Düşünməyi, arqumentlərlə danışmağı öyrənək, yoxsa məmləkətimizin sonu işıqlı olmayacaq - POLİTOLOQ

Bu gün, 11:14           
Düşünməyi, arqumentlərlə danışmağı öyrənək, yoxsa məmləkətimizin sonu işıqlı olmayacaq - POLİTOLOQ
Tezislər və arqumentlər
- Müəyyən dairələrin yaydığı, bizdə də bəzilərinin ağzından köpük gələnə qədər müdafiə etdiyi tezis var idi, yəqin yadınızdadır – “Tramp Rusiyanın adamıdır, 2016-da onu Putin seçdirdi, indi də dəstəkləyir”. Dəfələrlə arqumentlərlə, faktlarla bunun əksini yazsaq-danışsaq da, az qalırdılar adamı linç etsinlər, indi hamısı susub, çünki, Rusiyanın Tranmdan çəkindiyi açıq görünür, Demokratlarla daha rahat işləyirdilər,
- Ümundünya Səhiyyə Təşkilatının (ÜST) cinayətkar bir qlobalist qurum olduğunu, “pandemiya” sürəcinin idarəetməsi insanlıq əlehinə suç olduğunu 2020-ci ildən bəri dəfələrlə yazdıq, bu haqda danışdıq. Dünya iqtisadiyyatının pis günə düşəcəyini, inflyasiyanın artacağını, orta sinfin azalacağını söylədik – o zaman yenə ortalığa düşmüş bir qrup dayaz adamlar adımızı “komploçu” qoyub, güya, bizə lağ edirdilər. İndi bütün dünya bu haqda danışır, ABŞ ÜST-dən çıxır, bu təşkilatı məhkəməyə verəcəyi ilə hədələyir,
- Ukrayna xalqı möhtəşəm mübarizə apardı-aparır, amma bu müharibədə “pat” vəziyyəti yaranacağını, Ukraynanın qalib gəlmək şansının olmadığını 2022-ci il martın 5-də (müharibədən 14 gün sonra) efirdə danışdım, şərhlərdə söyüb-suladılar, az qala Rusiya yanlısı çıxartdılar, halbuki bu vəhşi İmperiyanı yaxşı tanıdığımıza, öyrəndiyimizə görə fikir yürüdürdük, amma kimə deyirsən, bu haqda arqumentlərlə danışanda hay-küy aləmi bürüyürdü, indi isə hamı susub, Ukraynanın taleyi ilə barışıb,
- Gürcüstan hadisələri zamanı dəfələrlə yazdıq-danışdıq ki, “Gürcü Arzusu” ruspərəst zad deyil (bu yöndə bircə arqument, fakt deyən yoxdur), “Gürcüstanpərəstdir”, müxalifətin, “avropa istəyirik”, sözlərindən başqa planı-proqramı yoxdur – sosial şəbəkələrdə yenə bəzi ağzıgöyçəklərin təhqirləri ilə üzləşdik. Başa salmağa çalışdıq ki, Gürcüstanı AB-də heç gözləmirlər də, üzv də etməyəcəklər, Cənubi Qafqazın hər 3 Respublikasının AB üzvü olmasının TƏK şansı, yolu var – əgər nə vaxtsa qardaş Türkiyə AB üzvü olsa, o zaman hər 3 Respublika da AB-yə üzv ola biləcək. Bu gün Gürcüstan Rusiyadan turistlərlə 2,5 mlrd. dollar, Rusiyaya aqrar məhsullar, alkaqollu-alkaqolusuz içkilər ixrac etməklə ildə 1,1 mlrd. dollar qazanır, bu pullar (turizm daxil) 500 min Gürcüstan vətəndaşına çatır (bizdəki kimi inhisarçılıq yoxdur), AB ölkələri isə bu qədər turist vermir, Gürcüstandan bu qədər şərab, çaça, viski, mandarin almır, ala da bilməz – çünki, AB bazarına məhsul ixrac etmək üçün onlarla sertifikat lazımdır, bundan başqa, İspaniya, İtaliya, Fransa şərab istehsalçıları Gürcüstan çaxırını bazarında istəmir, İspaniya isə heç mandarinini, apelsinini də istəmir. Bunları anlamaq lazımdır, etiraz edən sadə gürcü vətəndaşlarına eşq olsun, onlar Cənubi Qafqaza həmişə VƏTƏNDAŞ olmaq dərsi keçirlər, amma, etirazın da məntiqi, yolu, planı, proqramı, məqsədi olmalıdır. Bu gün Gürcüstan müxalifəti “samuray” kimi davranır – yəni, “samuray üçün məqsəd deyil də, yol önəmlidir”, prinsipi ilə işini qurur ki, bu da dost, qardaş, Azərbaycanın təbii iqtisadi uzantısı olan Gürcüstana ciddi təhdidlər yaradır.
Uzun sözün qısası – dostlar, lütfən düşünməyi, arqumentlərlə danışmağı öyrənək, yoxsa məmləkətimizin sonu işıqlı olmayacaq. Bəsit “əzbərləri” təkrarlamaqla heç nə dəyişməyəcək, bu hökumət zatən azad medianı məhv edib, zalım oğlunun amerikanları bizə azad media platforması – sosial şəbəkələr verib də, bəs niyə bundan ağılla istifadə etməyək, nəsə öyrənməyək, diskussiya mədəniyyətini bir-birimizə aşılamayaq?! Düşünək, nəyə desəniz and içərəm ki, bunun heç bir ziyanı yoxdur, ancaq xeyri var...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.