Azərbaycan XİN Ermənistanın son əməllərilə bağlı müraciət ünvanladı

6-04-2016, 19:27           
Azərbaycan XİN Ermənistanın son əməllərilə bağlı müraciət ünvanladı
“Artıq 20 ildən çoxdur Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq etməkdədir”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib və 1 milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyub, Azərbaycan ərazisində çoxsaylı digər müharibə cinayətləri, bəşəriyyət əleyhinə cinayətlər və soyqırımı törədib: “Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən və işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT+Təhlükəsizlik+Şurası">BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə Ermənistan açıq şəkildə məhəl qoymur. 2016-cı ilin 2 aprel tarixində səhər erkən saatlardan başlayaraq Ermənistan münaqişə zonasında hərbi fəaliyyətini intensivləşdirərək, mülki əhaliyə qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərə bərabər tutulan çoxsaylı aktlar törədib. Bu müddət ərzində Ermənistan tərəfi Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların olduğu mülki əhaliyə qarşı qəsdən, sistematik və hədəflənən hücumlar edib. 32 yaşayış məntəqəsinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik iki uşaq olmaqla, 6 mülki şəxs həlak olub, 26 şəxs ağır yaralanıb”.

Qeyd olunub ki, Ermənistanın hücumları nəticəsində həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastruktura ciddi ziyan dəyib. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdılıb. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla, sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirilib. Bir məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vurulub.

Məlumata əsasən Ermənistanın qeyd olunan cinayətkar əməlləri beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyaları və onlara əlavə protokolların, eləcə də silahlı münaqişələr zamanı mədəniyyət obyektlərin mühafizəsinə dair 1954-cü il Haaqa Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasıdır: “Mülki əhaliyə qarşı törədilmiş bu qəsdli hücumlar nəticəsində çoxlu sayda mülki şəxs özünün yaşamaq, sağlamlıq, təhsil və dini etiqadların yerinə yetirilməsi kimi fundamental hüquqlarından məhrum edilib. Ermənistan tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq edilməsinin qarşısının alınması və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki mülki əhali və əmlakın təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görməkdədir. Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb ki, regionda hökm sürən gərginliyin başlıca səbəbi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğudur. Ermənistanda bir qrup müharibə canisi tərəfindən idarə olunan hazırkı hərbi diktatura rejiminin son əməlləri beynəlxalq sülh və təhlükəsizlik, eləcə də sivil dünyanın önəm verdiyi dəyərlər üçün ciddi təhlükədir. Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanı beynəlxalq humanitar hüququ kobud şəkildə pozduğuna görə ittiham etməyə çağırır. Azərbaycan regionda sülh və ədalətin təmin edilməsi üçün səylərini əsirgəməyəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.