Ağ Evin Cənubi Qafqazla bağlı QARA PLANI – Bayden diplomatlarına nə tapşırıb?

5-11-2021, 17:08           
 Ağ Evin Cənubi Qafqazla bağlı QARA PLANI –
“ABŞ II Qarabağ müharibəsindən sonra regionda yaranan geosiyasi nizamından kənarda qalıb. Ona görə də növbəti mərhələdə aktivliyini artırmağa çalışır”.

Politoloq Məhəmməd Əsədullazadə ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirlərinin İrəvana toplaşmasını Bizim.Media oxucularına şərh edərkən belə deyib.

Siyasi ekspert bildirib ki, ABŞ-ın regiondakı ən böyük (dünyada ikinci iri) səfirliyi də Ermənistanda yerləşir. Onlar Ermənistanda mövqelərini gücləndirməklə bu istiqamətdə dinamikaya nail olmaq istəyirlər:

“Amma hesab edirəm ki, əgər ABŞ Azərbaycanla əməkdaşlığı inkişaf etdirməsə, ikili standartlarla yanaşsa, Amerikanın region siyasəti uğurlu olmayacaq. Ona görə də 3 səfirin İrəvanda toplaşması, Amerikanın bölgə ilə bağlı strategiyasının ştrixlərinin işlənib hazırlanması bir o qədər də səmərəli olmayacaq. Çünki regionda Bakı-Ankara-Moskva formatı var və bu, digər güclərin bölgəyə daxil olmasının qarşısını alır”.

Politoloqun fikrincə, ABŞ-ın Cənubi Qafqazda mövqelərinin möhkəmləndirilməsi Ağ Evin Azərbaycana münasibətindən asılıdır.

Politoloq Yeganə Hacıyeva isə Bizim.Media-ya açıqlamasında xatırladıb ki, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda katibin köməkçisinin yeni təyin olunmuş müavini Erika Olson regional əməkdaşlığı inkişaf etdirmək və ikitərəfli məsələləri müzakirə etmək üçün Azərbaycan, Gürcüstan və Ermənistana səfəri planlaşdırılıb. Səfər proqramında 2-4 noyabr tarixlərində ABŞ-ın Ermənistan, Gürcüstan və Azərbaycandakı səfirləri ilə birlikdə İrəvanda Missiya Rəhbərlərinin regional toplantısında iştirak da olub.

Xanım politoloq qeyd edib ki, ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirlərinin bundan əvvəlki toplantıları 2018-ci ildə Tbilisidə, 2019-cu ildə Bakıda keçirilib.

Amerikalı həmsədr Endryu Şofer və USAİD-in Vaşinqton ofisinin direktorunun müavini Aleksandr Sokolovskinin də qatılacağı toplantı məqsədi regionda hər üç ölkə ilə bağlı ABŞ siyasətini daha yaxşı əlaqələndirmək, fikir və məlumat mübadiləsi aparmaqdır.

Şərhdə ara-sıra Zəngəzura gedib ermənipərəst çığır-bağır salan amerikalı diplomata da yer verilib:

“Həmçinin, Birləşmiş Ştatların Ermənistandakı səfiri özünü daha çox ABŞ-ın Cənubi Qafqaz üzrə nümayəndəsi kimi göstərir. Nəticə etibarı ilə elə mesajlar verirdi ki, o bəyanatlar ABŞ-ın Ermənistandakı səfirinin səlahiyyətlərindən kənara çıxırdı. Əgər onun qaldırdığı suallar ABŞ və Azərbaycan arasında səslənməliydisə, bunu Amerikanın Azərbaycandakı səfiri də edə bilərdi. Yəni, bu daha doğru olardı. Linn Treysinin sözügedən fəaliyyəti təkrarlaması isə bunun Vaşinqtonun yox, səfirin öz təşəbbüsü olduğunun göstəricisidir”.

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun katib köməkçisinin müavininin səfirlərlə Ermənistanda görüşməsi insanlarda elə təəssürat yaradır ki, ABŞ özü üçün Cənubi Qafqazda prioritet ölkə kimi Azərbaycanla Gürcüstanı yox, Ermənistanı seçib:

“Nəzərə almaq lazımdır ki, Ermənistan Cənubi Qafqazda Amerikanın tərəfdaşı yox, Ağ Evin yardımlarından faydalanan ölkədir. Ermənistan İranın ticari tərəfdaşı, Rusiyanın vassalıdır. Bu, ABŞ ilə əks qütblərdə dayan İran və Rusiya ilə əməkdaşlıq edən Ermənistanla Birləşmiş Ştatların daha strateji əlaqələr qurmaq istəyi kimi də yozula bilər. Səbəb də odur ki, ABŞ-ın bu dəfəki dövlət departamenti daha çox ermənipərəst dövlət departamentidir.

Bayden administrasiyasında yeni işə götürülən ermənilərin sayı 30-u keçib. Bunun təsirini biz hiss etməkdəyik”.

Politoloq eksklüziv şərhinin axırında Baydenin “soyqırım” ifadəsini işlətməsini də ermənilərin təsiri ilə əlaqələndirib. 1988-ci ildə Ronald Reyqan da bu ifadəni səsləndirmişdi amma sonradan sözünü geri götürdü. Səbəb isə qondarma “erməni soyqırımı” əlavəsini Reyqanın etnik erməni köməkçilərindən birinin çıxış vərəqəsinə icazəsiz daxil etməsidir.

Eyni situasiya hazırda Baydenlə də yaşanmaqdadır. Amma zamanla maraqlar qalib gələcək:

“Maraqlar isə Cənubi Qafqazda Azərbaycan və Gürcüstanın xeyrinədir. Amma hazırda Azərbaycan və Türkiyə ilə münasibətdə Ermənistanı qoruyan dairələr var. ABŞ da onlardan biridir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.