Rusiya-Türkiyə münasibətlərində Bakının vasitəçiliyi yenidən aktuallaşıb

27-05-2016, 10:52           

Əli Həsənov və Elmar Məmmədyarovun açıqlamalarından bu, aydın şəkildə sezilir; politoloq isə fərqli düşünür

Ötən ilin noyabrında gərginləşən və bu günə qədər davam edən Türkiyə-Rusiya münasibətləri fonunda Azərbaycanın hər iki ölkə arasında vasitəçi olmaq məsələsi yenidən aktuallaşıb.

Belə ki, prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və xarici işlər naziri Elmar Məmmədyarovun mayın 25-də verdikləri açıqlamalardan da bu aydın şəkildə görünür.

Ə.Həsənov bildirib ki, Rusiya ilə Türkiyə arasındakı münasibətlər Azərbaycanı narahat etməyə bilməz: “Azərbaycan hər iki dövlətlə yüksək səviyyəli, strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Digər tərəfdən, yaşadığımız regionun iki böyük ölkəsi arasında hər hansı problem dərhal bütün bölgənin sabit inkişafına mənfi təsir göstərir. Prezident İlham Əliyev qeyd etmişdi ki, Azərbaycan hər iki ölkə ilə tarixən sıx əlaqələrə malikdir və bu gərginlikdən təəssüf və narahatlıq hissi keçirir. Dövlət başçısı Azərbaycan tərəfinin Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylər göstərməyə hazır olduğunu ifadə etmişdi. Buna görə də biz Rusiya ilə Türkiyə arasında gərginliyin, ikitərəfli münasibətlərə kənar təsirlərin aradan qaldırılmasına çalışırıq. Rusiya və Türkiyənin öz səylərini ortaq maraqlar üzərində davam etdirməsi, keçmişə deyil, gələcəyə istiqamətlənmiş birgə fəaliyyəti həm regionumuz, həm də Azərbaycan üçün çox vacibdir”.

XİN rəhbəri E. Məmmədyarovun sözlərinə görə isə Azərbaycan Türkiyə ilə strateji müttəfiq, Rusiya ilə strateji tərəfdaşdır: “Bu gün Rusiya və Türkiyə arasında olan münasibətlər Azərbaycan üçün arzuolunan deyil. Rusiya və Türkiyə Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin qorunmasında mühüm rol oynayırlar və Azərbaycan əvvəlki kimi hər iki ölkə ilə münasibətlərinin bütün mümkün üsullarla genişləndirilməsində maraqlıdır. Ümid edirik ki, birgə səylər nəticəsində Rusiya və Türkiyə arasında münasibətlər dialoq və qarşılıqlı anlaşma yolu ilə normallaşacaq”.

Politoloq Şahin Cəfərli Azərbaycanın baş verənlərdən ən çox narahat olan ölkə olduğunu qeyd etdi: “Ötən ilin noyabrında Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra bu məsələdən ən çox narahatlıq duyan ölkə məhz Azərbaycan olub. İki ölkə arasındakı gərginlik davam etdikcə, Azərbaycan tərəfinin narahatlığı da artır. Bu, bir sıra səbəblərlə əlaqədardır. Əvvəla, hər iki ölkə ilə yaxın münasibətlərə malik olan rəsmi Bakı Türkiyə ilə Rusiya arasındakı problem səbəbilə özünü diskomfort vəziyyətdə hiss edir. Məsələn, Azərbaycan-Türkiyə münasibətlərinin, xüsusən hərbi sahədə əlaqələrin dərinləşməsi Rusiyada qıcıq yaradır. Azərbaycan tərəfi ehtiyatlanır ki, Türkiyə ilə münasibətlərin inkişafı Rusiya ilə münasibətlərə mənfi təsir göstərə bilər. Yaxud əksinə, Azərbaycanın Rusiya ilə ikitərəfli əlaqələri kontekstində atılacaq hansısa ciddi addımların Türkiyədə mənfi qarşılanması ehtimalı da var. Bu, Bakının manevr imkanlarını bir qədər daraldır. İkincisi, Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi Moskva üçün Ermənistanın strateji əhəmiyyətini daha da artırıb ki, bu durum Azərbaycanın maraqlarına uyğun deyil. Təsadüfi deyil ki, Rusiya ”Su-24" hadisəsindən sonra Ermənistandakı hərbi bazalarını gücləndirmək xətti yeridir, həmin bazalara müasir silahlar və hərbi sistemlər göndərir. Ermənistanın da yaranmış vəziyyətdən fayda götürməyə çalışdığı ortadadır. Üçüncüsü, Rusiya-Türkiyə münasibətlərindəki böhranın Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın mənafeyinə uyğun həllini çətinləşdirdiyi barədə fikirlər də mövcuddur. Mən şəxsən həmin fikirlərə qatılmasam da, istisna deyil ki, Azərbaycan iqtidarı da məhz o cür düşünür".

Ş.Cəfərli Rusiya ilə Türkiyənin üçüncü ölkənin vasitəçiliyinə ehtiyaclarının olmadığı qənaətindədir: “Azərbaycanın iki ölkə arasında mümkün vasitəçiliyinə gəldikdə isə hesab edirəm ki, Türkiyə və Rusiyanın üçüncü ölkənin vasitəçiliyinə ehtiyacı yoxdur. Problemlərə rəğmən, iki dövlət arasında diplomatik əlaqələrin səviyyəsində dəyişiklik baş verməyib, Ankara və Moskvadakı səfirlər geri çağırılmayıb və fəaliyyətlərini davam etdirirlər. Yəni dialoq kanalları tam açıqdır və tərəflər istəsələr, çox asanlıqla təmas qura bilərlər. Buna heç bir maneə yoxdur. Bəlkə də aşağı səviyyədə, diplomatlar arasında qarşılıqlı təmaslar var. Əlbəttə ki, Azərbaycan hər iki dövlətlə yaxın münasibətlərə malik ölkə kimi tərəflərin yaxınlaşmasına töhfə vermək imkanındadır. Ehtiyac yaranarsa, tərəflərin istəyi və razılığı ilə onların istənilən səviyyəli təmsilçilərinin Bakıda görüşünü təşkil etmək də mümkündür. Lakin bu məsələ Moskva və Ankaranın, konkret olaraq Putin və Ərdoğanın iradəsindən asılı olan bir məsələdir. Gec-tez Türkiyə ilə Rusiya arasındakı problemlər öz həllini tapacaq və münasibətlər düzələcək, lakin iki ölkə münasibətlərinin ”Su-24" hadisəsindən əvvəlki səviyyəyə qayıdacağına inanmıram".(musavat.com)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.