Kremlin sirri: Putinin qohumu itkin düşən əsgərlərin sayını açıqlayıb
6-12-2024, 00:13
Rusiya ilə Ukrayna arasında müharibə 1016 gündür davam edərkən Rusiya prezidenti Vladimir Putinin qoyumu və Rusiya müdafiə nazirinin müavini Anna Tsivileva məxfi məlumatları açıqlayıb.
Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tsivileva müharibədə iştirak edən əsgərlərə və onların ailələrinə dəstək məsələsini müzakirə edərkən Kremldə sirr olaraq saxlanılan Ukraynada rusiyalı itkilərin ümumi sayını açıqlayıb.
Tsivileva, Rusiyanın "xüsusi hərbi əməliyyat" adlandırdığı müharibədə itkin düşən əsgərlərin izini tapmaq istəyən qohumlarından on minlərlə ərizə aldıqlarını söyləyib. Qərb ölkələrinin kəşfiyyatı Ukraynada həyatını itirən rusların sayının daha çox olduğunu bildirərkən, Tsivileva Daxili İşlər Nazirliyinə 48 min DNT testi müraciəti edildiyini bildirib.
Rusiyanın müxalifət nəşri olan “Astra” qəzetinə istinadən “Teleqraf” qəzetinin verdiyi xəbərə görə, Tsivilevanın açıqlaması noyabrın 26-da keçirilən iclasda qeydə alınıb.
Tsivilevanın bəyanatından dərhal sonra məsələyə Rusiya Müdafiə Komitəsinin sədri Andrey Kartapolov müdaxilə edib. Kartapolov sessiya iştirakçılarına xatırladıb ki, rəqəmlər tamamilə məxfidir və dərc edilməməlidir. Kartapolov: “Bu rəqəmlərdən heç bir yerdə istifadə etməməyinizi çox xahiş edirəm. Bu çox həssas və məxfi məlumatdır. Biz bu rəqəmləri heç yerdə dərc etməməliyik”, - deyib.
“İndependent” qəzetində yer alan xəbərə görə, Tsivileva məsələ ilə bağlı ayrıca açıqlama verib. Tsivileva: “Mən aldığımız sorğuların sayını verdim, itkilərin sayını yox. Ona görə də bu rəqəm məlumat deyil, sadəcə aldığımız müraciətlərdir. İtkin düşən əsgərlərin çoxu tapılacaq”, - deyə o, etdiyi səhvi düzətməyə çalışıb.
Atası Rusiya lideri Putinin əmisi oğlu Yevgeni Putin olan Tsileva Putin tərəfindən 2023-cü ildə müharibə veteranları üçün yaradılmış dövlət fondunun rəhbəri təyin edilib. 2024-cü ilin əvvəlində o, müdafiə nazirinin müavini vəzifəsinə yüksəlib.
Qadir, Bizimyol.info