Ermənistan “müharibə qovşağı”na çevrilir: “Qərb regionda savaş lazımdır”
Bu gün, 11:24
Yervand Bozoyan: “Üçtərəfli Birgə Bəyanatın 9-cu bəndinin ləğvi müharibənin bərpası üçün əsas olacaq”
Ermənistanın Baş naziri Nikol Paşinyan hökuməti erməni müxalifəti və ictimaiyyəti tərəfindən ölkəni fəlakətə sürükləməkdə ittiham edilir. İrəvanın Qərbə istiqamətlənən siyasətinin ölkəyə ziyan gətirəcəyini, Ermənistanı “müharibə qovşağına” çevrəcəyini istisna etməyənlər hesab edirlər ki, bu, “qurban statusu” almaq deməkdir. İctimaiyyət Ermənistan hökumətinin siyasətini Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin və Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasəti ilə müqayisə edir. Bildirilir ki, bu ölkələrin başına gələnlərin Ermənistanın da başına gələcəyi istisna deyil.
Erməni politoloq Yervand Bozoyan deyib ki, Nikol Paşinyanın indiki siyasəti yalnız bir şeyə - ermənilərin olmadığı Ermənistana aparır. Onun sözlərinə görə, Baş nazir elə bir vəziyyətdədir ki, o, Ermənistanın dövlətçiliyinə və erməni xalqının maraqlarına zərbə vuracaq addımlar atmağa məhkumdur: “Bu siyasət Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin siyasətinə bənzəyir. Eyni zamanda, artıq sülhün bərqərar olmasında maraqlı olmayan Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasətinin təkrarıdır. Bilirsiniz, Qərb postsovet ölkələrinə Rusiya Federasiyasına qarşı mübarizə aləti kimi baxır və başqa niyyət yoxdur. İndi Zelenski başa düşür ki, müharibənin bitdiyi gün onun siyasi ölüm günü olacaq”.
“Ermənistan da oxşar vəziyyətlə üzləşib. Lakin problem ondadır ki, nə ərazi, nə də əhali baxımından Ermənistanın bu əbədi müharibəni aparmaq resursu yoxdur”, - deyə Bozoyan vurğulayıb.
Ekspert şübhə etmir ki, Qərbə Cənubi Qafqazda müharibə lazımdır: “Hətta hərbi əməliyyatların bərpası üçün konkret ssenarilərə işarə edir. 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Birgə Bəyanatın 8 bəndinin iflasa uğradığı şəraitdə belə, sənədin 9-cu bəndinin ləğvi müharibənin bərpası üçün əsas olacaq”.
Məşhur amerikalı ekspert Cefri Saksın qiymətləndirmələrinə toxunan Bozoyan qeyd edib ki, Ermənistan üçün mövcud vəziyyətdən yeganə məqbul yol BRİKS-ə inteqrasiyadır: “Çünki BRİKS Ermənistanın təbii tərəfdaşlarının birliyidir. Ermənistan Rusiya, İran və Çin kimi ölkələrə qarşı çıxmamalıdır. Əks halda o, “Sülh yollarının kəsişməsi” deyil, “Müharibə qovşağı” və qurbana çevriləcək”.
Müəllif: Turan Abdulla
ayna.az