Parlamentdən Minsk Qrupuna ittihamlar
6-04-2016, 09:38
Milli Məclisdə Qarabağ müzakirələri - deputatlardan düşmənə sərt xəbərdarlıqlar
Milli Məclisin 5 aprel iclasının gündəliyində 21 məsələ olsa da, deputatların əksəriyyəti Qarabağda baş verənlərdən bəhs etdilər, Azərbaycan ordusunun düşmənə qəhrəmancasına müqavimət göstərib uğurlar əldə etməsini alqışladılar.
Plenar iclas Qarabağda şəhid olanların xatirəsinin yad edilməsi ilə başladı. Spiker Oqtay Əsədov cəbhədəki vəziyyətlə bağlı mövqeyini bölüşdü. O dedi ki, Azərbaycan atəşkəs rejiminə daim əməl etsə də, qarşı tərəf aqressiv mövqe tutub: “Son vaxtlar isə mülki vətəndaşlarımız hətta mərmilərdən atəşə tutulmağa başladı. Aprelin 1-dən 2-sinə keçən gecə Azərbaycan ordusu uğurlu əməliyyat keçirərək bir sıra mühüm yüksəkliklər ələ keçirdi. O yüksəkliklər ki, Azərbaycan əhalisinə problem yaradılırdı, artıq o yüksəkliklər Azərbaycan ordusu tərəfindən alındı. Gərginlik bu günə qədər davam edir”.
O.Əsədov bildirdi ki, sonrakı gün Azərbaycan atəşkəs elan etsə də, Ermənistan buna razılaşmadı: “Ona görə də Ermənistan ordusu Dağlıq Qarabağdan çıxarılandan sonra biz hansısa danışıqlara gedə bilərik. Dağlıq Qarabağda vuruşan Ermənistan ordusudur. Biz status-kvonun qalmasına razı deyilik. Minsk Qrupu toplanır, amma ona inam yoxdur”.
O.Əsədov Azərbaycan ordusuna uğurlu əməliyyata görə təşəkkür etdi. Bildirdi ki, dünya artıq Azərbaycanın mövqeyini qəbul edir: “İnanmaq istəyirik ki, artıq beynəlxalq təşkilatlar həqiqətin mövqeyində dayanacaqlar”.
Deputat Qüdrət Həsənquliyev son uğurlu əməliyyatlar nəticəsində Ermənistanda vahimə yarandığını dedi və bu məqamdan sonadək istifadə etməyə çağırdı: “Təklif edirəm ki, biz Ermənistan xalqına və dünya ictimaiyyətinə müraciət edək ki, biz gənclərin ölümünü istəmirik. Onlar başqa dövlətlərin əlində alətə çevrilmiş Sərkisyan rejimindən xilas olmalıdırlar”. Deputat öz əmək haqqının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna keçirəcəyini bildirdi və həmkarlarını da bu təşəbbüsə qoşulmağa çağırdı.
O.Əsədov dedi ki, Ali Baş Komandan “erməni ölmək istəmirsə, bizim torpaqlardan çıxsın” deyib və odur ki, əlavə müraciətə ehtiyac yoxdur.
Deputat Fəzail İbrahimli isə Türkiyə başda olmaqla, Azərbaycana dəstək verən dost dövlətlərə təşəkkür etdi.
Deputat Qənirə Paşayeva Azərbaycan xalqını və ordusunu qələbə münasibətilə təbrik etdi: “Azərbaycan daim bəyan edirdi ki, bu işğalla heç vaxt razılaşa bilməz. Amma çox təəssüf ki, Ermənistana qarşı heç bir gərəkən addımlar atılmırdı. Bu gün dünya gördü ki, bütün Azərbaycan xalqı Ali Baş Komandanın və ordumuzun yanındadır”. Q.Paşayeva cəbhə zonasında yaşayan əhaliyə güzəştlər edilməsi təklifini verdi.
