Sufiyan qaz elektrik stansiyasının fəaliyyəti dayandırılıb, İranda 13 elektrik stansiyası şəbəkədən çıxarılıb
30-12-2024, 16:44
Son həftələr İranda enerji çatışmazlığı məsələsi daha ciddi xarakter alıb. Belə ki, energetika naziri Abbas Əliabadiyə görə, ölkənin şimal yarısında 12-13 elektrik stansiyası yanacaq çatışmazlığı səbəbindən fəaliyyətini dayandırıb. Əsas yanacağı təbii qaz olan Şərqi Azərbaycan vilayətində yerləşən Sufiyan qaz elektrik stansiyası da bu səbəbdən fəaliyyətini dayandırıb.
Sufiyan qaz elektrik stansiyasının direktoru Əlirza Tağızadə bu xəbəri təsdiqləyib. Bu stansiyanın nominal gücü 100 meqavatdır və hər birinin gücü 25 meqavat olan dörd elektrik istehsal vahidindən ibarətdir. Hazırda bu stansiya elektrik şəbəkəsinin tələbatını ödəyə bilmir və fəaliyyəti dayandırılıb. Əslində, bu stansiya yanacaq çatışmazlığı səbəbindən bağlanan ondan çox elektrik stansiyasından biridir.
Energetika naziri Abbas Əliabadi jurnalistlərə verdiyi açıqlamada elektrik stansiyalarında yanacaq qıtlığının səbəbini izah edib: “Elektrik stansiyaları üçün müəyyən qədər ehtiyat yanacaq yığılıb, lakin bu kifayət etmir. Bu da o deməkdir ki, kombinə tsiklli elektrik stansiyalar kifayət qədər yanacaq ala bilmir. Yanacaq təmin edildiyi təqdirdə, elektrik enerjisinin təmini ilə bağlı heç bir problem olmayacaq və Neft Nazirliyi yanacağın təmin edilməsi üçün proqramlar hazırlayır”.
O, ölkədə enerji çatışmazlığı ilə bağlı hökumətin planlarına toxunaraq, Türkmənistana son səfəri barədə məlumat verib və ölkənin ehtiyaclarını ödəmək üçün Türkmənistandan maksimum elektrik enerjisi transferi ilə bağlı müqavilə bağlandığını açıqlayıb.
Nazir həmçinin bildirib ki, ölkənin hazırkı prioriteti elektrik enerjisi və evlərin istilik yanacağı ilə təmin edilməsidir. Əliabadi soyuq mövsümün daha çətin keçdiyi ölkənin şimal hissəsində vəziyyəti “narahatedici" olaraq qiymətləndirib və deyib ki, "ölkənin şimal hissəsində bu məsələyə daha çox diqqət yetirilir".
Ölkənin müxtəlif mənbələri elektrik enerjisi istehsal edən stansiyaların 80-90 faizinin təbii qazdan asılı olduğunu bildirirlər. Bu rəqəmlər ölkənin elektrik enerjisi istehsalı üçün təbii qaza ciddi şəkildə bağlı olduğunu göstərən əhəmiyyətli bir göstəricidir.
İSNA xəbər agentliyinin məlumatına görə, hazırda ölkədəki təxminən 140 böyük elektrik stansiyasından yalnız 14-ü mazutdan istifadə edə bilmək üçün dizayn edilmiş, bu da ölkədəki stansiyaların cəmi 10 faizinə bərabərdir. İran bir neçə ildir ki, elektrik stansiyalarının təbii qazla təmin edilməsi ilə bağlı problemlər yaşayır və bu il bu problemin daha da kəskinləşdiyi görünür. Elektrik stansiyalarına təbii qazın tədarükünün azalması mazutdan istifadənin kəskin artmasına səbəb olub. Energetika Nazirliyinin məlumatına görə, elektrik stansiyalarında maye yanacaq istehlakı keçən illə müqayisədə təxminən 70 faiz artıb.
Mazutdan istifadənin şəhərlərdə əhalinin sağlamlığına və ətraf mühitə yaratdığı problemlərlə yanaşı, bu yanacaqla işləyə bilən stansiyaların ümumi gücünün məhdud olması enerji çatışmazlığının həllini bu yolla imkansız edir.
Nəticədə ölkə elektrik kəsintiləri ilə üzləşməyə davam edir. Hökumət evlərdə və sənaye müəssisələrində, o cümlədən polad sənayesində elektrik kəsintiləri, eləcə də dövlət idarələri və məktəblərin bağlanması ilə yanaşı, dövlət qurumlarında enerji istehlakına qənaət etmək üçün müxtəlif proqramlar həyata keçirir.
Son zamanlar hökumət "İki dərəcə az" adlı milli kampaniya başladıb. Bu kampaniyaya əsasən, hökumət və ölkə prezidenti Məsud Pezeşkian bütün vətəndaşlardan istilik cihazlarının temperaturunu iki dərəcə azaltmağı xahiş edir.