Müharibə ssenarisi masanın üstündə – Peterburq görüşünün əsas yekunu

22-06-2016, 13:52           
Müharibə ssenarisi masanın üstündə – Peterburq görüşünün əsas yekunu
“Sülh istəyirsənsə, savaşa hazır ol” məntiqinin sərt diktəsi; Prezidentlərin son görüşü Qarabağa dair ədalətli “Yol xəritəsi”nin mövcud olmadığını təsdiqlədi; Azərbaycan üçün yeganə çıxış yolu qardaş Türkiyə ilə birgə hərbi qüdrətini durmadan artırmaq, işğalçıya son və qəti zərbəni vurmaq üçün əlverişli fürsəti gözləməkdir…
rr4 günlük aprel müharibəsindən sonra Dağlıq Qarabağa dair ümidlər bəslənilən ikinci yüksək səviyyəli görüş də real nəticə olmadan bitdi. Əlbəttə ki, Azərbaycanın köklü maraqları prizmasından baxanda belədir. Hərçənd XİN başçısı Elmar Məmmədyarov nəticəni müsbət hesab etdiyini deyib.
İş də ondadır ki, verilən bəyanat və açıqlamalara inansaq, Sankt-Peterburq görüşündə də Vyana danışıqlarında olduğu kimi, əsas mövzu – işğal altındakı ərazilər yox, yenə də ikinci, üçüncü dərəcəli məsələlər diqqətdə saxlanıldı. Halbuki hamıya aydındır ki, həmin ikinci, üçüncü dərəcəli məsələlər, o cümlədən atəşkəslə bağlı narahatlıqlar məhz işğal faktından qaynaqlanır və Ermənistana bu məsələdə ciddi təzyiqlər edilməyincə atəşkəsin pozulması riski də qalacaq – qoşunların təmas xəttində müşahidəçilərin sayı on dəfələrlə artırılsa belə. Çünki işğal – səbəb, atəşkəs problemi isə yalnız nəticədir.
* * *
Doğrudur, Neva çayı sahillərindəki görüşündən sonra səslənən ortaq bəyanatda münaqişə bölgəsində müşahidəçilərin sayını artırmağa Azərbaycanın da razılıq verdiyi vurğulanır. Ancaq şübhə yoxdur ki, bu, həmişəki kimi, rəsmi Bakının sırf xoş məramından irəli gəlib və qətiyyən işğal rejimini əbədiləşdirməyə xidmət edə bilməz.
Hər halda, bu, şifahi razılıqdır, yazılı öhdəlik yox. Üçüncü on ildir erməni işğalından əziyyət çəkən bir ölkə olaraq, Azərbaycanın tam haqqı çatır ki, belə razılığı yalnız şərtlə, müvəqqəti versin və əsas məsələdə – işğal məsələsində tezliklə dönüş olmazsa, onu geri götürsün. Azərbaycan tərəfinin məhz bu mövqedən çıxış etdiyini aşağıdakı detaldan da görmək mümkündür.
“Əgər kimsə fikirləşir ki, biz növbəti 20 il də mənasız danışıqlar aparacağıq, səhv edir. Biz mənasız danışıqlar aparmaq fikrində deyilik. İmitasiya naminə danışıqlar da aparmayacağıq”. Bu bəyanatı prezident İlham Əliyev Peterburq görüşü öncəsi QMİ-nin iftar süfrəsində çıxışı zamanı vermişdi. Bundan iki gün sonra rəsmi Bakının prezidentlər səviyyəsində təmasların davam etməsinə razılıq verməsi belə qənaət yaradır ki, Bakı, hər halda, müşahidəçilər məsələsinə şərtlə, danışıqlarda irəliləyiş naminə razılıq verib və işğalçını cəzalandırmaq hüququnu əsla əlindən buraxmayıb.
