İran hökuməti vilayətlərdə səlahiyyətlərin artırılacağını iddia edir
Dünən, 16:44
İran prezidentinin birinci müavini Məhəmmədrza Arif çərşənbə günü, 25 dekabrda keçirilən Ali İdarəetmə Şurasının iclasında iddia edib ki, hazırkı hökumət hesab edir ki, vilayətlərin idarə olunması səlahiyyətləri hər vilayətin yerli rəsmilərinə verilməlidir və valilərin səlahiyyətləri artırılmalıdır.
İRNA rəsmi xəbər agentliyinin məlumatına görə, Məhəmmədrza Arif bu iclasda həmçinin bildirib ki, hazırkı hökumət iqtisadi, sosial və xidmət sahələrində hökumətin icraedici və idarəetmə rolunu azaltmaq üçün bir proses həyata keçirmək niyyətindədir.
İran prezidenti Məsud Pezeşkianın müavininin sözlərinə görə, hökumət bürokratiyanın azaldılması üçün müəyyən addımlar atıb, lakin onun sözlərinə görə, bu sahədə daha mühüm proqramlar həyata keçirilə bilər.
Arif həmçinin ölkədə mərkəziyyətçi idarə sistemindən uzaqlamaq məsələsinə toxunaraq bildirib ki, hökumət bu məqsədlə "icra işlərini valiyə həvalə etmək" niyyətindədir.
Prezidentin birinci müvaini "şüar vermirəm" deyərək vurğulayıb ki, 14-cü hökumətin baxışına görə, "vali vilayətin prezidentidir." O, həmçinin bildirib ki, hazırkı hökumətin bu məsələyə "inamı var."
Bu yüksək rütbəli rəsmiyə görə, Məsud Pezeşkianın prezidentliyi dövründə valilərə "siyasi, təhlükəsizlik və müdafiə sahələrindən" başqa öz vilayətləri ilə bağlı qərar vermək səlahiyyətləri verilib. O, həmçinin bildirib ki, "Hökumətin baxışına görə, vali vilayətdə səs və qərar sahibi olmalıdır və vilayətdə kiçik bir parlament formalaşmalıdır".
"Valilərə demişik ki, hökumət səlahiyyətlərinin vilayətlərə verilməsi ilə bağlı təkliflərini bizə təqdim etsinlər. Əlbəttə, bilirik ki, hər vilayətin şərtləri fərqlidir və qonşu ölkələrlə müqavilələr bağlamalı və əlaqədə olmalı sərhəd vilayətinin şərtləri mərkəzdəki başqa bir vilayətdən fərqlənir" - deyə, Arif bildirib.
İran hakimiyyətində islahatçı qanadından olan 73 yaşlı siyasətçi həmçinin bildirib ki, hökumət şəhər işlərini bələdiyyələrə həvalə etməyi planlaşdırır və "Şəhər şurası şəhərin qanunverici orqanı olmalıdır".
Onun sözlərinə görə, "ilk şəhər şuraları dövründə [1999 ilində sabiq prezident Məhəmməd Xatəmi dövründə] şəhər şurasının səlahiyyətləri ilə bağlı böyük ümidlər yaranmışdı, lakin hazırda şəhər şurası gözlənilən qanunverici mövqedə deyil".
O bildirib ki, hökumət inanır ki, "Şəhər şurası şəhər üçün qanun qəbul etməli və millət vəkilləri artıq su, işıq və şəhər və kənd problemləri ilə məşğul olmayıb, milli səviyyədə düşünməlidir".
"Təəssüf ki, qanunlarda və qaydalarda əsasən mərkəziyyətçi yanaşmanı hiss edirik və valinin malik olmalı olduğu səlahiyyətləri Nəzarət Şurası nazirdən tələb edir və nazir bütün işlərə cavabdeh hesab olunur. Bu məsələ müəyyən bir şəkildə həll edilməlidir və indi bu səlahiyyətlərin vilayətlərə verilməsi üçün uyğun zamandır" - deyə, Pezeşkianın birinci müavini bəyan edib.
Məhəmmədrza Arif ölkədə siyasi mərkəzləşmədən uzaqlaşmaq, şəhər şuralarına qanunverici səlahiyyətlər vermək və valilərin səlahiyyətlərini artırmaq çağırışları ilə çıxış edib. Bundan əvvəl, sentyabrın 3-də prezident Məsud Pezeşkian bölgələr arasındakı ayrı-seçkilikdən danışıb, idarəetmədə mərkəzləşmənin azaldılmasının vacibliyini vurğulamışdı.
Son illər İran Azərbaycanı vilayətlərində, xüsusilə Şərqi Azərbaycan vilayətinin valiləri səlahiyyətlərinin az olmasını tənqidlər ediblər.
İbrahim Rəisinin hökumətində bu vəzifəyə təyin edilmiş vali Abidin Xürrəm 2022-ci ilin martında etdiyi çıxışında infrastruktur layihələrinin icrası və bu layihələrin büdcəsindən istifadə hüququnun tamamilə nazirliklərin səlahiyyətində olduğunu bildirərək, valilərin səlahiyyətlərinin az olmasından şikayətlənib və heç bir səlahiyyətin valiliklərə verilmədiyini bildirmişdi.
Ondan əvvəl,Həsən Ruhaninin prezidentliyi dövründə Şərqi Azərbaycanın valisi olmuş Məhəmmədrza Purməhəmmədi 2020-ci ilin fevralında "xüsusilə Şərqi Azərbaycanda rəhbərlərin səlahiyyət və məsuliyyətlərinin uyğunsuzluğu"nu irəli sürərək bildirmişdi ki, "vali hökumətin ali nümayəndəsidir və prezidentin vilayət səviyyəsindəki səlahiyyətlərinə malik olmalıdır, lakin Tehran bütün vilayətlər üçün qərar verir və bu, məqbul deyil".
Hökumətin təyin etdiyi valilərin bu bəyanatları göstərir ki, ölkənin siyasi strukturunda, xüsusilə sərhəd vilayətlərində mərkəzləşmə səviyyəsi çox yüksəkdir və bu valilər, bu struktur səbəbindən işləri idarə etməkdə çətinlik çəkirlər.
Prezident Məsud Pezeşkianın birinci müavininin ölkədə desentralizasiyanın vacibliyindən bəhs etməsi İran Azərbaycanında siyasi fəalların etnik azlıqların, xüsusilə azərbaycanlıların yaşadığı bölgələrdə daha geniş mədəni və siyasi hüquqlar tələblərinin artdığı bir dövrə təsadüf edir.
Bəzi siyasi müşahidəçilər isə İranda siyasi strukturun islahı ilə bağlı nikbinliyin az olduğunu və İslam Respublikasının 40 ildən artıq hakimiyyəti dövründə nəzərəçarpacaq islahatların ya həyata keçirilmədiyini, ya da bu cəhdlərin nəticəsiz qaldığını vurğulayırlar.