Lənətə gəlsin sənin belə müttəfiqliyin, Putin! Moskvadan xəyanət...

Dünən, 09:22           
Lənətə gəlsin sənin belə müttəfiqliyin, Putin! Moskvadan xəyanət...
İl 2020. Müharibənin sonuna lap az qalıb. Naxçıvan istiqamətində rus təyyarəsinin səhvən vurulduğu xəbəri yayılır. Azərbaycan Xarici İşlər Nazirliyi gecə ikən rəsmi saytında üzrxahlıq yerləşdirir. Çox çəkmir ki, üzrxahlıq saytdan silinir. Çünki hadisə yeni olmuş və istintaqın nəticəsi açıqlanmamış üzrxahlıq etmək tələskənlik idi. Bu hadisədən qısa müddət sonra Qarabağda hərbi əməliyyatlar dayanır və üçtərəfli bəyanat imzalanır. Hələ bu da ayrı sualdır ki, rus təyyarəsinin o zaman Naxçıvan səmasında nə iti azmışdı...
Anaxeber.info qeyd edir ki, Azərbaycan Rusiyaya münasibətdə hər zaman həssas olub. Rəsmi Bakı Moskva ilə əlaqələrə xələl gətirəcək heç bir addım atmayıb. Nə pislik olubsa, qarşı tərəfdən gəlib. Bizim rus xalqına və dövlətinə münasibətimiz məlumdur. Rus siyasətinə isə necə nifrət bəslədiyimizi ictimai rəydə görmək olar. Çünki tarix boyu Azərbaycana eləmədikləri pisliklər qalmayıb. Xalqın isə yaddaşı silinmir: 20 Yanvar, Xocalı, işğala dəstək, zaman-zaman təhdidlər, terror hədələri, müxtəlif siyasi basqılar - çar Rusiyasından ta bu günədək...
Amma insafən, etiraf etmək lazımdır ki, son illərdə Bakı-Moskva xəttində istiləşmə var. Qarabağ müharibəsinin nəticələri, bu il sülhməramlıların vaxtından tez gedişi, Ukrayna savaşına iki gün qalmış imzalanan strateji müttəfiqlik bəyannaməsi, Putinin avqustda Bakıya səfəri, liderlər səviyyəsində yüksək etimad, münasibətlərdə irəliləyiş xüsusi qeyd olunmalıdır. Bu ardıcıllıq qeyd olunmadan hadisələrə qiymət vermək də çətindir. Lakin nə olursa-olsun, dövlətlər arasında əlaqələr inkişaf etsin, Azərbaycan xalqı çar Rusiyasının, sovet Rusiyasının və müstəqil Rusiya Federasiyasının etdiyi pislikləri unutmur, unutmayacaq. Sonuncu belə qeyri-dost hərəkəti təyyarəmizi vurmalarıdır. Belə müttəfiqlik olmur, yoldaş Putin! Başınıza dəysin bu müttəfiqliyiniz ki, 39 nəfərin ölümünə səbəb oldu. Lənətə gəlsin bu müttəfiqlik ki, vurulan təyyarəni başlarından etmək üçün Qazaxıstana yönləndiriblər. Məsələnin ən xain hissəsi də budur. Lap deyək ki, rus hava hücumundan müdafiə sistemləri dronları zərərsizləşdirmək istəyəndə güllələr səhvən bizim təyyarəyə tuş gəlib, yaralı hava gəmimizin başqa limana eniş etməsinə icazə verilə bilməzdimi? Əgər müttəfiq müttəfiqi vurursa, sonra da izi itirmək üçün Xəzər dənizi üzərinə göndərirsə ki, orada batacaq, sübut qalmayacaq, onda belə Rusiya ilə münasibətlərə yenidən baxmaq lazımdır. Çünki Qroznı olmasın, olsun Mahaçqala, olsun Nalçik, olsun Mineralnıy Vodı hava limanları, yəni dispetçer bu aerportlardan birinə təyyarəmizi yönəldə bilməzdi? Hətta vətən qayıtmaq təlimatı verilə bilərdi. Ancaq əmr olunub ki, Aktauya uçun. Yəni Xəzərə düşsün, izi-tozu qalmasın. Bu, müttəfiqlik deyil, xəyanətdir, terrordur, cinayətdir. Səhvən törədilən hərbi cinayətin davam