HRW: Talibanın gender cinayətləri insanlığa qarşı cinayətlərdir

9-09-2023, 14:45           
“Human Rights Watch” insan haqları təşkilatı deyir ki, Talibanın Əfqanıstanda qızlara və qadınlara qarşı etdikləri insanlığa qarşı cinayətdir.

Qurum bu haqda sentyabrın 8-də yaydığı hesabatında deyir.

Bildirilir ki, 2021-ci ilin avqustunda ölkəni ələ keçirən Taliban gender əsaslı məhrumiyyətlərə aparan qanunlar qəbul edir, siyasət yürüdür. İnsan haqları təşkilatı Əfqanıstanla bağlı həmin vaxtdan bəri araşdırma apardığını deyir və bildirir ki, qadın və qızlara qarşı olan təqib və qadağalar həm fərmanlarla, həm də şifahi formada edilib.

Bu, qadınların təhsilsiz qalmalarına, istənilən vaxt həbsinə, ümumiyyətlə isə azadlıq hüquqlarının pozulmasına gətirib çıxarıb. Təşkilat Talibanı gender əsaslı ayrıseçkiliyin bütün formalarının ləğvinə çağırıb.

Taliban hərəkatının lideri əmir Heybətullah Axundzadə isə bu ilin iyununda əfqan qadınların “ənənəvi qısnamalardan” azad edildiyini və “azad insan” statusunun onlara qaytarıldığını bəyan edib.

Qadınlara qadağalar
Taliban 2021-ci ildə hakimiyyətə gələndə qadınların hüquqlarına riayət ediləcəyini vəd etsə də, tezliklə müxtəlif məhdudiyyətlər tətbiq edilib.

Son bir ildə Taliban qadınlara idman zallarına, ictimai hamamlara və şəhər parklarına getməyi də yasaqlayıb.

Eləcə də əksər məktəblərdə qızların yuxarı siniflərdə təhsil alması qadağan edilib.

Beynəlxalq ictimaiyyət yardım və Taliban rejiminin tanınması üzrə danışıqlarda qadınların təhsilini əsas məsələ kimi qoyub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.