Colan Təpələri: Savaş hələ indi başlayır

Bu gün, 00:06           
Colan Təpələri: Savaş hələ indi başlayır
Colan təpələri, yaxud digər adı ilə Qövlan təpələri, Orta Şərqin ən gərgin münaqişə zonalarından biridir. Suriyada hakimiyyət dəyişikliyindən sonra İsrail ordusunun hərbi fəaliyyətini artırdığı bu ərazilər, Suriyadakı üsyançıların lideri Əbu Məhəmməd əl-Colani tərəfindən təxəllüs olaraq seçilib. Bəs, tez-tez gündəmə gələn və Orta Şərqdə münasibətləri kəskinləşdirən Colan təpələrinin tarixi və önəmi nədir?

Birinci Dünya Müharibəsi nəticəsində Osmanlı İmperiyasının parçalanması Orta Şərqdə yeni dövlətlərin yaranmasına yol açdı. Suriya və İsrail də bu dövlətlərdən idi. 1948-ci ildə İsrail müstəqillik qazandıqdan sonra, hər iki ölkə arasında müharibə vəziyyəti yaranıb. Zaman-zaman sülh prosesləri başlasa da, 1948-ci ildəki İsrail İstiqlal müharibəsi, 1967-ci ildəki Altı Günlük müharibə və 1973-cü ildəki Yom Kippur müharibələrində tərəflər bir-birilərinə qarşı döyüşüb. Bundan əlavə, Livanda vətəndaş müharibəsi zamanı tərəflərin maraqları toqquşduğundan yeni qarşıdurmalar ortaya çıxdı. Tarixən Suriya torpaqları olan Colan təpələri 1967-ci ildə Altı Günlük müharibə zamanı strateji əhəmiyyətinə görə İsrail tərəfindən işğal olundu. Ərazi yüksək coğrafi mövqeyinə görə həm müdafiə, həm də hücum baxımından olduqca əlverişlidir. Bu səbəbdən, münaqişə sonrası BMT Təhlükəsizlik Şurası 242 saylı qətnamə qəbul edərək İsraildən ərazini tərk etməyi tələb etdi, lakin bu çağırış yerinə yetirilmədi. İsrail, ərazidəki yerli əhalini köçə məcbur etdi.

1973-cü ildə Ərəb ölkələri, xüsusən Suriya və Misir itirdikləri əraziləri geri almaq məqsədilə İsrailə müharibə elan etdilər. Suriya müharibə zamanı Colan təpələrinin bir hissəsini geri alsa da, müharibənin sonunda İsrail ərazini yenidən nəzarətinə götürdü. Müharibə bitdikdən sonra BMT münaqişənin həlli üçün müşahidə missiyası yaratdı, amma yalnız Colan təpələrinin kiçik bir hissəsi Suriyaya qaytarıldı. Colan təpələri yalnız hərbi əhəmiyyətə malik deyil, həm də zəngin su ehtiyatlarına sahibdir və İsrailin əsas su mənbələrindən biri hesab olunur. 1981-ci ildə İsrail parlamenti Colan təpələrini İsrailin suveren ərazisi elan edən qərar qəbul etdi. Beynəlxalq ictimaiyyət, o cümlədən BMT Təhlükəsizlik Şurası, bu ilhaq qərarını qeyri-legitim hesab etsə də, İsrail təzyiqlərə məhəl qoymadı. Zaman-zaman Suriya və İsrail arasında Colan təpələrinin qaytarılması ilə bağlı danışıqlar aparılsa da, heç bir nəticə vermədi. 2019-cu ildə ABŞ Prezidenti Donald Tramp, Colan təpələrini İsrailin ərazisi kimi tanıyan ilk dövlət başçısı oldu. Trampın yaxın zamanda ikinci dəfə prezident seçilməsi və Suriyadakı hakimiyyət dəyişikliyindən sonra İsrailin həmin ərazidə hərbi fəaliyyətini artırması bəzi ekspertlər tərəfindən Colan təpələri münaqişəsinin yenidən qızışacağı proqnozunu irəli sürür. Digər tərəfdən, bəzi analitiklər isə bu münaqişənin həllə qovuşacığını bildirir.

Orta Şərqdə illərdir onminlərlə insanın ölümünə səbəb olan bu münaqişədən kimin qazanclı çıxacağını demək çətin olsa da, insanlığın çox şey itirəcəyi dəqiqdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.