etdirilməsidir. Sadəcə, qəhrəman pilotlarımız Rusiyanın planlarını suya düşürüb, alt-üst edib, böyük fədakarlıq, peşəkarlıq nümayiş etdirərək Aktauya qədər uçublar, Xəzərin üzərindən keçiblər, ən azı 32 nəfərin həyatda qalmasına səbəb olublar. Həqiqətən də onlara yüksək adlar, ordenlər verilməlidir - bu işin mühüm tərəfi. Hadisəyə gəlincə, rusların daha bir cinayəti isə GPS naviqasiyasının marşrut boyunca bloklanmasıdır. Nəticədə əlaqə kəsilib, yalnız Xəzər dənizi üzərində bərpa edilib. Bütün hallarda, təyyarənin hansı şəraitdə, necə vurulmasından asılı olmayaraq, Rusiya dövləti, birbaşa Putin Azərbaycandan, xalqdan, zərər çəkənlərdən üzr istəməlidir. Bu ağayanlığı etməsələr, bu böyüklüyü göstərməsələr, Rusiya hərbi cinayət törətməsinə görə boyun qaçırmış olacaq. Onsuz da 3 ildir ki, Ukraynada müharibə cinayətlərinə yol verirlər və Kreml lideri üzərində hərbi cani kimi hərb orderi var. Amma bu savaş getdiyi gündən Bakı Moskvaya qonşu olaraq heç zaman xəyanət etməyib. Bəli, Ukraynanın ərazi bütövlüyünü beynəlxalq hüquqa əsasən tanıyırıq, arabir humanitar yardım edirik, lakin nə silah veririk, nə sanksiyalara qoşuluruq, əksinə, Rusiyaya görə bizi ittiham edirlər ki, guya onların qazını gizli şəkildə Avropaya satırıq. Yəni Azərbaycan anti-Rusiya koalisiyasında yer almayıb. Biz BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi Birliyinin tədbirlərində qonaq qismində iştirak edirik, Rusiya ilə ticarət dövriyyəmiz artır, Moskvadan dəvətləri rədd etmirik, təkliflərə İrəvandan fərqli olaraq, pozitiv yanaşırıq, nəticəsi bu olmalıdırmı? Təşəkkürü budurmu? Əgər Putin Rusiyası hikkəsindən Donbasın xarabalıqlarına, palçıqlı, bataqlıq yerlərinə tankları soxmasaydı, indi nə təyyarəmiz vurulardı, nə Çeçenistana dron hücumu olardı. Amma işğalçı tərəfin başladığı müharibə bumeranq effekti verərək özünə qayıdır, şəhərlərinə dron, raket hücumları olur, bundan həm də Azərbaycan zərər görür. Dünyanın ikinci ordusuna sahib olduğunu deyən, nüvəsi ilə öyünən Putin Rusiyası nə günə qalıb ki, Kurskda 6 aydır Ukrayna əsgəri var, şəhərləri bombalanır. Bizə isə belə bərbad müttəfiq lazım deyil. Ona görə də tez bir zamanda qarşı tərəfdən üzrxahlıq gözləyirik. Və bu da azdır, Rusiya dövləti bizə kompensasiya verməlidir. Azərbaycan hökumətinə gəldikdə isə Rusiyaya uçuş trayektoriyasını məhdudlaşdırmaq zamanıdır. Aydındır ki, tələbat var, insanlar gedib-gəlirlər, amma ən azı Şimali Qafqaza, Sibirə uçuşları dayandırmaq olar. Moskva haqda bunu demək çətindir, lakin fakt budur ki, şimal qonşu müharibənin içindədir və kim zəmanət verə bilər ki, bu hadisə təkrar olmayacaq?! Əgər quru sərhəd prezidentin dediyi kimi, təhlükəsizliklə bağlıdırsa, çünki bildirmişdi ki, şimala doğru savaş gedir və sərhədi bağlı saxlamaqla böyük fəlakətdən xilas olmuşuq, o halda, hava nəqliyyatından istifadəni də məhdudlaşdırmaq, istisna şəhərlərə reysləri saxlamaq olar...

Azər Talıbov

Anaxeber.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.