Rusiyada daha bir münaqişə ocağı alovlana bilər...
29-12-2021, 18:31

Ötən gecə Rusiyanın Mahaçqala şəhərində 40-ya yaxın şəxs polislərə hücum edib.
Məlumata əsasən, hücum edən şəxslər arasında silahdan istifadə edən də olub.
Hadisə şahidləri bildirib ki, yolda təmir işi aparan fəhlələr əraziyə giriş-çıxışı bağlayıblar. Bu isə həmin ərazidə yaşayan sakinləri narazı salıb. Onlardan bir qrupu ilə fəhlələr arasında insident yaşanıb.
Lakin hadisə yerinə polislərin də gəlməsi münaqişənin böyüməsinə səbəb olub və nəticədə yerli sakinlər hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum ediblər. Hadisəyə görə yeddi nəfərin saxlanıldığı açıqlanıb.
Qeyd edək ki, Dağıstanda baş verən bu hadisənin Rusiya hökumətinə qarşı bir etiraz dalğasının başlanğıcı olacağına dair ehtimallar səsləndirilir. Hətta Dağıstanda meydana gələn qığılcımın Çeçenistan və Rusiyanın tərkibindəki digər muxtar respubliklara siraət edəcəyi ilə bağlı iddialar da artmağa başlayıb.
Bəs bütün bunların fonunda regionda yeni münaqişə ocağının əmələ gəlməsi mümkündürmü?
TEREF.AZ-ın məlumatına görə, cebhe.info-ya açıqlama verən politoloq Natiq Miri qeyd edib ki, hər zaman Şimali Qafqaz bölgəsi Rusiyaya qarşı belə sosial etirazlara səhnə olur:
“Həmçinin, müəyyən radikal ünsürlərin Kreml hökumətinə qarşı potensial təhlükəsindən istifadə edənlər olub. Bu günüm özünündə belə onlardan bir alət kimi istifadə edənlər var.
Lakin nəzərə almaq lazımdır ki, hazırda Çeçenistan Respublikası Rusiya dövlətinə tam sədaqət nümayiş etdirir. Xüsusən də, Ramzan Kadırovun Vladimir Putinə olan sadiqliyini qeyd etmək lazımdır. Hətta çeçenlərdən indiyə qədər rus hökumətinə qarşı çıxış və ya Rusiyanın xarici siyasət prioritetlərinə zidd olan hər hansısa bir davranış görməmişik. Düzdür, Şimali Qafqazda hansısa kiçik elementlər zaman-zaman ola bilər. Hesab edirəm ki, bu potensial hər zaman var. Bu da radikal islam adına fəaliyyət göstərən ünsürlərdir”.
Politoloq qeyd edib ki, sözügedən ünsürlərin mövcud vəziyyətdə Rusiya dövlətinə qarşı çıxa biləcək potensialları yoxdur:
“Ümumiyyətlə, onların Rusiya hakimiyyətinə qarşı kütləvi şəkildə baş qaldırması mümkün deyil. Çünki onlar o qədər də güclü deyil. Bunun baş verməsi üçün əvvəlcə bu mərkəzlərin təşkilatlandırılması və ciddi mənada silahlandırılması lazımdır. Yalnız bundan sonra həmin bölgələrdə baş qaldırmalar yaşana bilər.
Lakin bu, onların gələcəkdə bunu etməyəcəyi demək deyil. Xüsusilə, Qərb dünyası və ABŞ həmişə belə ünsürlərdən istifadə edə bilər. Nəzərə almaq lazımdır ki, ABŞ bu tip proseslərdə birbaşa iştirak etmir.
Yəni Vaşinqton Şərqdəki Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri kimi islam ölkələrin vasitəsilə radikal islam təriqətlərindən istifadə edir. Fikrimcə, artıq bunun da zəiflədiyini müşahidə edirik. Bütün bunlara görə, ABŞ-ın sponton olaraq Şimali Qafqazda Rusiyaya qarşı böyük üsyanlar təşkil etməsi inandırıcı deyil”.