İşğalçı dövlət olaraq danışıqlarda indiyədək Ermənistan iştirak edib, bundan sonra da belə olacaq - Azərbaycan XİN

8-04-2016, 21:18           
İşğalçı dövlət olaraq danışıqlarda indiyədək Ermənistan iştirak edib, bundan sonra da belə olacaq - Azərbaycan XİN
"Beynəlxalq hüquq prinsiplərinə və BMT Nizamnaməsinə zidd olaraq, Azərbaycana qarşı güc tətbiq edərək ərazilərini işğal edən tərəf Ermənistandır. İşğal edilmiş ərazilərdə qanunsuz olaraq, Ermənistan silahlı qüvvələri mövcuddur".
APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan Xarici İşlər Nazirliyi rəsmilərinin qondarma rejimin guya danışıqlar prosesinin tərəfi olması barəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

”Münaqişə ilə əlaqədar qəbul edilmiş digər beynəlxalq sənədlərdə olduğu kimi, 16 iyun 2015-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının "Çıraqov və digərləri Ermənistana qarşı" işi ilə bağlı qərarında da işğalçı tərəf kimi Ermənistanın məsuliyyəti bir daha təsbit olunub. Qərarda deyilir: “Ermənistan Respublikası özünün hərbi mövcudluğu, hərbi ləvazimat və təcrübə təmin etməklə əsaslı şəkildə ən erkən günlərdən etibarən Dağlıq Qarabağ münaqişəsinə cəlb olunub”, “onun hərbi dəstəyi sözügedən ərazilərin ələ keçirilməsi və onlar üzərində nəzarətin davam etdirilməsində həlledici amil olub və olmaqda davam edir. Nəticə etibarilə, Ermənistan Dağlıq Qarabağ və ətraf ərazilər, o cümlədən Laçın rayonu üzərində effektiv nəzarəti həyata keçirir”, - deyə o vurğulayıb.

H. Hacıyev qeyd edib ki, Ermənistan Azərbaycana qarşı törətdiyi təcavüz və işğalı ört-basdır etmək və beynəlxalq ictimaiyyəti aldatmaq üçün işğal edilmiş ərazilərdə qondarma rejim yaradıb. “5 aprel tarixində atəşkəs barədə razılıq da münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında əldə edilib. İndiyə qədər də işğalçı dövlət olaraq, məsuliyyət daşıyan tərəf kimi danışıqlar prosesində Ermənistan iştirak edib və bundan sonra da belə olacaq. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları var, rəsmi Bakı həmişə bu icmalar arasında təmasların yaradılmasının tərəfdarı olub”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.