Rusiyada deputatların icazəsiz xaricə səfəri qadağan edildi –Putin qanun imzaladı
14-07-2024, 12:54
Rusiyada Dövlət Dumasının deputatları bundan sonra xaricə səfər edərkən bunu razılaşdırmalıdırlar.
Azpost.info bildirir ki, Rusiya prezidenti Vladimir Putin deputatları və senatorları xaricə səfərləri razılaşdırmağı tələb edən qanun imzalayıb.
Sənəd hüquqi informasiya portalında dərc olunub.
Qanuna görə, deputat razılaşdırmadan ölkəni tərk etdiyi halda onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilər: “Rusiya Federasiyasının senatoru, Dövlət Dumasının deputatı xidməti ezamiyyət istisna olmaqla ölkə hüdudlarından kənara olan səfərini razılaşdırmalıdır”-deyə qanunda deyilir.
Qanun layihəsi “Rusiya Federasiyası senatorunun statusu və Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatının statusu haqqında” Federal Qanunun 4 və 6-cı maddələrinə dəyişiklik edir.
İyunun 25-də sənədi “Vahid Rusiya”nın üzvləri – senator Vyaçeslav Timçenko və deputatlar Oleq Morozov, Vasili Piskarev, Viktor Pinski aşağı palataya təqdim ediblər. Deputatlar qanun layihəsini iyulun 4-də üç oxunuşda qəbul edib, iyulun 10-da isə senatorlar tərəfindən təsdiqlənib.