Ermənilərin anti-Rusiya mitinqi - İrəvanın və Moskvanın oyunu
15-04-2016, 09:36
İqbal Ağazadə: “Bununla dünyanı, Azərbaycanı aldatmaq istəyirlər ki, guya Rusiya artıq Ermənistanın tərəfində deyil, tərəfsizdir”
İşğalçı Ermənistanda Rusiyaya qarşı etiraz aksiyaları keçirilir. Belə yürüş-mitinqlərdən ən böyüyü aprelin 13-də Rusiyanın İrəvandakı səfirliyinin qarşısında oldu. Ermənistan KİV-nin yaydığı xəbərlər və videomateriallarda etirazçılar “Rus qoşunları Ermənistandan rədd olsun!”, “Siz müttəfiq deyilsiniz!”, “Rusiya, Azərbaycana silah satma”, hətta “Putin-terrorist” şüarlarını səsləndiriblər. Mitinq təşkilatçıları polis kordonlarının əhatəsində olmasına baxmayaraq, səfirliyin binasına bir neçə dəfə yumurta da tullayıblar.
Ekspertlər hesab edir ki, əslində burada Ermənistan hakimiyyətinin hədəfi nə Rusiya, nə də onun Azərbaycana silah satmasıdır. Çünki ermənilərin etirazı ilə buna əngəl olmağın mümkünsüzlüyünü ən gözəl bilən elə Serj Sərkisyanın özüdür. Ehtimallara görə, ermənilərin anti-Rusiya mitinqi əslində Rusiyanın da maraqlarına xidmət edən bir oyundur. Bu oyunu hakimiyyət Rusiyanın razılığı və istəyi ilə oynayır.
Bir çox təhlilçilərə görə, Rusiyanın gələcək planlarında öz qoşunlarını sülhməramlı qoşunlar adı altında Qarabağa yerləşdirmək planı var. Bunun üçün də o, tərəfsiz olmalıdır. İrəvandakı etiraz aksiyaları Rusiyaya məhz belə bir imici süni şəkildə yaratmağa da xidmət edir.
Ümid Partiyasının sədri İqbal Ağazadə də bu barədə danışarkən bildirdi ki, Ermənistandakı Rusiya əleyhinə mitinq səmimi deyil. Bu, Ermənistan siyasi hakimiyyətinin oyunudur və Rusiyanın marağına xidmət edir. Odur ki, anti-Rusiya mitinqi bir az da Rusiyanın oyunudur: “Rusiya Qarabağ məsələsində həmişə Ermənistanın tərəfində olub və bunu bütün dünya bilir. İndi Rusiyanın özünün də marağındadır ki, həmişə tərəfini saxladığı, güzəştli şərtlərlə, bir çox hallarda pulsuz silahlandırdığı işğalçı Ermənistanda Rusiyanın əleyhinə şüarlar səsləndirməklə region problemlərinin həllində Rusiyanın tərəfsiz olduğu görüntüsünü ortaya qoysun. Bu mitinqlərlə dünyanı, Azərbaycanı aldatmaq istəyirlər ki, guya Rusiya artıq Ermənistanın tərəfində deyil. Eyni zamanda bu mitinqlər vasitəsilə Ermənistanı Rusiyanın silahlandırması üçün psixoloji baza hazırlanır. Müttəfiqliyin daha irəli gedən çalarları üzərində daha çox işləyirlər”.
İ.Ağazadə bununla belə, vurğuladı ki, indiki vəziyyətdə Qarabağ məsələsində status-kvonun dəyişdirilməsi və yaxud sülh sazişinin imzalanması və rus qoşunlarının bölgəyə yerləşdirilməsi Rusiyaya hələlik lazım deyil: “Rusiya hələlik arbitr rolunu oynaya, tərəflərə təzyiq edə bilən konfliktin olmasını istəyir. Qarabağ konfliktinin qalması Rusiyanın tərəflərə təzyiqi üçün imkanlar yaradır. Bölgədə rus qoşunları olmadan da Rusiya təzyiq imkanlarına malikdir. Konfliktin həll edilməmiş qalması Moskvaya daha çox lazımdır. Əgər konflikt son həddə çatarsa, Rusiya artıq görsə ki, regionda mövqelərini itirir, ən son anda qoşunlarını regionda yerləşdirmək istəyər. Abxaziya və Cənubi Osetiya məsələsində də ən son anda Rusiya qoşunlarını oraya yerləşdirmişdi. Gürcüstan regionu özünə tabe etdirmək üzrə idi, Rusiya tamamilə öz mövqelərini itirirdi və prosesdən tamamilə kənarda qalırdı. Ona görə də Rusiya son anda qoşunlarını bölgəyə yeritdi. Bu gün Ermənistan-Azərbaycan münaqişəsində hələlik Rusiya kənarda qalmadığı, dominantlıq etdiyi üçün sülhməramlı adı altında olsa da qoşun yeritmək mərhələsi görünmür. İndiki halda Rusiya status-kvonun dəyişməsini, Qarabağ münaqişəsinin həllini istəmir. Rusiyaya hər zaman alovlandıra biləcək, tərəfləri təxribata çəkə biləcək, istədiyi manevrləri edə biləcək bir konflikt lazımdır. Bu gün danışıqlarda guya müxtəlif həll variantlarından, 5 rayonun, sonra iki rayonun qaytarılmasından, sonra sülhməramlı qüvvələr yerləşdiriləcəyindən söz açılır. Bütün bunlar hamısı boş təbliğat materiallarıdır. Heç nə dəyişməyəcək. 1994-cü ildən bu yana olan status-kvoda nə irəliləyiş, nə də geriləmə olmayacaq. Çünki Rusiyaya Qarabağ konflikti hələlik belə lazımdır”.
“O zaman Azərbaycanın yeganə yolunun müharibəni davam etdirmək olduğu meydana çıxmırmı” sualına isə İ.Ağazadə belə cavab verdi: “Müharibəni davam etdirmək məsələsi də mübahisəli məsələdir. Çünki müharibə faktiki olaraq Rusiyanın nəzarəti altındadır. Düyməni də Rusiya basır, dinamikliyi də Rusiya təmin edir. Əslində Ermənistan-Azərbaycan tərəflərinə təsir göstərən Moskvadır. Danışıqlar mərhələsini pozan, danışıqlar mərhələsində tərəflərin razılığa gəlməsini əngəlləyən də, gərginliyi artıran da Rusiyadır. Ona görə də müharibənin özü də bu gün Rusiyanın nəzarəti altında keçir, hətta tərəflər aparsa belə. Müharibə şərtlərini də Moskva diktə edir. 28 ildir Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün eyni qapı göstərilir - müharibə qapısı. O müharibə qapısında Azərbaycan və Ermənistan tərəfi itirir, genəldə isə Rusiya qazanır. Nəzarət paketi Moskvanın əlindədir. Ona görə də müharibə variantını istisna edirəm. Qarabağa başqa qapıdan girmək lazımdır. Konfliktin həllində maraqlı olan Qərb dövlətlərinin buna dəstəyini almaq, Rusiyasız Cənubi Qafqaz variantının bütün imkanları yoxlanılmalıdır. Türkiyənin regiona daxil olması və NATO-nun, Avropa Birliyinin Cənubi Qafqaza gətirilməsi lazımdır. Bunsuz problemin həllində indiki vəziyyət dəyişməyəcək”.musavat.com