Rusiyada çaxnaşma: Sərhədi keçib döyüşə başladılar - İki hədəf vuruldu

23-05-2023, 11:13           
Rusiyada çaxnaşma:
Belqorod vilayətindəki durum Rusiyanın informasiya məkanında çaxnaşma və qruplaşmaya səbəb olub. Bütün bunlar Kremlin “təbliğat maşını”nın ciddi informasiya sarsıntıları yaşadığından xəbər verir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında bildirilir.

Müxtəlif Rusiya mənbələrinin hər birinin baş verənlər haqda öz fərziyyələri var. Bəzi rusiyalı blogerlər “Rusiya Könüllülər Korpusu” və “Azad Rusiya” Legionunun əsasən ruslardan ibarət olmasına diqqət çəkirlər və onları “satqın” adlandırırlar. Rusiyada hər iki hərbi qruplaşma Ukrayna kəşfiyyatı ilə (QUR) işləməkdə ittiham olunur.

Eyni zamanda, bəzi mənbələr hücumun diqqəti Baxmutun ələ keçirilməsindən yayındırmaq və Rusiyanın informasiya məkanında çaxnaşma salmaq məqsədi daşıyan “məqsədyönlü informasiya əməliyyatı” olduğu iddiasını irəli sürüb.

Luqanskdakı separatçıların keçmiş komandiri, polkovnik İqor Strelkov-irkin indi baş verənləri qabaqcadan gördüyünü və bunları Ukraynanın daha geniş əks-hücum strategiyasının bir hissəsi hesab etdiyini bildirib.

“Vaqner” lideri Yevgeni Priqojin Belqoroda hücumla bağlı Rusiya hökumətini və müdafiə qüvvələrini ittiham edib. Onun sözlərinə görə, Rusiya sərhədlərinin müdafiəsi düzgün aparılmır, zəif təşkil olunub.

ISW vurğulayır ki, Rusiyanın müdafiə istehkamlarının birinci xətti Xora Podoldan 2 km məsafədədir. Belə bir ehtimal var ki, “Rusiya Könüllülər Korpusu” bu xətti yarıb keçə bilib. Bu, həmin istehkamların zəifliyindən və peşəkar kadrların çatışmazlığından xəbər verir.

ISW hərbi müdaxilənin Rusiyada çaşqınlıq yaratdığını iddia edir.

“Rusiya Könüllülər Korpusu”nun bölməsi dünən Rusiya ərazisinə daxil olduğunu açıqlayıb. Bundan bir neçə saat ərzində sosial şəbəkələrdə vilayətdə yaşayan insanların təxliyəsi ilə bağlı videolar yayılmağa başlayıb.

Kreml Rusiya sərhədinin pozulması ilə bağlı Prezident Vladimir Putinə məlumat verildiyini açıqlayıb. Bundan sonra Belqorod vilayətində antiterror əməliyyatı rejimi tətbiq edilib.

Gecə saatlarında Belqorodda Rusiya Federal Təhlükəsizlik Xidmətinin binasına hücum edilib. Zərbənin hədəfi həm də Daxili İşlər Nazirliyinin binası olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.