“ABŞ yalnız nüvə silahı olanlardan və ondan istifadə edəcək qədər dəlilikdən qorxur” - ŞƏRH

1-11-2021, 00:01           
“ABŞ yalnız nüvə silahı olanlardan və ondan istifadə edəcək qədər dəlilikdən qorxur” - ŞƏRH
Vaşinqton Tehrana qarşı hərbi əməliyyatdan niyə imtina etdi?

ABŞ və Aİ ölkələri İranın nüvə silahı əldə etməsinə yol verməyəcəklərini bəyan edirlər. Eyni zamanda Vaşinqton əmin edir ki, nüvə istehsalı ilə bağlı Tehranla razılaşmalar üçün “diplomatiya pəncərəsi heç vaxt bağlanmayacaq”. Gazeta.ru son illərdə amerikalıların və onların müttəfiqlərinin İrana qarşı hərbi zərbə endirməsinə nəyin mane olduğunu araşdırıb. Moderator.az həmin yazını oxucularına təqdim edir.

Nüvə sazişi ətrafında manevrlər

Oktyabrın 30-da ABŞ, Fransa, Almaniya və Böyük Britaniya liderləri Romada keçirilən görüşdən sonra birgə kommünikedə İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəklərini bəyan ediblər.

“Biz, Fransa Respublikasının prezidenti, Almaniya Federativ Respublikasının kansleri, Böyük Britaniyanın baş naziri və Birləşmiş Ştatların prezidenti İranın nüvə proqramının güclənməsinin beynəlxalq təhlükəsizliyə yaratdığı riskləri müzakirə etmək üçün bu gün Romaya toplaşmışıq. Biz İranın heç vaxt nüvə silahı istehsal və ya onu əldə edə bilməyəcəyini təmin etmək əzmində olduğumuzu ifadə etdik”, - deyə kommünikedə deyilir.

Bundan əvvəl Vaşinqtonda bu problemin həllində gücdən istifadəyə əl atmayacaqlarını bildirmişdilər.

“Diplomatiya pəncərəsi heç vaxt bağlanmayacaq. Biz İranla diplomatik razılaşmalara hər zaman açığıq. Və inanırıq ki, Tehranın nüvə inkişafı ilə bağlı böhran yalnız diplomatik yolla, yalnız danışıqlar yolu ilə həll oluna bilər”, - deyə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Melli bildimişdi.

Eyni zamanda, iki il əvvəl iki ölkə arasında böhran o dərəcədə kəskinləşmişdi ki, nüfuzlu “Defence News” və “Military Times” nəşrləri Amerikanın aparıcı hərbi ekspertlərinə istinadən ABŞ və Tehran arasında toqquşmanı ciddi qəbul edirdilər.

2019-cu ilin yayında İran hökuməti Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) imzalayan ölkələrin ABŞ-ın 2018-ci ildə sazişdən birtərəfli qaydada çıxmasından sonra tətbiq etdiyi sanksiyaların yumşaldılması variantlarını tapmaq yollarını davam etməyəcəkləri təqdirdə uranın emalına yenidən başlamaq planlarını açıqlamışdı.

JCPOA 2015-ci ildə bir tərəfdən İran, digər tərəfdən ABŞ, Fransa, İngiltərə, Almaniya, Çin və Rusiya tərəfindən imzalanıb. Siyasi razılaşmanın mövzusu İran hökumətinin nüvə proqramından imtina edəcəyi təqdirdə Tehrana qarşı beynəlxalq sanksiyalar rejiminin ləğvi ilə bağlı olub.

ABŞ-ın JCPOA-dan çıxması fonunda Vaşinqtonun Tehrana qarşı hərbi əməliyyata, o cümlədən regiona 120 min hərbçi göndərilməsi hazırlığına başladığı barədə məlumatlar ortaya çıxıb. Bu rəqəm 2003-cü ildə İraqa müdaxilə edən ordunun tərkibi ilə kifayət qədər müqayisə edilir. Amerika hərbi komandanlığı həmçinin Fars körfəzi zonasına aviadaşıyan zərbə qrupu və strateji bombardmançı təyyarələr göndərmək qərarına gəlib.

İran buna cavab olaraq öz hərbçilərinə ABŞ və müttəfiqlərinin Yaxın Şərq və Mərkəzi Asiyadakı bazalarına zərbələr endirməyə hazırlq əmri verib.

2020-ci ildə ABŞ tərəfindən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandiri Qasim Süleymaninin İraqda qətlə yetirilməsi mümkün “hərbi ssenari” haqqında söhbətləri daha da gücləndirdi. Xüsusilə Amerikanın “The New York Times” qəzeti redaksiya məqaləsində “hərbi müdaxilə risklərinin kəskin artması” haqqında yazdı.