Zahid Oruc çıxışında bildirdi ki, 2 apreldən sonra Azərbaycanın həyatında Qarabağla bağlı yeni bir mərhələ başlayıb: “Ona görə də biz qələbələrə görə Azərbaycan ordusunu təbrik etməliyik. Bu gün Azərbaycan ordusu vahiddir, xalq Ali Baş Komandanın yanındadır. Bu gün Ermənistanda ölən əsgərlərə görə günahkar Sərkisyandır. Azərbaycan əsgərinin hərbi əməliyyatları sübut etdi ki, Qarabağda erməni əhalisi yaşamayıb, sadəcə, 30 minlik erməni silahlı birləşmələri yerləşdirilib. Ermənistan təzədən bu prosesi Rusiyanın nəzarəti altına salmaq istəyir. Ancaq orada savaşan nə ABŞ, nə Rusiya, nə Türkiyədir. Qarabağda savaşan Azərbaycan ordusudur. Ordumuzun qələbəsini Azərbaycan vətəndaşı, siyasətçisi, diplomatı müdafiə etməyi bacarmalıdır”.
“Sonuncu Ermənistan əsgəri Azərbaycan ərazisini tərk etdikdə biz öz məqsədlərimizə çatdığımızı deyə bilərik”
Spiker Oqtay Əsədov əlavə etdi ki, ermənilər ağır duruma düşüb: “Artıq Ağdərədən Şuşaya kimi bütün ermənilər qaçıb. Əsas məsələ budur. Bu, xalqımızın ordumuza inamının nəticəsidir”.
Vitse-spiker Bahar Muradova şəhidlərə rəhmət dilədi. Dedi ki, bir gün əvvəl özü Füzulidə olub: “Müşahidə etdiyim, qürur duyduğum bir məqam var ki, budəfəki vəziyyət 90-cı illərdən fərqlidir. Sonuncu Ermənistan əsgəri Azərbaycan ərazisini tərk etdikdə biz öz məqsədlərimizə çatdığımızı deyə bilərik”.
B.Muradova dedi ki, döyüş əməliyyatları, onların nəticələri ilə bağlı dəqiq mənbəyə istinad etmədən məlumat yaymaq olmaz: “Ən əsası, sosial şəbəkələrdəki paylaşımlara diqqət yetirmək lazımdır. Bu, oradakı insanları çox narahat edir. Vaxtından əvvəl hansısa informasiyanın yayılması həm ordumuzu, həm də rəsmi qurumları narahat edir”.
B.Muradovanın sözlərinə görə, ATƏT PA-dakı Azərbaycan nümayəndə heyəti qurumun ədalətli mövqeyini elan etməsini gözləyir və bu məqsədlə müraciət edib: “Son erməni əsgəri Azərbaycan ərazisindən çıxmayana qədər hansısa danışıqlardan, atəşkəsə gedilməsindən söhbət gedə bilməz. Bu, təmas xəttində yaşayan əhalinin bizdən istəyidir. İstəyimiz odur ki, beynəlxalq qurumlar öz vəzifələrini yerinə yetirsinlər. Qoy analarımız ağlamasın, Azərbaycan torpağının hər qarışında tökülən qanlar yerdə qalmasın!”
Deputat Siyavuş Novruzov da çıxışa xalqımızı təbriklə başladı. O bildirdi ki, bütün Azərbaycan xalqı prezidentin və ordunun ətrafında birləşdi: “İkinci tərəfdən, beynəlxalq təşkilatlar başa düşdü ki, dondurulmuş münaqişə sülh deyil. Uzun illər ATƏT-in Minsk Qrupunun yarıtmaz fəaliyyəti nəticəsində məsələnin həllində irəliləyişə nail olunmadı”.
S.Novruzov dedi ki, Ermənistan KTMT ilə erməni əhalini sakitləşdirməyə çalışırdı: “Amma bu təşkilat bəyan etdi ki, müharibə Azərbaycan ərazisində getdiyi üçün ona qarışa bilmərik. Beləliklə, bu mif də dağıldı”.
YAP-çı deputat dedi ki, prezidentin əmri ilə o özü də bir əsgər kimi cəbhəyə getməyə hazırdır.
