“Ukraynanı ərazilərdən imtinaya məcbur etmək mümkün deyil” – “ABŞ-də kimin qalib gəlməsindən asılı olmayaraq...”
1-11-2024, 16:04
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ seçkilərindən sonra Ukraynanı Rusiyanın müvəqqəti olaraq işğal etdiyi ərazilərdən imtina etməyə məcbur etməyin mümkün olduğunu düşünmür.
“AzPolitika” xəbər verir ki, Prezident bunu Cənubi Koreyanın KBS telekanalına müsahibəsində deyib.
Dövlət başçısına sual verilib ki, Ukraynanın müharibənin dayandırılması ilə bağlı mümkün danışıqlar üçün müəyyən parametrləri varmı.
“Ukraynanın istənilən halda qanuni dövlət ərazilərindən imtina etmək hüququ yoxdur. Yəni hüquqi olaraq bu mümkün deyil. Putinin orda nə fikirləşməsindən asılı olmayaraq, o bizim əraziləri işğal edib və konstitusiyasına daxil edib. Ukrayna bu əraziləri tanımır (Rusiyanın ərazisi kimi),” Zelenski deyib.
Eyni zamanda, Ukrayna Prezidenti vurğulayıb ki, ABŞ-də seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, Ukrayna öz mövqeyini dəyişməyəcək: “ABŞ-də kimin qalib gəlməsindən asılı olmayaraq və Putin nə qədər Rusiya Federasiyasının lideri olaraq qalırsa-qalsın, bu mümkün deyil”.
Dövlət başçısı qeyd edib ki, ABŞ-nin yeni Prezidenti Ukraynaya dəstəyi ya gücləndirə, ya da zəiflədə bilər. "Ukraynaya dəstəyin zəifləməsi Rusiyanın bizi daha çox işğal etməsinə şərait yaradacaq. Ukraynaya dəstəyin zəifləməsi bizə bu müharibədə qalib gəlmək imkanı verməyəcək. Bu doğrudur. Ona görə də biz ərazi kompromislərindən danışmırıq, əksinə faktdır ki, bu və ya digər diplomatik yol ola bilər, lakin bu, Amerika Birləşmiş Ştatlarının siyasətindən, əgər o, zəifləməsə, ABŞ-nin həqiqətən də müharibəni tez bitirmək istəyindən asılıdır”, - deyə Zelenski bildirib.
Eyni zamanda o, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın fəaliyyət adamı olduğunu və müharibəni tez bir zamanda bitirməyə, hansısa model tapmağa çalışdığına dair sözlərinə diqqət çəkib. “Ancaq əgər Tramp qalib gəlsə, Ukraynanı sadəcə olaraq hər şeydən əl çəkməyə və bununla da Rusiya ilə razılığa gəlməyə məcbur etmək istəyirsə, bu gün bunun mümkün olduğunu düşünmürəm”, - deyə Zelenski bildirib.
“AzPolitika.info”