İran hələ də Süleymaninin qatillərini axtarır - Amma Trampın adını çəkmir
18-07-2024, 15:04
İran hələ də general Qasim Suleymaninin qətlinin günahkarlarını və təşkilatçılarını məsuliyyətə cəlb etmək niyyətindədir.
“AzPolitika” xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani mətbuatda Tehranın Süleymaninin qətlinə əmr verən Donald Trampa sui-qəsd planları ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.
O, bu zaman Süleymaninin ölümündə günahkar olan ABŞ hərbçilərini nəzərdə tutub: “Biz hərbçilər arasında general Süleymanini öldürməkdə günahkar olanları və bu planı hazırlayanları məsuliyyətə cəlb etmək üçün milli və beynəlxalq səviyyədə hüquqi və məhkəmə prosedurlarına, mexanizmlərinə müraciət edəcəyik. Amerikalılar açıq şəkildə bildirdilər ki, onlar İranın yüksək rütbəli hərbi liderini öldürüblər. Deməli, bu məsələ ilə məşğul olmaq bizim təbii hüququmuzdur və bu işdə təqsirləndirilən şəxslər ədalətlə mühakimə olunmalıdırlar”.
Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandiri Süleymani 2020-ci il yanvarın 3-də Bağdad yaxınlığında ABŞ Hərbi Hava Qüvvələrinin raket hücumu nəticəsində həlak olub.