Dövlət mediası xəbər verir ki, Suriyanın yeni hakimiyyət orqanları Əsəd tərəfdarı silahlı qruplaşmalara qarşı əməliyyata başlayıb
Dünən, 16:34
SANA dövlət xəbər agentliyinin məlumatına görə, Suriyanın yeni hakimiyyət orqanları cümə axşamı devrilmiş prezident Bəşar Əsədə bağlı silahlı qruplara qarşı əməliyyata başlayıb.
Məlumatlarda deyilir ki, əməliyyat qərbdəki Tartus vilayətinfə aparılıb və silahlı qrupların bəzi üzvləri öldürülüb.
Bu, Əsəd tərəfdarı döyüşçülərin Əsədi hakimiyyətdən uzaqlaşdıran hücuma rəhbərlik edən üsyançı qrupun 14 üzvünü öldürməsindən bir gün sonraya təsadüf edib.
Suriyanın yeni daxili işlər naziri Telegram-da “pusqu” adlandırdığı hadisə nəticəsində daha 10 nəfər yaralandığını bildirib və Suriyanın təhlükəsizliyini pozan hər kəsə qarşı sərt tədbirlər görəcəyini vəd edib.
Suriya İnsan Haqları Müşahidə Qrupu bildirib ki, üsyançı döyüşçülər Saydnaya həbsxanasında edam əmrləri verməkdə ittiham olunan Əsəd hökumətinin keçmiş rəsmisini həbs etməyə çalışarkən hücuma məruz qalıb.
Suriyalı qaçqınlar
BMT-nin qaçqınlar agentliyinin rəhbəri Filippo Qrandi cümə axşamı bildirib ki, son üç həftə ərzində 50 mindən çox qaçqın Suriyaya qayıdıb və geri dönüş nisbəti yavaş-yavaş artır.
"Suriya daxilində maddi vəziyyət ağır olaraq qalır - geri qayıdanlara və ehtiyacı olanların hamısına daha çox humanitar və bərpaetmə yardımı çatdırılmalıdır," Qrandi deyib.
Müqayisədə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bu ayın əvvəlində ilin ilk səkkiz ayı ərzində 34 min suriyalı qaçqının geri qayıtdığını təsdiqlədiyini bildirib.
13 ildən çox davam edən vətəndaş müharibəsi nəticəsində 5 milyona yaxın insan ölkəni tərk edib, 7 milyon insan isə Suriya daxilində didərgin düşüb.
Qaçqınların yarısından çoxu Türkiyəyə, qalanların əksəriyyəti isə Livan, İordaniya, İraq və Misirə gedib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bu ayın əvvəlində yaydığı hesabatda deyilir ki, qaçqınların çoxu Suriyaya qayıtmaqda maraqlı olsa da, bir çoxları hələlik gözləməyə və təhlükəsizlik vəziyyətini və siyasi sabitliyi nəzərdən keçirməyə üstünlük verirlər.