Əcnəbilər Rusiyanı niyə tələm-tələsik tərk edir? - "Ölkənin mərkəzi vurula bilər"

30-09-2022, 17:37           
Əcnəbilər Rusiyanı niyə tələm-tələsik tərk edir? -
Rusiyanın Ukrayna şəhərlərində keçirdiyi qanunsuz “referendum” əsas gündəm mövzusudur.

Bu gün səhər saatlarında Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Xerson və Zaporejye vilayətlərinin “müstəqilliyi”nin tanınması barədə fərman imzalayıb. Həmçinin, onun qarşıdakı saatlarda Donetsk və Luqansk vilayətlərinin də Rusiyanın tərkibinə daxil olması ilə bağlı fərman imzalayacağı gözlənilir.

Xatırladaq ki, Putin ötən həftə Rusiya ərazilərinə qarşı təhdid yaranarsa, nüvə silahından istifadə edəcəyini açıqlayıb. Lakin onun Rusiya əraziləri dedikdə “referendum” keçirilən Ukrayna şəhərlərini də nəzərdə tutduğu hər kəsə aydındır. Hətta həmin ərazilərin geri alınması ilə bağlı hücum olacağı təqdirdə, Kremlin Ukraynaya rəsmən müharibə elan edəcəyi də gözlənilir.

Onu da bildirək ki, Ukraynada keçirilən “referendum” dünyanın heç bir ölkəsi tərəfindən tanınmadı və Rusiyaya qarşı təhdidlər daha da artdı. Artıq ABŞ, Rumıniya, Belçika və İtaliya kimi ölkələr vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb. Bütün bunlar isə yaxın zamanda müharibənin Rusiya ərazilərinə keçəcəyi iddialarının yayılmasına səbəb olub.TEREF.AZ-ın məlumatına görə, ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında bildirib ki, Kreml tərəfindən atılan bu ağılsız addımlar Rusiya üçün çox böyük fəlakətlərlə gətirib çıxaracaq:

“Rusiya çox şey deyə və istəyə bilər, amma fakt faktlığında qalır ki, o ərazilər Ukrayna əraziləridir. Heç bir halda həmin şəhərlər Rusiya ərazisi kimi tanınmayacaq. Əksinə, Kreml buna görə məsuliyyət daşıyacaq. Ukrayna ordusu Rusiya ordusunu sıxışdırmağa davam etdiyi üçün Vladimir Putin tələsik halda bu işləri həyata keçirir. Lakin rus ordusu nə qədər çalışsa da, vəziyyəti xilas edə bilməyəcək. Hesab edirəm ki, rəsmi Moskva hədə-qorxu gəlməklə nəyəsə nail ola bilməz. Həmçinin, Ukrayna silahlı qüvvələrinin Rusiya ordusuna çox sərt zərbələr vuracağı da qaçılmazdır. Ona görə də Putin məsuliyyətdən yaxa qurtarmaq üçün bu oyunları oynayaraq, sənədlər imzalayır. Ümumiyyətlə, çaşqın Putin hakimiyyətinin nə deməsindən asılı olmayaraq, Rusiyanın bütün dünyada təcrid vəziyyətinə salınması prosesi davam etdiriləcək”.

Ekspert bir çox dövlətin vətəndaşlarını Rusiyanı tərk etməyə çağırmasının səbəbindən də danışıb:

“Çünki Rusiyanın mərkəzi vurula bilər. Ona görə də bir çox dövlət vətəndaşlarını Rusiyadan uzaq durmağa çağırır. Bu addım böyük dövlətlər tərəfindən atılacaq. Yəni Kreml Ukraynaya qarşı nüvə başlıqlı taktiki raketlərdən istifadə etsə, ABŞ, Böyük Britaniya və ya digər böyük dövlətlər Rusiyanı vuracaqlar. Həmçinin, Putin Ukraynaya müharibə elan edəcəyi təqdirdə də heç nəyə nail olmayacaq. Məgər, indiyə qədər oyun oynayırdılar? Onsuz da aylardır müharibə gedir. Reallıq odur ki, Rusiya indiyə qədər Ukraynaya qarşı elan olunmamış müharibə aparırdı. Yəni Putin müharibə elanı etməmiş heç nəyə nail olmadı, elan etdikdən sonra da nəticə dəyişməyəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru