həmin sərhədlərə də istinad olunmalıdır. Ermənistan sərhəd məsələsini beynəlxalq tanımaya istinadən həll etmək istəyirsə, ən yüksək beynəlxalq tanıma məhz BMT-nin Azərbaycan və Ermənistanı sərhədləri mövcud olan müstəqil dövlətlər olaraq tanımasıdır. Buna da istinad edilməlidir".

Ekspertə görə, yox əgər Ermənistan 100 il bundan öncəyə qayıtmaq istəyirsə, onda 1918-ci il sənədlərinə, xəritələrinə istinad edilməlidir: “Beynəlxaql hüquq da, tarix də bunu tələb edir. SSRİ-nin öz tabeçiliyindəki respublikaların ərazilərində ürəyi istədiyi dəyişikliklər etməsini istinad üçün hüquqi sənədlər hesab etmək düzgün olmaz. 1920-ci illərin hansısa atlasına istinad edilsə, əslində heç bilmək olmaz ki, buradan Ermənistan, yoxsa Azərbaycan zərərli çıxacaq. Digər tərəfdən, əgər Ermənistan 1920-ci il xəritəsinə istinad edilməsini istəyirsə, o zaman Azərbaycanın hüququ var ki, daha məntiqli və hüquqi həll variantını -1918-ci ildə Azərbaycan və Ermənistan Respublikaları yarananda mövcud olan sərhədlərə istinad edilməsi variantını irəli sürsün. Bu gün Azərbaycanın Konstitusiyasında qeyd olunur ki, Azərbaycan Respublikası 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Demokratik Respublikasının hüquqi varisidir. Eyni ilə də Ermənistanın Konstitusiyasında yazılıb. Yəni bu iki dövlətin heç birinin Konstitusiyasında Azərbaycan SSR-nin, Ermənistan SSR-nin hüquqi varisi söhbəti yoxdur”.

F.Mehdiyev xatırlatdı ki, 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının ərazisi indikindən 30 min kvadrat kilometr çox olub: “Bolşevik Rusiyası Azərbaycanın Zəngəzur bölgəsini qanunsuz olaraq alıb birləşdirib Ermənistana. Bu gün Ermənistan 1920-ci ilə gedib çıxırsa, onda biz də tələb edə bilərik ki, Zəngəzurun Azərbaycanın tərkib hissəsi olduğu dövrdəki sərhədlərə istinad olunmalıdır. Ermənistanın 1920-1928-ci illərdə hansısa mücərrəd - bolşeviklərin quraşdırdığı atlasa istinad etməsinin heç bir hüquqi əsası yoxdur”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.