Keçmiş nazir Tonoyan bir cümləlik bəyanatın fəsadından hələ qurtara bilmir… Paşinyanın qisası…

1-12-2021, 11:07           
Keçmiş nazir Tonoyan bir cümləlik bəyanatın fəsadından hələ qurtara bilmir…
Daşdəmir Əliyev: “Paşinyan bilirdi ki, Tonoyanın həm müharibədən əvvələ, həm də döyüşlərə aid açıqlayacağı çox sirlər var”
img
Ermənistanın keçmiş müdafiə naziri olan David Tonoyanın məhkəmə prosesi baş tutub. Erməni KİV-i xəbər verir ki, hakim eks-nazirin həbsini uzadıb. Maraqlıdır ki, hakimin Tonoyana qarşı bu davranışı mediada birmənalı qarşılanmayıb. Onun hüquqlarını müdafiə edən xüsusi qrup açıqlama da yayıb.

Erməni mediası David Tonoyanın Gorus yaxınlığındakı asma körpüdə Nikol Paşinyanın yanında necə rəqs etdiyini də yada salır. Onlar hətta bu qənaətə gəlir ki, müharibədən əvvəl David Tonoyanın "yeni müharibə, yeni ərazilər" deyərək qürrələnməsi özünə və ən əsası da Ermənistana baha başa gəlib. Jurnalistlərin birinin yazısından sitat: “Sanki Dağlıq Qarabağa bitişik 7 rayon onun atası və anası tərəfindən qurulub və yeni ərazilər işğal edilməli idi. Nikol Paşinyanla əməkdaşlıq edən, şeytanla ittifaq bağlayan hər kəs gec-tez cəzasını alacaq. David Tonoyan buna nümunədir”.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın Milli Təhlükəsizlik Xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda mənimsəmə ilə bağlı cinayət işi başladıb. Bu işdə bir neçə şəxsin adı hallanır. Keçmiş müdafiə naziri David Tonoyan, "Davo" ləqəbli Müdafiə Nazirliyinin silah tədarükçüsü olmuş David Qalstyan və Baş qərargah rəisinin müavini Stepan Qalstyana ağır iş kəsiləcəyi gözlənilir. Amma eks-nazir istintaqçılara izahat verməkdən imtina etdiyi üçün iş uzanır. Ehtimal edilir ki, məhkəmə qarşısına yeni hərbçi və məmurlar da çıxsın.

Tonoyan doğrudanmı müharibədən əvvəl verdiyi məsuliyyətsiz bəyanatına görə həbs edilib, yoxsa başqa səbəblər də var?

Hərbi-siyasi icmalçı, ehtiyatda olan polkovnik–leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan keçmiş müdafiə naziri David Tonoyanın həbsi erməni cəmiyyətində ajiotaja səbəb oldu: “Kimi İkinci Qarabağ müharibəsi zamanı uğursuzluqları ilə seçilən nazirin həbsinə haqq qazandırır, kimi də baş nazir Nikol Paşinyanın məhz müharibənin ildönümündə eks-naziri həbsə atdırmasında siyasi motivlər axtararaq ölkə rəhbərliyini qınayır. Ancaq erməni siyasi və hərbi ekspertləri hesab edir ki, əslində Paşinyan bütün hərbi cinayətlərdə Tonoyanla ortaq sayılmalıdır. Bu həmin Tonoyandır ki, müharibədən əvvəl özünün güclü, müasir silahları ilə öyünərək bizdən yeni ərazilər ələ keçirmək perspektivi ilə fəxr edirdi. Xatırlayırsınızmı Paşinyan nə demişdi? Demişdi ki, müdafiə naziri baş nazirin razılığı olmadan belə bir bəyanat verə bilməzdi. Sonra isə "SU" qırıcıları ölkəyə gətirilərkən Paşinyan Tonoyanı bərk təriflədi. Bəs necə oldu ki, David Tonoyan günahkar çıxdı və həbsə atıldı? Ümumiyyətlə, bu insan özünü xilas etmək üçün ona ən yaxşı xidmət edənləri və ən yaxın insanları belə qurban verməyə qadirdir. David Tonoyan, Onik Qasparyan, müharibə əsnasında yüksək hərbi vəzifələrdə çalışanlar danışmağa başlamalıdırlar.

Paşinyan bilirdi ki, Tonoyanın həm müharibədən əvvələ, həm də döyüşlərə aid açıqlayacağı çox sirlər var. Misal üçün, Araik Arutyunyanla bağlı məktub və Nikol Paşinyanın verdiyi cavab, Hadrut hərbi hissəsində yerləşən 300-cü alayın qəsdən hərəkətsizliyi, polkovnik Sergey Şakaryanın müəmmalı ölümü və s. məsələlər. Tonoyana külli miqdarda vəsaiti mənimsəmə ilə bağlı cinayət işi Ermənistanın Milli Təhlükəsizlik Xidməti tərəfindən irəli sürülüb, xidmətin rəhbəri isə hökumətə tabedir. Bütün beynəlxalq hesabatlarda göstərilir ki, Ermənistanda bu cür işlər siyasi iradə olmadan tədqiq edilmir. Bu baxımdan da, Tonoyanın hələ uzun müddət həbsdə qalacağını söyləmək olar”.

Məhəmmədəli QƏRİBLİ












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.