O.Əsədov bildirdi ki, ermənilər yalan xəbərlərlə dünyanı çaşdırmağa çalışır: “Onların bütün cavanları qaçıb. Hələ təmas xəttində savaş gedir, Şuşa şəhəri boşalır. Döyüşə 50 yaşdan yuxarı qocaları, 90-cı illərin saqqallılarını göndərirlər. Dediyim kimi, ermənilərin mülki əhalimizi mərmi atəşinə tutmasına cavab olaraq, ordumuz üç yüksəkliyi azad etdi. Bununla da ətraf ərazilərdə yaşayan dinc sakinlərin təhlükəsizliyi təmin olundu. Ancaq ermənilər dayanmır, yenidən həmin yüksəklikləri geri qaytarmaq istəyir. Hətta Sərkisyan deyir ki, Azərbaycan əvvəlki mövqelərə qayıdarsa, biz kompromislərə hazırıq. Sənin kompromisin bizə lazım deyil. Sən bizim torpaqlarımızı boşalt!”
Deputat Musa Qasımlı mətbuata müraciətlə erməniləri “könüllü” yox, terrorçu, təcavüzkar, işğalçı adlandırmağa çağırdı: “Diqqətli olaq, bütün dünya bizi izləyir”.
Birinci vitse-spiker Ziyafət Əsgərov xatırlatdı ki, atəşkəs rejimi elan olunan 1994-cü ildən bəri Ermənistan ordusu bir gün də olsun atəşkəsə əməl etməyib: “Səbir göstərdik, dözdük, səbirlə danışıqlara getdik. Ancaq ermənilər yenə də öz havadarlarının əli ilə danışıqlarda imitasiya edib status-kvonu saxlamaq istəyirdilər. Son hadisələr göstərdi ki, ermənilər öz hədlərini aşırlar. Məlum oldu ki, Minsk Qrupunun həmsədrləri elə bunlara dayaqdırlar. Belə bir nəticəyə gəlib çıxdıq ki, artıq beynəlxalq hüquq işləmir. Ona görə də ordumuz məsələyə qarışdı. Donuzu darıdan çıxartmaq üçün güc də tətbiq etmək lazımdır. Düşmən ordusu Azərbaycan ordusunun praktiki gücünü gördü. Vaxtilə hərbi paradda silahlarımızı göstərəndə ermənilər deyirdi ki, Azərbaycan bu silahları paradda göstərmək üçün alıb. Son əməliyyatlar sübut etdi ki, bu, belə deyil. Ermənistan ordusu haqqında mif sabun köpüyü kimi əridi, getdi. Erməni komandos deyirdi ki, bizdə elə silah var ki, Azərbaycan hələ onu görməyib. Hanı o silah..?”
Z.Əsgərov qeyd etdi ki, Azərbaycan öz gücünü göstərəndən sonra beynəlxalq təşkilatlar hərəkətə keçib: "İndi görək, bundan sonra beynəlxalq təşkilatlar hansı işləri görəcək".
Vitse-spiker əlavə etdi ki, bu hərbi əməliyyatlar Azərbaycan xalqının ordu və prezidentlə bir yerdə olduğunu təsdiqlədi. O bildirdi ki, güc strukturları arasında çox yaxşı koordinasiya var idi və bizim əməliyyatlar çox savadlı şəkildə hazırlanmışdı.
O, bir məsələni də vurğuladı: “Hərbi əməliyyatlar Azərbaycan ərazisində gedir və erməni ordusu olan ərazidə mülki əhali yoxdur. Mülki əhali biz tərəfdə var, onlar həlak olur, yaralanır. Bunu Azərbaycanda olan diplomatik korpus öz ölkələrinə çatdırmalıdır”.
Bundan sonra ombudsman Elmira Süleymanova illik hesabatını təqdim etdi. Lakin hesabatın təqdimatından sonra da müzakirələr daha çox Qarabağ döyüşləri ilə bağlı oldu.
