SƏRHƏDDƏKİ TƏXRİBATLARIN ARXASINDA KİM DAYANIB?
7-05-2023, 10:44

Ermənistan Azərbaycana qarşı təxribatlarına davam edir.
Belə ki, dünən ermənilər tərəfindən Azərbaycanın mühəndis işləri görən traktoru atəşə tutulub.
Azərbaycan Müdafiə Nazirliyi cavab tədbirlərinin görüldüyünü açıqlayıb:
"Mayın 5-i saat 12:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində, şərti sərhəddə yerləşən üzbəüz mövqelərimizdə mühəndis işləri görən traktoru atəşə tutub. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb".
Bildirək ki, Azərbaycanla Ermənistan arasında hər dəfə sülh müqaviləsinin imzalanmasına dair uğurlu addımlar atıldıqdan sonra belə təxribatlar baş verir.
Ekspertlər hesab edirlər ki, Ermənistan ordusundakı bəzi qüvvələr Baş nazir Nikol Paşinyana qarşı çıxaraq, onun sülh müqaviləsi imzalamağına mane olmağa çalışırlar. Hətta bütün bu proseslərin intensivləşərək Ermənistanda dövlət çevrilişinə belə səbəb olacağı ehtimalları səsləndirilir.
Bəs deyilənlər nə dərəcədə həqiqətə uyğundur?
TEREF.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, təxribatların baş verəcəyi gözlənilirdi:
"Sülh müqaviləsi ilə bağlı fikirlərin gündəmə gəldiyi bir vaxtda təxribatların baş verməsi gözlənilən idi. Ancaq bu təxribatları tamamilə Nikol Paşinyanın iradəsindən kənar baş verdiyini düşünmək sadəlövhlük olardı. Təxribatlarda məqsəd sülhə götürən yolu maksimum ləngitmək, separatizm problemini həll etmədən Bakını tələm-tələsik sülh imzalamağa sövq etməkdir. Halbuki rəsmi Bakı birmənalı mövqe ortaya qoyur ki, bütün problemlər kompleks həllini tapmadan sülhün imzalanması mümkünsüzdür".
Politoloq əlavə edib ki, Ermənistan qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir:
"Rəsmi İrəvan çalışır ki, separatizm Bakı-Xankəndi formatında müzakirə olunsun. Əlbəttə ki, bu qəbuledilməzdir. Üstəlik yaxın zamanda Moskvada görüşün keçiriləcəyini də nəzərə alsaq, bunu ənənəvi olaraq Ermənistan tərəfinin görüş öncəsi masadakı müzakirə mövzusunun yönünü dəyişmə taktikası kimi anlamaq olar. Digər tərəfdən isə Rusiya amili də gözardı edilməməlidir. Xüsusən Vaşinqton görüşü sonrası Moskvadan praktiki irəliləyiş yalnız Rusiya platformasında əldə edilə bilər mesajı da ötürüldüyünü ehtimal edə bilərik".