“İndi sərhədlərin müəyyənləşməsi müzakirə olunmalıdır” -

4-11-2021, 19:38           
“İndi sərhədlərin müəyyənləşməsi müzakirə olunmalıdır” -
Xarici işlər nazirləri səviyyəsində Ermənistan və Azərbaycan arasında növbəti görüş keçirilə bilər. Bu barədə noyabrın 4-də Ermənistan XİN rəhbərinin müavini Vaqe Gevorkyan məlumat verib. O görüşün yaxın vaxtlarda baş tutacağını deyib.

Ehtimal olunan görüşlə bağlı gözləntiləri “Sherg.az”a şərh edən Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri qeyd edib ki, danışıqlar baş tutsa, bu, Ermənistanın mənafeyinə uyğun olar:

“Ermənistan Qarabağ məsələsini yenidən müzakirə predmetinə çevirmək və yenidən bu prosesə qayıtmasına şərait yaratmaq istəyir. Əslində, Ermənistan xarici işlər nazirinin prioritet siyasətlərindən biri də məhz budur. Fikir versək, görərik ki, Qərb dünyası ATƏT-in Minsk qrupu həmsədr dövlətləri ilə bu yöndə ciddi işləyir. Həmçinin Ermənistan dövlətinə Fransa, Avropa birliyi, hətta Amerika Birləşmiş Ştatları səviyyəsində dəstək də verilir. Çünki Qarabağ məsələsində oyundankənar vəziyyətdə qalan Fransa və ABŞ yenidən prosesə qayıtmaqla bütövlükdə regionda özlərinin geosiyasi maraqlarını təmin etmək istəyir. Amma bu, Azərbaycanın maraqlarına uyğundurmu? Düşünürəm ki, deyil. Ona görə də Qarabağ məsələsi Ermənistanla müzakirə predmetinə çevrilə bilməz. Bu, Ermənistan üçün də bitib”.

Politoloq diqqətə çatdırıb ki, Ermənistan və Azərbaycan XİN səviyyəsində görüş keçirilib, orada Qarabağ müzakirə ediləcəksə, bu, yenidən 28 il geriyə qayıtmaq anlamına gəlir:

““Ermənistanla Qarabağ məsələsi niyə müzakirə olunmalıdır?” sualının cavabı tapılmalıdır. Məsələ müəyyən mənada ATƏT-in Minsk qrupu həmsədr dövlətləri ilə Azərbaycan hakimiyyəti arasında müzakirə predmetinə çevrilə bilər. Ən azından bəzi humanitar məsələlərin həllində, Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsi və bütün kommunikasiyaların açılması istiqamətində müəyyən fəaliyyət sferası çizmək mümkündür. Amma bundan başqa, ATƏT-in Minsk qrupu xüsusilə də Qarabağla bağlı prosesdə heç nəyi həll edə bilməz”.

N.Miri bunu da vurğulayıb ki, digər alternativlər qeyri-iradi olaraq yeni “statusun” danışıq predmetinə çevrilməsinə şərait yaratmaq anlamına gəlir:

“Bu yöndə də ölkə baçısının siyasi iradəsi bəllidir. Əgər statusdan söhbət getməyəcəksə, nəyə görə Qarabağ məsələsi ATƏT-in Minsk qrupu çərçivəsində yenidən müzakirəyə çıxarılmalıdır və xüsusilə də Ermənistan bu prosesdə iştirak etməlidir? Ermənistanın bu prosesdə iştirakını tanımaq çox həssas məsələdir və Azərbaycan güzəştə getməməlidir. Məsələ sadəcə Ermənistanın marağındadır. Çünki “sınıq vallar” kimi Ermənistan hakimiyyət nümanyəndələri heç vaxt dövriyyəyə buraxılmır. Bu, daxili auditoriyaya və Ermənistanın xarici havadarlarına mesaj ola bilər. Düşünürəm ki, görüş Azərbaycanla Ermənistanın mənafeyi uyğun olmadığı üçün Azərbaycan XİN başçısı bu görüşə razı olmalı deyil. Azərbaycan-Ermənistan münasibətləri kontekstində isə görüşmək olar. Ancaq Qarabağ məsələsi Ermənistanla müzakirə predmeti olmamalıdır. Bu, birmənalıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.