““3+3”formatı çox funksionaldır” – Onu hansı ölkə “tormozlayır”?

4-11-2021, 19:45           
““3+3”formatı çox funksionaldır” –
Bu gün “Dünya COVID-19-dan sonra” VIII Bakı Qlobal Forumunda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “Altılıq platforması”ndan danışıb. O qeyd edib ki, Bakı diplomatik kanallar vasitəsilə üç Zaqafqaziya respublikası - Ermənistan, Azərbaycan və Gürcüstanın, həmçinin Rusiya, İran və Türkiyənin iştirakı ilə tərəfdaşlarla “3+3” regional əməkdaşlıq mexanizminin yaradılmasını müzakirə etməkdə davam edir. H.Hacıyevin sözlərinə görə, bu format regionda gələcək əməkdaşlığın istiqamətlərini müəyyən edir:

“Hazırda bu məsələ ilə bağlı diplomatik kanallar vasitəsilə təmaslar aparılır. Ümumilikdə, Azərbaycan bu prosesi dəstəkləyir. Bu formatın əsasında müzakirələrimizi davam etdirməyə və yeni mexanizm, regional əməkdaşlıq platforması yaratmağa hazırıq”.

Məlumat üçün bildirək ki, Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Türkiyə prezidentlərinin irəli sürdüyü “3+3” məsləhətçi regional mexanizminin yaradılması ideyasını dəstəklədiyini bildirib. Aydın məsələdir ki, sözügedən formatın reallaşması istiqamətində müzakirələr aparılsa da, prosesin reallaşması ləngiyir. İndiki kritik durumda “3+3” formatının necə həll ediləcəyi maraq doğurur.

Məsələyə münasibət bildirən politoloq Tofiq Abbasov da “Sherg.az”a açıqlamasında diqqətə çatdırıb ki, qəribə görünsə də, bu format çox funksionaldır:

"Formatın üzvlərinə xeyir vəd edəcəyi şübhə doğurmur. İstər Ermənistan, istərsə də digər ölkələr gündəmdə olan mövzunun əməkdaşlıq olduğunu anlamalıdır. Geri çəkilmək, mənfi rəylər yatmaq, xarici qüvvələrin fitnə-fəsadına düşüb “Azərbaycan Moskvanı tərəfinə çəkib, özü üçün nəsə vəd edir" deyə düşünmək əbəsdir. Ermənistanın "tormoz" rolu oynadığı vaxtda müharibədən çıxmış region olaraq işi xeyirə yönəltmək istəyirik. Bəzi qüvvələr işlək “əlləri” bağlamağa, özlərini guya daha çox bilirlərmiş kimi göstərməyə çalışırlar".

Analitikin sözlərinə görə, Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Gürcüstan və İran bölgənin məsələlərini özləri həll etməlidirlər:

"Okeanın o tayından Pentaqonun rəhbəri Llyod Ostin söyləyir ki, “3+3” formatı şübhəlidir. 10 min kilometrdən artıq məsafədə yerləşən ABŞ-ın siyasi elitası məsələyə münasibət bildirir. Deyir, həmin mövzunu həll etməliyəm. Amma burda yerləşən məmləkətlərin öz qayğıları var . Onlar “töhfələr” vermək istəyən qüvvələrin qarşısını alırlar. Bu Fransa, Avropa İttifaqına da aiddir”.

T.Abbasov onu da əlavə edib ki, bölgədə yaşayan xalqlar gərək prosesə əncam çəksin, qarşıda duran problemləri aradan qaldırsınlar:

"Bölgənin inkişafı, infrastrukturu öz üzərimizə düşür. Durumu Ermənistandan gizli, əlahiddə formada edəcəyimizi bildirmirik.Azərbaycan deyir ki, format qəbul olunsun, əl-ələ verib müzakirə edərək bütün konturları cızaq. Çünki gələcəkdə bunun üzərində biz işləməliyik, başqa qüvvələr yox".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.