“Arsenal Oteçestva” jurnalının baş redaktoru, ekspertlər şurasının hərbi-sənaye komissiyasının üzvü Viktor Muraxovski hesab edir ki, amerikalıların hərbi əməliyyatlardan imtinası İranın hərbi gücü və ABŞ ordusu üçün böyük itkilər riski ilə əlaqələndirilə bilər.

İran üçün Qəddafinin taleyi

“Prinsip etibarilə ABŞ İranla məsələni hərbi yolla həll edə bilər, lakin onların öz hesablamalarına görə, bu halda itkilər o qədər yüksək olacaq ki, Amerika cəmiyyəti onları qəbul etməyə hazır olmayacaq”, - deyə Muraxovski bildiriib. - Axı aviasiya və yüksək dəqiqlikli silahlar müharibədə yalnız qələbəyə şərait yaradır, amma heç bir şəkildə qalib gəlmir. Aydındır ki, birləşmiş desant əməliyyatları zəruridir və iranlıların motivasiyası kifayət qədər yüksəkdir. Bundan əlavə, İran ərazisində ABŞ üçün təhlükə yaradan obyektlər var - hətta adi raketlər belə. Onlar, dərin qayalar da daxil olmaqla, müdafiə sığınacaqlarıdır. Onları adi silahlarla, hətta ən böyük çaplı betondaəıdan bombalardan istifadə etməklə də vurmaq demək olar ki, mümkün deyil”.

Onun sözlərinə görə, İran kifayət qədər inkişaf etmiş və kifayət qədər müasir hava hücumundan müdafiə sisteminə, o cümlədən Rusiyanın “Tor” zenit-raket kompleksinə malikdir.

“İranın nüvə obyektləri də yerin dərinliklərində gizlədilərək möhkəmləndirilib. Hesablamalar göstərir ki, hətta taktiki nüvə bombasının köməyi ilə də onları hədəfə almaq mümkün deyil. Hətta “Traydent” raketinin döyüş hissəsi istifadə olunsa belə, məğlubiyyətə zəmanət sual altındadır. Təbii ki, heç bir zəmanət yoxdur”, - deyə ekspert qeyd edib.

Bundan əlavə, Muraxovskinin sözlərinə görə, İran taktiki raket sistemlərinin, eləcə də qısa və orta mənzilli raketlərin köməyi ilə ABŞ-ın regiondakı bazalarına, Vaşinqtonun müttəfiqlərinin mühüm infrastruktur obyektlərinə, həmçinin Səudiyyə Ərəbistanı, Qətər və digər ölkələrə zərbə vurmağa qadirdir. “Bu amil ABŞ komandanlığı tərəfindən nəzərdən qaçırıla bilməz”, - deyə Muraxovski vurğulayıb.

Öz növbəsində hərbi ekspert Vladislav Şurıgin hesab edir ki, İranın regiondakı ABŞ bazalarına çata bilmək bacarığı əslində heç bir əhəmiyyət kəsb etmir.

“Tehranın bazalara çata bilməsi özlüyündə heç nə demək deyil. Amerika Birləşmiş Ştatları ilə müharibə zamanı İraq da vaxtaşırı öz raketləri ilə ABŞ bazalarına çatırdı və hətta bir dəfə onlardan birini çox həssaslıqla vurmuşdu da, lakin bu, amerikalıları dayandıra bilmədi. Raketlər sadəcə, texnoloji imkanların göstəricisidir, əsas sual onların neçəsindən istifadə oluna biləcəyindədir”, - deyə Şurıgin qeyd edib.

Onun sözlərinə görə, amerikalıların İrana qarşı əməliyyatdan imtina etmək qərarına gəlincə, ABŞ üçün Tehranın nüvə silahına malik olmadığına əminlik vacib idi, lakin onlarda belə bir inam yox idi.

“ABŞ yalnız nüvə silahına sahib olanlardan və ondan kritik anda istifadə edəcək qədər dəlilikdən qorxur. Polkovnik Müəmmər Qəddafinin taleyi bu mənada nümunədir. Liviya kompromis əldə edən kimi, təzminat müqabilində nüvə silahının hazırlanmasından imtina edərkən və sanksiyaları götürülərkən Qəddafinin taleyi həll olundu. Koreya Xalq Demokratik Respublikasına Vaşinqton heç vaxt toxunmayacaq. Həmçinin İrana. Buna görə də, JCPOA sazişi bağlandıqdan sonra da orada müvafiq işlər həyata keçirilə bilərdi. Tehranın nüvə silahına sahib olub-olmadığını heç kim dəqiq deyə bilməz. Pentaqonu dayandıran da budur”, - deyə hərbi politoloq, Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının dosenti Valeri Volkov bildirib.

Tərcümə və təqdim etdi: Miraslan












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.