Austin Şimali Koreya əsgərlərinin Rusiyada olduğuna dair sübutların olduğunu deyir
24-10-2024, 15:15
ABŞ-ın müdafiə naziri Lloyd Austin çərşənbə günü jurnalistlərə deyib ki, Şimali Koreya əsgərlərinin Rusiyada olduğuna dair sübutlar var və onların orada nə etdiklərini “aydınlaşdırmaq qalıb”.
Onun şərhləri Ukrayna prezidenti Volodimir Zelenski hökumətinin Şimali Koreyanın iki hərbi hissəsinin Ukraynada potensial döyüş üçün Rusiyada təlim keçdiyi barədə məlumatı olduğunu deməsindən bir gün sonraya təsadüf edib.
Austin Rusiya ilə Şimali Koreya arasında “gücləndirilmiş əlaqələrə” istinad edərək, Şimali Koreyanın Rusiyaya silah verdiyini qeyd edib.
“Əgər onlar birgə döyüşən tərəflərdirsə, əgər onların niyyəti Rusiya adından bu müharibədə iştirak etməkdirsə, bu, çox, çox ciddi məsələdir və bunun təkcə Avropada deyil, Hindi-Sakit okean regionunda da təsirləri olacaq”, Austin deyib.
Austin həmçinin 2022-ci ilin əvvəlində Ukraynaya genişmiqyaslı müdaxilə ilə başladığı müharibədə Rusiyanın itkilərini vurğulayaraq, Şimali Koreya məsələsinin gəlişməsi Rusiya prezidenti Vladimir Putinin “əksər insanların düşündüyündən daha çox problem içində ola biləcəyinin” göstəricisi olduğunu qeyd edib.
Zelenski çərşənbə axşamı deyib ki, Ukrayna “dünyadan sərt, konkret cavab” gözləyir.
“Əgər Şimali Koreya Avropadakı müharibəyə müdaxilə edə bilsə, onda bu rejimə təzyiq kifayət qədər güclü deyil. Əgər Rusiya hələ də bu müharibəni genişləndirə və uzada bilirsə, bu o deməkdir ki, dünyada hələ də Rusiyanı sülhə məcbur etməyə kömək etməyən hər kəs əslində Putinə müharibə aparmağa kömək edir”, Zelenski bildirib.
Rusiya Müdafiə Nazirliyi çərşənbə günü bildirib ki, Ukrayna-Rusiya sərhədi boyunca yerləşən ərazilərdə 14 Ukrayna pilotsuz uçuş aparatını, həmçinin Qara dənizdə ekipajsız 4 Ukrayna gəmisini məhv edib.
Nazirlik bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri Rusiyanın işğal etdiyi Krım üzərində 10, Rostov vilayəti üzərində isə daha 4 pilotsuz uçuş aparatı məhv edib.
Rusiya qüvvələri Ukraynanın cənubundakı Sumı bölgəsini hədəf alan pilotsuz təyyarələrlə ardıcıl ikinci gecədir ki, hücumlar həyata keçirib.
Sumı vilayət hərbi idarəsi çərşənbə günü bildirib ki, Ukrayna eyni bölgədə 25 pilotsuz uçuş aparatı vurduqdan bir gecə sonra Ukrayna hava hücumundan müdafiə qüvvələri 19 Rusiya pilotsuz təyyarəsini vurub.
Ukraynanın Dnipropetrovsk və Mikolayiv vilayətlərinin rəsmiləri də gecə ərzində pilotsuz təyyarələrin vurulduğunu bildiriblər.