***
Hər necə olmasa, 2016-cı ilin aprelində təmas xəttində müşahidə olunan gərginlik və Azərbaycan Ordusunun mühüm uğuru münaqişənin həlli ilə bağlı yeni bir vəziyyətin yaranmasını şərtləndirib və bu, Rusiya da daxil, münaqişəyə cəlb olunmuş böyük güclər tərəfindən artıq nəzərə alınmaya bilməz. Minsk Qrupu həmsədrləri, dünya ictimaiyyəti də bir daha əmin olub ki, bu, artıq dondurulmuş münaqişə deyil və hər an yenidən alovlana, hərbi əməliyyatlar daha böyük miqyasda bərpa oluna və faktiki, müharibə başlaya bilər.
Prinsipcə, həmsədrlər də qəbul edir ki, mövcud status-kvonun davam etdirilməsi mümkün deyil və münaqişənin həlli ilə bağlı mümkün qədər tez ciddi tədbirlərin həyata keçirilməsinə başlanmalıdır. Hərçənd bu yöndə yetərli fəallıq təəssüf ki, hələlik gözə dəymir – yaxud bəlkə də bu haqda hələlik açıq deyilmir. O üzdən Peterburq görüşü danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq üçün imkanlar yaradacağına inanmağa da müəyyən əsas yaradıb. Minsk Qrupu həmsədrlərinin, xüsusilə Rusiyanın bu yöndə iradə nümayişi pozitiv məqam kimi, hər halda, qeyd olunmaya bilməz.
İstənilən halda münaqişə ətrafında yeni bir reallığın mövcudluğu faktdır. Bu reallığı münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli yönündə rəsmi Bakının apardığı siyasətin məntiqi nəticəsi saymaq olar. Danışıqlar prosesinin intensivləşməsi, dövlət başçılarının və hər iki ölkənin rəsmi şəxslərinin görüşləri, həmsədrlərinin fəallığı məhz aprel hadisələrindən sonra yaranmış yeni vəziyyətin pozitiv elementləridir. Ola bilsin məhz bu kontekstdə Peterburq görüşü konstruktiv, onun nəticələri müsbət qiymətləndirilir.
Əslində Ermənistan rəhbərliyi də anlayır və qəbul edir ki, bundan sonrakı dövrdə danışıqlar prosesini uzatmaq, mövcud status-kvonu qoruyub saxlamaq mümkün deyil və aprel döyüşləri də göstərdi ki, beynəlxalq ictimaiyyət bu mövqeni qəbul etməyəcək. Ermənistanın konstruktiv mövqe nümayiş etdirməkdən başqa çıxış yolu qalmayıb yazsaq, yanılmarıq. Rəsmi İrəvan yəqin onun da fərqindədir ki, münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı artıq əsas prinsip kimi götürülüb və başqa həll modeli olmayacaq.
* * *
Bu və digər aspektlərə görə prezidentlərin son görüşünün yekunlarına yanaşmalar fərqlidir. Məsələn, görüşün nəticələrini şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynliyə görə, liderlərin bəyanatında danışıqlar prosesində irəliləyişlərin olduğu hiss edilir, amma…: “Amma irəliləyişlər torpaqların qaytarılması ilə bağlı deyil. Sadəcə olaraq, Rusiya istəyir ki, atəşkəs rejiminə daim əməl edilsin”.
Politoloqun fikrincə, Rusiya danışıqları öz bildiyi istiqamətdə aparmaq istəyir. “Hələ ki erməni silahlı qüvvələrinin işğal altındakı ərazilərdən çıxması məsələsi danışıqların ana xəttini təşkil etmir” – Qabil Hüseynli vurğulayıb.
ATƏT müşahidəçilərinin sayını artırmaq barədə razılığa gəlincə, politoloq da hesab edir ki, belə bir addımın atılması yalnız Ermənistan tərəfinə sərf edir. “ATƏT-in müşahidəçilərinin sayının artırılması Azərbaycan üçün məqbul olmayan məsələdir. Həmçinin onların sayının artırılması üç həmsədr dövlətin razılığı əsasında olmalıdır. Müşahidəçilərin sülhyaratma prosesinə heç bir dəxli yoxdur və onların sayının artırılması status-kvonun qorunub saxlanılması deməkdir. Cəbhə xətti boyu müşahidəçilərin sayının artırılması müharibənin dayandırılması demək deyil”, – deyə o qeyd edib.
