Zaxarovanın emosional açıqlaması anlaşılandır

2-12-2021, 08:19           
Zaxarovanın emosional açıqlaması anlaşılandır
Donbasda baş verən hadisələr məhz Ankaranın dəstəyi ilə Kiyevin xeyrinə dəyişməkdədir

Türkiyə Rusiya ilə danışmağın dilini bilir


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyə tərəfinin Donbas problemi ilə bağlı Ukrayna-Rusiya arasında vasitəçilik etmək təklifinə münasibət bildirib. Zaxarova deyib ki, Ukraynanın daxilində olan problemlə bağlı Türkiyənin vasitəçiliyindən söhbət gedə bilməz. XİN rəsmisi Donbas münaqişəsinin Ukraynanın daxili problemi olduğunü söyləyib: “Rusiya münaqişədə tərəf deyil. Bu, Kiyevin Donbasla olan problemidir. Biz Rusiyanı bu münaqişədə tərəf kimi göstərmək cəhdlərinə imkan verməyəcəyik.

Ona görə də burada Türkiyənin Ukrayna və Rusiya arasında vasitəçiliyindən söhbət gedə bilməz. Bununla belə, biz Türkiyə tərəfinə, xüsusi ilə də prezidentinə təşəkkürümüzü bildiririk. Ankara Kiyevi Donbasa qarşı aqressiv fəaliyyət planından çəkindirə bilər”. Xatırladaq ki, Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu hər iki tərəflə - Rusiya və Ukrayna ilə təmasların davam etdiyini bildirib. Nazir bildirib ki, Ankara hökuməti həm Rusiyaya, həm də Ukraynaya gərginliyi azaldacaq addımlar atmağı və daha sakit qalmağı tövsiyə edir: “Yaxın keçmişdə iki ölkənin xarici işlər nazirləri ilə görüşdüm. Cümə günü Prezidentimiz cənab Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə danışacaq. Hər iki ölkə ilə danışıqlar aparırıq”. Çavuşoğlu Rusiyaya qarşı sanksiyaları dəstəkləmədiyini deyib. Bildirib ki, Rusiyaya qarşı sanksiyalar problemi keçmişdə həll edə bilmədiyi kimi, indi də həll etməyəcək:

“Biz bir sıra ölkələrə, bəzən Türkiyəyə qarşı da sanksiyaların tətbiq olunduğunu görmüşük. Amma bu, problemi həll etmir. Deməli, biz yalnız sanksiyalarla Ukraynaya yardım edə bilməyəcəyik”.

Ankaranın Rusiya-Ukrayna arasında vasitəçilik etməsi ilə bağlı “Şərq”ə danışan Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev vurğulayıb ki, Ankara-Moskva münasibətləri qeyri-standart, lakin müəyyən edilmiş xətt üzrə davam edir. Partiya təmsilçisi bəyan edib ki, Türkiyə və Rusiya fərqli rəqib düşərgələri təmsil etmələrinə baxmayaraq, kifayət qədər ehtiyatla ikitərəfli münasibətlər qurmağa nail olublar:

“Suriya və Qarabağda baş verən proseslər fonunda hər iki tərəfin maraqlarını təmin edən fəaliyyətlər mövcuddur. Bu münasibətlərin qurulmasında dominant tərəf təbii ki, Türkiyədir. Türkiyə öz hərbi potensialı və siyasi fəaliyyəti ilə Rusiyanı fakt qarşısında qoyaraq, ona əməkdaşlıqdan başqa seçim buraxmır.

Hazırda Ukraynada, Donbasda baş verən hadisələr Türkiyənin dəstəyi ilə rəsmi Kiyevin xeyrinə dəyişməkdədir. Rusiya bundan çox narahatdır və narazılığını açıq ifadə edir.

Kreml fərqindədir ki, ədalətin və haqqın yanında olan Türkiyənin obyektiv vasitəçiliyi Moskvaya sərf etmir. Mariya Zaxarovanın Türkiyənin Donbas məsələsində siyasi aktivliyindən narahatlığı açıqca bəyan etməsi Rusiyanın növbəti uğursuzluqdan qorxması ilə əlaqədardır.

Türkiyə Xarici işlər naziri Çavuşoğlu bildirdi ki, Rusiyanı sanksiyalarla çəkindirmək mümkün olmayacaq. Görünür, qardaş Türkiyə problemin həlli yollarını bilir. Hesab edirəm, müsbət nəticələri yaxında görəcəyik. Türkiyə Rusiya ilə danışmağın dilini bilir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.