Ana Vətən Partiyasının Azərbaycanın işğal olunmuş torpaqlarında baş verən son hadisə ilə bağlı bəyanatı.

4-04-2016, 17:24           
Ana Vətən Partiyasının Azərbaycanın işğal olunmuş torpaqlarında  baş verən son hadisə ilə bağlı bəyanatı.

Aprelin 2-nə keçən gecə və gündüz cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən iri çaplı silahlarla intensiv atəşə tutulub. Nəticədə həm milli ordumuz, həm də mülki əhali arasında ölən və yaralananlar var. Mülki əhalinin təhlükəsizliyinin təmin olunması, habelə düşmənə layiqli cavab verilməsi məqsədilə Milli Ordumuz tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində əks-hücum həyata keçirilmiş, erməni birləşmələrinin müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılmış, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən azad olunmuşdur. Milli ordumuzun əsgər və zabitləri böyük qəhrəmanlıq göstərərək, vətənimizə sonsuz sədaqətlərini nümayiş etdirmişlər. Döyüşlərdə şəhidlər də verdik. Allahdan onlara rəhmət diləyirik. Millətimizin başı sağ olsun.
Nəhayət, ölkəmizin işğal olunmuş ərazilərinin hər hansı bir şərt olmadan haqqında BMT-nin qəbul etdiyi qətnamələrə, bir sıra nüfuzlu beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymayan erməni silahlı qüvvələrinə ağır və sarsıdıcı zərbələr vuruldu. Atəşkəsin pozulmasının insan itkilərinə, o cümlədən dinc əhalinin həlak olmasına səbəb olduğunu əsas gətirərək tərəfləri təmkinli olmağa və atəşkəsə riayət etməyə çağıran aparıcı dövlətlərin liderləri və beynəlxalq təşkilatlar bilməlidirlər ki, işğal altında olan torpaqları azad etmək Azərbaycan dövlətinin müstəsna hüququ və haqqıdır. İllərdir ki, işğala son qoymağa bilərəkdən mane olan ATƏT-in Minsk qrupunun həmsədrləri başa düşməlidirlər ki, Azərbaycan ordusu xalqın iradəsinə söykənərək torpaqların işğalı faktı ilə heç vaxt barışmayacaq və havadarlarına arxalanan erməni silahlı qüvvələrini son nəfərinə qədər məhv edəcəkdir.
AVP torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbr diləyir və əminliklə bəyan edir ki, xalqımızla prezidentimizin sarsılmaz birliyi, şanlı ordumuzun qətiyyəti və Uca Tanrının köməyilə şəhidlərimizin qanları yerdə qalmayacaq, doğma torpaqlarımız son qarışına qədər düşmən işğalından azad olunacaqdır.

Ana Vətən Partiyasının Mətbuat Xidməti.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.