Qabil Hüseynli onu da bildirib ki, belə təkliflərin irəli sürülməsi erməni işğalının əbədiləşdirilməsinə xidmət edir: “Odur ki, müəyyən müddətdən sonra Azərbaycan tərəfi bu təklifdən imtina edə bilər”.
***
Məsələ ondadır ki, görüşöncəsi Kremldən verilən rəsmi açıqlamada da Azərbaycan torpaqlarının boşaldılması ilə bağlı bir cümlə belə əksini tapmamışdı. Prezident Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov açıqca bəyan eləmişdi ki, danışıqlarda əsas vəzifə hərbi əməliyyatların bərpasından sığortalanmaq olacaq.
Elə də oldu. Rusiya yenə öz oyununu oynadı. Moskvanın konfliktin həllinə dair hansısa “Yol xəritəsi”nin olduğu haqda iddialar da təsdiqini tapmadı. Rusiya, sadəcə, tərəflər üzərinə, ən çox da Azərbaycanın üzərinə müharibə etməmək öhdəliyi qoymağa çalışmaqla işini bitmiş hesab elədi. Bu da o anlama gəlir ki, münaqişədə “açar rolu” etiraf olunan Kreml onu hər hansı formada həll eləməyə hələ ki hazır görünmür.
***
Beləliklə, apreldəki blits-hərbi zəfəri ilə uğurlu mövqe qazanan Azərbaycan bu hərbi uğuru Rusiya əngəli üzündən hələlik diplomatiya və danışıqlar müstəvisinə keçirə bilmir. Rusiyanın buna niyə əngəl olması isə başqa bir mövzudur. Söhbət Kremlin Avrasiya layihələri ilə bağlı Bakıdan gözləntilərindən gedir – hansına ki, Azərbaycan pozitiv cavab verməyib, verməyə hazırlaşmır. Çünki haqlı olaraq, ölkənin ərazi bütövlüyünə təminatını (işğala son) ön şərt kimi qoyur. Rusiya isə aydın oldu ki, işğalçıya təzyiq göstərməyə hazırlaşmır.
***
Bəs yaranmış vəziyyətdə Azərbaycan nə etməlidir? Əlbəttə ki, Qarabağ məsələsində açıqca Rusiyanın iradəsi əleyhinə getməyimiz, prosesi süni şəkildə sürətləndirməyimiz təhlükəli olar. Rəsmi Bakı bölgə və konflikt ətrafında, hətta Suriya məsələsində dəyişən şərtləri və gedən prosesləri, o sırada Kremlin Qərblə, eləcə də Türkiyə ilə münasibətlərinin dinamikasını diqqətlə izləməlidir. Paralel surətdə qardaş ölkə ilə birgə çevik, sinxron siyasət yürütməyə çalışmalı, həmçinin ABŞ və Avropa Birliyi ilə əlaqələri daha möhkəm və etibarlı səviyyəyə çatdırmalıdır.
Ən önəmlısi, Azərbaycan Türkiyə ilə birgə, həmçinin Pakistan, İsrail kimi dost-müttəfiq ölkələrin hesabına özünün hərbi qüdrətini durmadan artırmalı, Qarabağ məsələsində işğalçıya son və qəti zərbəni vurmaq üçün əlverişli fürsəti gözləməlidir. Təbii ki, belə bir fürsətin dəqiq hesablamaq şərtilə. Çünki tələsmək də, gecikmək də ziyanımıza ola bilər. Unutmayaq ki, belə bir deyim Qarabağ məsələsində də keçərlidir: “Sülh istəyirsənsə, müharibəyə hazır ol!”(musavat.com)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.