ABŞ Şimali Koreya qoşunlarının Rusiyada olduğunu təsdiqləyib

24-10-2024, 18:04           
ABŞ Şimali Koreya qoşunlarının Rusiyada olduğunu təsdiqləyib
Çərşənbə günü Bayden Administrasiyası ilk dəfə təsdiqləyib ki, Şimali Koreya qoşunlarının Rusiyada yerləşməsi - bəlkə də müharibədə Ukraynaya qarşı savaşması ilə bağlı “dəlillər görür”. Ağ Evin bəyanatına görə, bu addımın həm Avropa, həm də Asiya üçün nəticələri olacaq, Turan-ın Vaşinqton müxbiri bildirib.

Pentaqon rəhbəri Lloyd Ostin jurnalistlərlə söhbətində deyib ki, Şimali Koreya qoşunlarının Rusiyada tam olaraq nə etdiyini "aydınlaşdırmaq lazımdır", lakin Cənubi Koreya və Ukraynanın məlumatına görə, onlar Rusiyanın tərəfində müharibəyə qoşulmağa hazırlaşırlar.

"Əgər onlar Rusiyanın tərəfində müharibəyə qoşulsalar, bu çox ciddi problem olacaq və təkcə Avropaya yox, Hind-Sakit okeanı regionunda vəziyyətə də təsir edəcək", - Ostin əlavə edib.

Öz növbəsində Ağ Ev ən azı 3000 Şimali Koreya əsgərinin ilkin hazırlıq üçün Rusiyanın şərqinə gəldiyini və ukraynalı hərbçilərə qarşı müharibəyə qoşulmaq üçün qərbə göndəriləcəyini təsdiqləyib. Bütün bunlar "Rusiyanın Ukraynaya qarşı müharibədə artan çarəsizliyini nümayiş etdirir", - Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Con Kirbi deyib.

Vaşinqton Ukrayna hökumətini vəziyyət və ABŞ-ın buna necə reaksiya verə biləcəyi barədə məlumatlandırıb. "Rusiyanın Şimali Koreya hərbçiləri ilə əməkdaşlığı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Şimali Koreyadan silah alınmasını və hərbi hazırlığı qadağan edən çoxsaylı qətnamələrinin pozulmasıdır", - Kirbi deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.