Politoloqdan müxalif partiya sədrlərinə “avantürist” ittihamı

27-04-2016, 09:25           
Politoloqdan müxalif partiya sədrlərinə “avantürist” ittihamı
“Gərək Putinin çağırışına məhəl qoyulmayaydı” kimi fikirlər bildirən siyasətçilər bu gün özləri hakimiyyətdə olsaydılar...”
Ermənistan prezidenti Serj Sərkisyanın sülh danışıqlarından imtina kimi şərh edilə bilən bəyanatlarla çıxış etməsi Azərbaycanda bəzi müxalifət partiyalarının sədrlərinin əlinə müharibə məsələsində hakimiyyətin üzərinə getməsi üçün fürsət verib.

Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin zəngindən sonra atəşkəsə gedilməsinin yanlış olduğunu bildirərək “Gərək Putinin çağırışına məhəl qoymayıb başlanan müharibəni davam etdirəydik” kimi mövqe ortaya qoyan bəzi partiya rəhbərləri eyni tipli bəyanatları yenə ifadə etməyə başlayıblar. Onlar indi də deyirlər ki, Sərkisyanın danışıqlardan imtinası və hər an müharibənin başlana biləcəyini elan etməsi, həmçinin son günlər cəbhə xəttində atışmaların intensivləşməsi onların “gərək Putinə fikir verməyib müharibəni davam etdirəydik” bəyanatlarının haqlı olduğunu təsdiqləyir.

Politoloq Qabil Hüseynli isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu mövqedə olanlar ciddi surətdə yanılırlar. Çünki əvvəla, Putin əslində təhdidlə atəşkəs rejiminə əməl edilməsinə çağırdı, müəyyən xof elementləri yaratmaq üçün Şimali Qafqaz hərbi dairəsinin 10 minə yaxın qoşununu Dağıstana gətirdi və orada hərbi təlimlərə başladı. Hətta bəzi Jirinovski tipli şəxslərin dili ilə Rusiyanın Cənubi Qafqazda xaos yarada biləcəyi ehtimalını da ictimai fikrə təlqin etdi. Belə olan halda siyasətçi gerçəkçi olmalı və reallıqları nəzərə almalıdır: “Dəyişən reallıqlar onu büruzə verdi ki, Rusiya Ermənistanı hərbi iflasdan xilas etmək istəyir. Bunun üçün də əlində olan imkanları işə saldı. Hadisələrin son inkişafı da bunu təsdiq elədi. Belə şəraitdə hansısa müxalif partiya liderlərinin ”gərək Putinin çağırışına məhəl qoyulmayaydı, müharibə davam etdiriləydi" kimi hədə xarakterli bəyanatlarının əsası yoxdur.

Bu, demoqogiyadan uzağa gedə bilməz. İkincisi, müharibə haqqında ciddi məlumatları, bilgiləri olan şəxs Rusiyanın nə istədiyini, Rusiya faktorunu görməyə bilməz. Bu və digər çox mühüm məqamlar var ki, onları nəzərə almadan belə bəyanatlar vermək ümumiyyətlə proseslərdən bixəbərlikdən və hətta avantüristlikdən xəbər verir. Biz çox qəvi düşmənə qarşı mübarizə aparırıq. Onun arxasında ondan da geri qalmayan bir qəyyum dayanır. Dünya ictimai rəyinin, Avropa ölkələrinin özü, ABŞ bu qəyyumla çox ehtiyatla davranır. Bu qəyyumun dünyanı fəlakətə sürükləmək niyyətində olduğunu da hər kəs söyləyir. Belə bir şəraitdə dünyanın bir nömrəli dövləti bu qəyyumla ehtiyatlı davranıb onu tədricən taqətdən salmaq xətti götürübsə, biz niyə onunla qarşıdurmaya gedib özümüzü ciddi zərərə uğratmalıyıq. Bu məsələdə bəzi müxalif siyasətçilərin Azərbaycan hakimiyyətinə dərs vermək cəhdlərini əsl siyasətçiyə xas olmayan davranış kimi qiymətləndirirəm".

Q.Hüseynli hesab edir ki, “gərək Putinin çağırışına məhəl qoyulmayaydı” kimi fikirlər bildirən siyasətçilər bu gün özləri hakimiyyətdə olsaydılar, onlar da indiki Azərbaycan hakimiyyəti kimi davranmağa məcbur olardılar: “Onlar da Rusiya faktorunu mütləq nəzərə alacaqdılar, reallıqları nəzərə alıb buna uyğun da hərəkət edəcəkdilər. İndi müxalifətdədirlər deyə hakimiyyətə qarşı məlum hadisəni əsas götürüb çıxış edirlər. Psevdovətənpərvərlik mövqeyindən ictimai rəyə müxtəlif mesajlar ötürmələri siyasətdən bixəbərlik əlamətidir. Eyni zamanda burada əməlli-başlı avantüra elementləri var”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.