Elmira Süleymanova bildirdi ki, yaxın günlərdə özü də təmas xəttində olacaq. Əlavə etdi ki, bu gün beynəlxalq təşkilatların böyük nümayəndə heyəti Ombudsman Aparatında qəbul ediləcək. Ombudsman onu da əlavə edib ki, il ərzində aparata daxil olan təkliflər üzərində işlənilir: “Fəaliyyətimiz bütövlükdə müharibə dövrünə, erməni təcavüzünə təsadüf edir. Mütəmadi olaraq hərbi hissələrdə oluruq. 100-dən çox rəsmi bəyanatlarımız olub. Hər bir sənəddə erməni dövlətinin işğalçılıq fəaliyyəti öz əksini tapıb”.
Deputat Siyavuş Novruzov çıxışında sədarətə xitabən xahiş etdi ki, hesabat müzakirəsiz qəbul olunsun: “Bu gün bizim hamımızın ürəyi Qarabağdadır”.
“İllərdən bəri Azərbaycan ordusu Azərbaycana qələbəni dadızdırdı. İnanıram ki, bu qələbələr davamlı olacaq. Biz bu qələbəni sona çatdırmalıyıq. Beynəlxalq təşkilatlar Azərbaycana müraciət etmək əvəzinə, Ermənistana sanksiyalar tətbiq etməlidir ki, nəhayət, işğalçı qoşunlar torpaqlarmızı tərk etsin”, - deyə, Milli Məclisin iclasında çıxış edən deputat Fəzail Ağamalı bu fikirləri söylədi.
Vitse-spiker: “Erməni komandos deyirdi ki, bizdə elə silah var ki, Azərbaycan hələ onu görməyib. Hanı o silah..?”
O, son günlər Qarabağ cəbhəsində qazandığımız uğurlardan da danışdı və ordumuzu təbrik etdi: “Nə qədər ki, Ermənistanın sonuncu əsgəri ərazilərimizdən çıxmayıb, bizim ordumuz silahını yerə qoymamalıdır. Bu gün Azərbaycan xalqı dövlətlə, ordu ilə bir yerdədir. Azərbaycan xalqı, ordusu və prezidenti bütün dünyaya sübut etdi ki, Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var. Biz xarici dəstəkdən istifadə edib, ermənilərə öz yerini göstərməliyik. Son uğurlu əməliyyatlara görə cənab prezidentə, müdafiə nazirinə, igid əsgərlərimizə öz minnətdarlığımızı bildiririk”.
Deputat Fuad Muradov da Qarabağdakı uğurlarımıza görə təbriklərini söylədi: “Bu gün ermənilər post qurur ki, hərbçilər döyüş meydanından qaçmasın. Biz isə post qururuq ki, könüllülərimiz, gənclərimiz döyüş bölgəsinə keçməsinlər”.
F.Muradov ombudsmandan öz nüfuzundan istifadə edərək, hərbi cinayətlər törədən Sərkisyan və digərləri barədə beynəlxalq təşkilatlara müraciət etməyi xahiş etdi: “Artıq dünyada hərbi cinayətkarların beynəlxalq məhkəməyə çıxarılması prosesi başlayıb və burada bir nömrəli namizəd Serj Sərkisyandır. Ona görə də Elmira xanım, sizdən xahiş edirəm ki, beynəlxalq ombudsman şəbəkəsinə çıxış edəsiniz”.
Deputat Əflatun Amaşov da qələbə xəbərləri ilə bağlı xalqımızı təbrik etdi, ordumuza uğurlar arzuladı. Daha sonra Mətbuat Şurasının sədri cəbhədəki hadisələrin mətbuatda işıqlandırılmasından bəhs etdi: “Azərbaycan ordusu cəbhə xəttində baş verənlərə paralel olaraq, imtahan verdi”. Ə.Amaşov qeyd etdi ki, jurnalistikanın imtahanı davam edir: “Azərbaycan jurnalistikası üzərinə düşən öhdəlikləri əvvəlki illərlə müqayisədə yerinə yetirə bilir. Bir sıra nüanslar və xəbər saytları istisnadır. Bir sıra saytlarda xəbərlər dəqiqləşdirilmədən tələsik verilir. Lakin ümumilikdə KİV-lər gərgin vəziyyətdə normal iş fəaliyyəti ortaya qoyurlar, operativ işləyə bilirlər”.